Loading...
Loading...
Cəmiyyət

“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri ilə MÜSAHİBƏ

“Valideynlər dəb olduğu üçün uşaqlarını oxudurlar”

“Xaricdə təhsil almağa gedənləri qınamaq lazım deyil. Çünki həmin universitetlər mütəxəssis yetişdirirlər”.

Bunu müsahibəsində sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Müsahibəni təqdim edirik:

– Firudin bəy, gənclərimiz qəbul imtahanlarından çəkinirlər, bəzən isə bu onları qorxudur. Qorxunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

– Mən həmişə demişəm, yenə də deyirəm ki, ümumiyyətlə qəbul imtahanını ləğv etmək lazımdır. Kim oxumaq istəyirsə, sənədlərini versin, oxusun. Birinci semestrdən məlum olacaq ki, bu insan oxuya bilir, ya yox. Oxuya biləcəksə, davam edəcək. Ən humanist seçim budur. Qəbul imtahanı olmadan universitetlərə yol açmaq lazımdır. Adətən universitetə qəbul asan, orada oxumaq çətin olmalıdır. Bir fakültəyə 100 adam qəbul olarsa, yalnız 60-ı bitirə bilir. Bu, normal göstəricidir.

Ali məktəblərə qəbul qaydalarının dəyişilməsi ilə bağlı fikirlər səslənir. Tez-tez test üsulunun ləğvini təklif edirlər. Siz nə düşünürsünüz?

– Testi vaxtı ilə mən gətirdim. 2000 tələbəni testdən keçirib, Türkiyəyə göndərdim. 1992-ci ildən daha sonra isə imtahanlar da tətbiq olundu. Çox yaxşı şəkildə icra olundu. O vaxt test imtahanları lazım idi. Çünki universitetlərdə rüşvət baş alıb gedirdi. Qəbul imtahanları biabırçı şəkildə idi. Kasıbların uşaqları da qəbul olsunlar deyə test üsulunu təklif etdim. Lakin fikirləşirdim ki, bu daimi olmamalıdır. İmtahanlar ümumiyyətlə ləğv olunmalıdır. Yəni beyinlərində şəxsin özündən asılı olan proses olduğunu yeritmək lazımdır. O inamı yaratdıqdan sonra imtahanı ləğv etmək lazımdır.

– Son zamanlar xaricə oxumaq üçün üz tutanların sayı artıb. Əvvəllər ali məktəblərə qəbul ola bilməyənlər gedirdilərsə, indi az bal toplayanlarla yanaşı, maksimum nəticə göstərənlər də xaricə, qonşu ölkələrə üz tuturlar. Bu nə ilə bağlıdır? Gənclərimizin xaricə üz tutmalarının əsas səbəbi nədir?

– Belə məsələlərə normal baxmaq lazımdır. Xaricdə oxumağa getmək istəyənləri qınamaq lazım deyil. Çünki xaricdə elə universitetlər var ki, oradan mütəxəssislər çıxır. Kimsə yaxşı təhsil almaq istəyirsə, ora gedir. Bu normaldır. Az bal toplamasının önəmi yoxdur. Ümumiyyətlə, universitetlərdə rəqabət yaratmaq lazımdır. Dünyada rəqabətli universitetlər çoxdur. Rəqabəti universitetlər özləri yaratmalı, keyfiyyət uğrunda iş aparmalıdırlar.

– Bir neçə il öncəyə nəzər yetirsək, görərik ki, maksimum nəticə göstərənlərin sayı azalıb. Sizin fikrinizcə, azalma tendensiyası nə ilə bağlıdır?

