Loading...
Loading...
Dünya

‘Amerika arzusu’ dalınca təhlükəli yola çıxan qırğızlar

Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 26 minədək qırğızıstanlı ABŞ-da yaşayı

Təhlükəli yollarla Meksikadan keçərək ABŞ-a daxil olmağa çalışan Qırğızıstan vətəndaşlarının sayı get-gedə artır. Onlar insan qaçaqçılarına minlərlə dollar ödəyirlər. Bəziləri Meksika həbsxanalarına düşür, bəziləri isə hətta ABŞ-a keçdikdən sonra belə deportasiya ilə üz-üzə qalır.

Aysalkın və ailəsi Qırğızıstandan Meksikaya getmək, oradansa qanunsuz yolla ABŞ-a keçmək üçün insan qaçaqçılarına minlərlə dollar pul ödəyib. Onun ailəsi, yəni özü, əri və iki balaca uşağı ABŞ-Meksika sərhədini keçmək üçün 17 uğursuz cəhd edib. Bu yay onlar nəhayət sərhədi keçə biliblər.

Tam adını vermək istəməyən Aysalkın deyir ki, onlar ABŞ sərhədini keçmək üçün “lağımın içi ilə maşın sürməli” və gecə vaxtı “hasarın altı ilə sürünməli” olublar.

Hər il Qırğızıstandan Meksikaya gələrək oradan ABŞ sərhədini keçməyə çalışan qanunsuz mühacirlərin sayı yüzlərlədir. Bunun üçün səyahət agentlikləri və insan qaçaqçılarına pul ödəyən miqrantların təhlükəli səyahəti aylarla çəkə bilər. ABŞ-dakı qırğız diasporunun üzvləri bildirir ki, bu mühacirlərin bəziləri Meksikada həbsxanaya düşür, bəziləri isə yolda ölür.

ABŞ-a keçə bilənlərin də həyatı qəfildən asanlaşmır. Onların bəziləri deportasiya olunmaq təhlükəsi ilə üz-üzə qalır, bəziləri isə burada qanunsuz miqrant kimi yaşamalı olur. Onların immiqrasiya dinləmələri illərlə çəkə bilər, sığınacaq alacaqlarına isə qarantiya yoxdur.

Bütün bu risklərə baxmayaraq, çox sayda Orta asiyalı miqrant ABŞ-a keçmək cəhdlərindən əl çəkmək istəmir.

Meksikadan ABŞ-a keçən qırğız miqrantların dəqiq sayı məlum deyil. Çünki Aysaklın da daxil olmaqla bir çoxlarının Rusiya pasportu var. Qanunsuz miqrantların çoxu Rusiyadan yola düşür. Onlar Rusiyadakı özəl şirkətlərə pul ödəyərək bir neçə ölkədən keçərək Meksikaya gedirlər.

“Biz Soçidən İstanbula, sonra da Meksikaya, Kankuna uçduq. Sonra Tixuana və Mexikaliyə getdik. Tixuanada [qaçaqçılar] Amerika sərhədini keçməyə kömək etmək üçün hər böyüyə 2 min dollar, hər uşağa 800 dollar istədilər. Biz dəfələrlə cəhd elədik. Ayaqla, iki dəfə isə maşınla getməyə cəhd etdik. 17-ci uğursuz cəhdimizdə sərhədçilər maşınımızı müsadirə etdilər”, – Aysalkın deyir.

Ailə bir neçə gün ABŞ-da təcridxanada saxlandıqdan sonra azad edilərək immiqrasiya dinləməsini gözləməyə başlayıb.

Aysalkıngilin səfəri bir çox başqa qırğız mühacirlərə nisbətən asan olub. ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən qırğız diaspor qrupunun koordinatoru Jakşılık Murat deyir ki, onların arasında aylarla Meksika həbsxanalarında yatanlar, soyulanlar, döyülənlər və hətta həyatını itirənlər var.

