2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Arif Hacılının oğlu həbsdə qaldı

Orxan Hacılının şikayəti təmin olunmadı

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının şikayəti təmin olunmayıb. Onun istintaq dövründə həbsdə saxlanması barədə Yasamal Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb. Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanıb.

Vəkil Nemət Kərimli qərarı qanunsuz və əsassız sayır. Müdafiəçi deyir ki, Orxan Hacılıya ittiham verilən Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bu maddələrdə cərimə və başqa alternativ cəzalarla yanaşı, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub:

Saytların yığılması Saytlarin yigilmasi

“Qanun da deyir ki, böyük ictimai təhlükə törətməyən cinayətlərdə ittiham olunan şəxslər haqqında yalnız onun cinayət təqibi orqanından qaçıb gizlənməsiylə bağlı əsaslı şübhələr olanda həbs qətimkan tədbiri seçilə bilər. Orxan Hacılı hadisədən sonra bir neçə dəfə Yasamal Rğayon Polis İdarəsinə çağırılıb və hər dəfə də gedib, izahatını verib. Bu da sübut edir ki, o, yayınmayıb. Onun haqqında həbs qətimkan tədbiri seçilməsi də, bu gün həmin qərarın qüvvədə saxlanması da tam əsassız və qanunsuz qərarlardır”.

Nemət Kərimli müvəkkilinin təqsirsiz olduğunu deyir. Vəkilin sözlərinə görə, hadisə yerinin videogörüntüləri sosial şəbəkələrdə və müxtəlif saytlarda yayılıb:

“Yayılan videoda da açıq şəkildə görünür ki, Orxan Hacılının idarə etdiyi avtomobilin qarşısına qəfildən, xəbərdarlıq işığını yandırmadan maşın çıxır və sola dönür. Bu zaman qəza baş verir. Orxan Hacılı hadisədən sonra düşüb, orada ziyan dəyən avtomobillərin sürücülərilə görüşüb. Yəni hadisə yerindən qaçma ittihamının da heç bir əsası yoxdur. O görüntülərdə hadisə vaxtı kiminsə xəsarət aldığı görünmür. İndi deyirlər ki, həmin vaxt səkidə oturubmuş, hadisədən 2 saat sonra xəstəxanaya gedib. O zaman niyə 20 gün ərzində Orxan Hacılıya deyilmirdi ki, hadisə nəticəsində xəsarət almış belə bir zərərçəkmiş var?”

Vəkil Nemət Kərimli növbəti hüquqi addım olaraq, müvəkkilinin ev dustaqlığına buraxılması üçün vəsatət vermək niyyətindədir.

Orxan Hacılı özü də ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, atasının siyasi fəaliyyətinə görə qisas məqsədilə cəzalandırıldığını düşünür.

Elə Müsavat başqanı Arif Hacılının özü də bu fikirdədir. O bildirib ki, oğlu Müsavat partiyasının üzvü olsa da, aktiv siyasi fəaliyyətlə məşğul deyildi. Müsavat başqanı hesab edir ki, oğlu onun siyasi fəaliyyətinə görə həbs olunub:

“Mən 30 ildən artıqdır ki, siyasi fəaliyyətlə məşğulam. Uzun illərdir ki, mənim yaxınlarım təzyiq altında olub. Qardaşlarım dəfələrlə həbs edilib. Bir qardaşım – Mustafa Hacıbəylinin üzərində bu gün də saxta ittihamla şərti cəza var, ölkədən çıxa bilmir”.

Arif Hacılı bildirir ki, Bakıda bu cür avtomobil qəzaları tez-tez olur. Belə qəzaya görə həbs halları demək olar, yoxdur:

“Yol qəzalarında ölüm halı yoxdursa, adətən istintaq dövründə həbs qətimkan tədbiri seçilmir. Orxan hadisədən sonra 4-5 dəfə Yasamal rayon Polis İdarəsində olub, nə vaxt çağırıblarsa, gedib. Onun barəsində həbs qətimkan tədbiri seçməyə nə ehtiyac vardı? Bu iş o qədər ağ saplarla tikilib ki, siyasi sifariş olduğunu görməmək mümkün deyil”.

Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində – metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Yayılan videoda görünür ki, Orxan Hacılının idarə etdiyi avtomobil onun önündə manevr edərək, sola dönən başqa bir avtomobilə çırpılır. Daha sonra zərbənin təsirindən yolun kənarında dayanmış başqa maşınlara dəyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button