– Bu, təhsilin səviyyəsinin aşağı düşməsini göstərən amildir. Ayrı izahı yoxdur. Hər iki gündən bir eksperiment aparmaq olmaz. Yüz ölçüb, bir biçmək lazımdır. Son 30 ildə təhsilin başına olmazın oyunlar açıblar. Təhsildən xəbəri olmayan adamları rəhbər vəzifələrə gətiriblər. Ona görə də təhsil bu günə düşüb. Təhsildə sanballı islahat aparmaq lazımdır. Elə sistemə keçmək lazımdır ki, o sistem davamlı olsun. 1992-ci ildə ilk dəfə təhsil haqda qanun qəbul etdik. Beynəlxalq universitetlər onu çox yüksək qiymətləndirdilər. Lakin qanunu işlətmədilər. Qanunda olan bəndlərin heç biri işlənmədi. Biz orada qeyd etmişdik ki, universitetlərin rektorları seçki ilə olmalıdır. Kollektiv özü seçməlidir. Rektorlar bəzən universitetlərə öz şəxsi mülkləri kimi baxırlar.

Gözdən qaçırmayın:  Azərbaycan əhalisi: Son 10 ildə nə dəyişib

– Son illər hər kəs ali təhsil almağa can atır. Niyə peşə təhsilinə və ya kolleclərə yox, universitetlərə axın güclənib. Səbəb nədir?

– Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı çoxalıb. Biz dəbə meyilli olan bir xalqıq. Qızlar diplom alırlar ki, desinlər ki, bunun ali savadı, diplomu var. Oğlanların çoxu da əsgər getməməyin dərdindən oxuyur. Bunlar oxumaq üçün yox, saydığım səbəblərə görə universitetlərə qəbul olurlar. Və ya valideynləri deyirlər ki, qonşunun uşağı oxusun, mənimki yox? Hər kəs doqquz il oxumalıdır. Davam etdirmək artıq onun qabiliyyətindən asılıdır. Şəxs mütəxəssis ola bilər, ya yox – o, müəyyən edilməlidir.

– Orta təhsil müəssisələrində rus dilinə maraq artıb. Hətta rus dilini bilməyənlər belə, övladlarını o dildə təhsil almağa yönəldirlər. Bu dəb nə vaxta qədər davam edəcək?

– Övladını rus dilində oxutmaq istəyən insanları heç cür başa düşə bilmirəm. Sovet dönəmində rus dilini bilməyənə vəzifə vermirdilər. İndi isə elə deyil. Dövlət dili Azərbaycan dilidir. Sən övladını ana dilində oxutmursansa, deməli, dövlətini və ana dilini sevmirsən. Sən manqurtsan. Bunun ayrı izahı yoxdur. Başa düşmürlər ki, övladlarını bədbəxt edirlər. Əgər uşaq ana dilini yaxşı bilmirsə, onun inkişaf etmək şansı yoxdur.

– Ötən tədris ilinə nəzər yetirsək, görərik ki, məktəblərdə neqativ hallar artıb. Bunu bəzən təhsil ocaqlarında kişi müəllimlərinin sayının azlığı ilə bağlayırlar. Məktəblərə kişi müəllimlərini cəlb etmək üçün nə etmək lazımdır?

– Ümumiyyətlə, orta məktəblərdə kişi müəllimlərin sayı daha çox olmalıdır. 1990-1992-ci illərdə belə bir tendensiya başlamışdı. Müəllimlərin maaşının az olduğu deyilirdi. Kişi müəllimlər orta məktəbdən gedirlərsə, artıq orta məktəb təhsili bərbad vəziyyətə düşəcək. O zaman bu tendensiyanı aradan qaldırmaq üçün müəllimlərin maaşını üçqat artırdıq və kommunal xərclərdən azad etdik. Orta məktəbdən gedən kişi müəllimlərin çoxu işinə qayıtdı. Onun qarşısını o vaxt aldıq. İndi də kişilər gedirlərsə, fikirləşmək lazımdır ki, niyə gedirlər. Neqativ hallar tək təhsil sistemində deyil.

– Sizcə, gənclərin savadlı olması üçün nə etmək lazımdır?

– Təhsilə investisiya etmək lazımdır. Çünki başqa sahələrə qoyulan pul bir-iki ilə nəticəsini göstərir. Bu gün müəllimlərin maaşı qaneedici deyilsə, təhsildən nə gözləməliyik? Bu, həyatın qanunudur. Dövlət qayğısı olmalıdır. İmkanlar yaradılmalıdır. Nazirliyin imkanlarını artırmaq lazımdır. (oxu.az)

24 saat” ““Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri ilə MÜSAHİBƏ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button