2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP hakimiyyəti azad seçki mühitinin yaradılması üçün islahatlara çağırır

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Bəyanat bu partiyanın dekabrın 16-da keçirilən qurultayında qəbul edilib.

AXCP bəyan edir ki, “hazırkı repressiya, kütləvi həbslər və qorxu mühitində ölkədə azad və ədalətli seçkilərin keçirilməsi mümkün deyil”.

“İlham Əliyevin 7 fevral 2024-cü ilə təyin etdiyi növbədənkənar seçki gerçək seçki yox, seçki tamaşası olacaq. AXCP bu tamaşada iştirak etmək niyyətində deyil. AXCP gerçək seçkilərdə iştiraka həmişə hazırdır, lakin heç vaxt seçki tamaşasında rol almayacaq. AXCP 7 fevral 2024-cü ilə təyin edilən seçkiləri boykot edir və xalqımızı da bu saxta seçkiləri boykot etməyə çağırır. AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir və ölkədə gerçək seçkilərə nail olmaq üçün mübarizəsini, hakimiyyətə təzyiqlərini davam etdirəcək”, bəyanatda qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP hakimiyyətdən bir daha tələb edir ki, ölkədə azad və ədalətli seçkilərə şərait yaratsın, bunun üçün vacib olan islahatlara başlasın.

Sənəddə deyilir ki, son 3 ildə artıq ikinci dəfədir ki, ölkənin və xalqın maraqları baxımından hər hansı ehtiyac olmadığı halda növbədənkənar seçkilər keçirilir.

AXCP bəyan edir ki, hazırda ölkədə hər hansı seçki mühiti və ab-havası mövcud deyil.

“Əksinə siyasi durum bütün əvvəlki illərdə olduğundan daha pis və qeyri-demokratikdir. Bu ilin yaz aylarından bəri ölkədəki siyasi məhbusların sayı 2 dəfədən də çox artıb. Hazırda Azərbaycan həbsxanalarında 250 nəfərdən çox siyasi məhbus var. Təkcə növbədənkənar seçkilərin elan edildiyi 7 dekabrdan bəri 2 jurnalist, 1 ictimai fəal və 1 siyasətçi – Teymur Kərimov, Hafiz Babalı, Möhyəddin Orucov və Tofiq Yaqublu həbs olunub. Son bir neçə ayda həbs edilən jurnalist və ictimai fəalların sayı 10 nəfərə çatıb. AXCP-nin də 10 nəfər üzvü hazırda siyasi məhbus həyatı yaşayır”.

AXCP hesab edir ki, ölkədə azad media demək olar ki, tamamilə məhv edilib.

“İlham Əliyev indi azad medianın ən son və kiçik qalıqlarını da sıradan çıxarmaqla məşğuldur. Bu məqsədlə media haqqında yeni, mürtəce qanun da qəbul edilib. Sərbəst təşkilatlanma və toplaşma azadlığı insanların əlindən alınıb. 5 ilə yaxındır ki, ölkədə mitinq və yürüşlər tam olaraq qadağan edilib. Müxalif siyasi partiyaların fəaliyyət imkanları daha da məhdudlaşdırılıb. Bu məqsədlə də xüsusi qanun qəbul edilib”, bəyanatda qeyd edilir.

Partiyanın qənaətincə, işgəncə və polis zorakılığı ölkədə idarəetmənin əsas prinsipinə çevrilib.

“Rejimin hətta Azərbaycandan kənardakı tənqidçiləri də fiziki və mənəvi terrora məruz qalır. Ölkədə total qorxu mühiti yaradılıb.

Seçkilərə hakimiyyətdən başqa müxtəlif maraq qruplarının nəzarət imkanı yoxdur. Seçki komissiyaları tam tərkibdə hökumətin nəzarətindədir. Seçkiləri müşahidə etmək, seçki şikayətlərinə baxmaq mexanizmi yoxdur”, sənəddə qeyd edilir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə demokratik azadlıqların, azad və ədalətli seşkilərin keçirilməsi üçün mühitin tam təmin edildiyini bildirir. Rəsmi Bakı insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bəyan edir.

Bununla yanaşı, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətinin insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətini kəskin tənqid edir. Azərbaycan iqtidarını siyasi məhbus kimi tanınan şəxsləri azadlığa buraxmağa çağırır. Yerli hüquq müdafiə təşkilatları ölkədə iki yüzdən çox insanın siyasi motivlərlə həbs edildiyini bildirir. Son günlərdə isə 8 jurnalist həbs edilib.

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Elman Nəsirov bildirib ki, Müsavat-AXC hakimiyyəti dövründə ölkədə demokratiya olmayıb.

“O dövrdə ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174 faiz, 1993-cü ildə isə 1080 faizə çatmışdı. 1993-cü ildə ÜDM cəmi 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi”, o deyib.

Nəsirovun fikrincə, ölkədə demokratik quruculuuq Əliyevlərin hakimiyyəti dövrünə təsadüf edir.

“1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkımizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi”, o qeyd edib.

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button