Muratın sözlərinə görə, 2008-ci ildə o, Çikaqoya yeni gələndə burada yaşayan qırğızların sayı onlarla idi. Hazırda isə bu rəqəm 10 minə yaxındır. Onların 2 minə qədəri Çikaqoda doğulan uşaqlardır.

Gözdən qaçırmayın:  Şengen vizası almaq istəyən rusiyalıların sayı kəskin artır

“Son iki ildə Meksikadan keçib gələn çox sayda qırğızla tanış olmuşam. Onların çoxu kömək üçün bizə müraciət edib. Biz mənəvi dəstək verə bilirik, ancaq maliyyə yardımı edə bilmirik”, – Murat deyir.

Murat qeyd edir ki, 2008-2015-ci illər arasında Qırğızıstandan bütöv bir tələbə dalğası ABŞ-a gəlib və onların çoxu tələbə vizaları bitəndən sonra geri qayıtmayıb. Onun sözlərinə görə, bu, ABŞ-ın qırğızıstanlı tələbələr üçün təhsil proqramlarının bir çoxunu ləğv etməsinə səbəb olub. Qırğızıstanlı tələbələrin viza alması da çətinləşib.

Murat Qırğızıstan vətəndaşlarını ABŞ-a köçmək üçün yalnız qanuni yollardan istifadə etməyə çağırıb. Bura “Green Card” lotereyasına müraciət etmək də daxildir. O həmçinin həmvətənlərini ABŞ-dakı iqtisadi imkanlarla bağlı gözləntilərə realist yanaşmağa çağırıb.

Nəqliyyat şirkətinin sahibi olan Murat deyir ki, qırğızların çoxunu “bəzi blogerlərin yaydığı yanlış məlumatlar” şirnikləndirir. Bu məlumatlarda onların ABŞ-da ticari yük maşınlarını sürməklə ayda 25 – 30 min dollar qazana biləcəyi deyilir. Qırğızıstanda orta sürücü ayda 60 – 120 dollar qazanır.

“Reallıqda ABŞ-da yük maşını sürücüləri yanacaq, icarə və sığorta xərclərini ödədikdən sonra ayda 10 min dollar qazana bilirlər. Ancaq əvvəlcədən gözlənilməyən xərclər də var. Məsələn, maşın qırıla və ya başqa qəzalar baş verə bilər. Bundan başqa son zamanlar inflyasiyaya görə burada yük nəqliyyatı işi zəifləyib”, – Murat deyir.

Orta Asiyanın ən yoxsul ölkələrindən biri olan Qırğızıstanda yoxsulluq, korrupsiya və imkanların azlığı bəzi insanları daha yaxşı həyat dalınca xaricə üz tutmağa vadar edib. Rəsmi rəqəmlərə görə, 1,2 milyona qədər Qırğızıstan vətəndaşı xaricdə çalışır. Onların böyük əksəriyyəti Rusiyada işləyir. Ölkə əhalisinin ümumi sayı isə cəmi 6,7 milyon nəfərdir.

Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 26 minədək qırğızıstanlı ABŞ-da yaşayır. Ancaq bu rəqəmin ABŞ-a həm Rusiya pasportu ilə gələnləri, həm də bu ölkədə qanunsuz yaşayanları əhatə edib-etmədiyi dəqiq bilinmir.

Hökumət dəfələrlə vətəndaşları ABŞ və digər ölkələrə qanunsuz yollarla köçməyə cəhd edərək həyatlarını riskə atmamağa çağırıb.

ABŞ-a Meksikadan keçməyə çalışan miqrantların əksəriyyəti Mərkəzi və Cənubi Amerikadandır. Ancaq son illərdə Afrika və Asiyadan gələn insanların da bu təhlükəli yolu seçməsi halları çoxalmaqdadır.

24 saat” “
‘Amerika arzusu’ dalınca təhlükəli yola çıxan qırğızlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button