2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azər Qasımlı: Avropa Şurasında verilən qərar kollektiv Qərbin Azərbaycanla bağlı addımıdır

İsa Qəmbər: “Beynəlxalq təşkilatların birindən ayrılmaq digərləri ilə əlaqələri məhdudlaşdıracaq”

Emil Məmmədli

Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda ölkə prezidenti İlham Əliyev Avropa Şurasını tərk etməyin mümkünlüyü barədə bəyanat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Prezident İlham Əliyev AŞPA-da anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

İlham Əliyev bəyan edib ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir, əks təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Foto: president.az

AŞPA Azərbaycanın qurumu Prezident seçkilərində müşahidəçi kimi dəvət etmədiyinə, jurnalist və siyasi motivli həbslərə görə ölkənin nümayəndə heyətinin hüquqlarını bir il müddətinə məhdudlaşdırıb.

Bundan sonra Azərbaycan mediasında Avropa Şurasının əleyhinə yazılar dərc edilməyə başlayıb, deputatlar bəyanatlarla çıxış edirlər. Hökumətə yaxın mətbuata Azərbaycanın Avropa Şurasından çıxa bilmək ehtimalının müzakirə edilməsi haqqında məlumatlar sızdırılıb.

“Avropa Şurasından çıxmaq Azərbaycanın maraqlarına uyğun deyil”

Məsələni Meydan TV-yə şərh edən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Avropa Şurasını tərk etməyin nə dərəcədə real olması barədə sualı cavablandırmağa çətinlik çəkdiyini bildirib.

İndi dünyada gözlənilən və gözlənilməyən hadisələr baş verir. Amma Azərbaycanın Avropa Şurasından çıxması Azərbaycanın maraqlarına uyğun deyil. Hesab edirik ki, Azərbaycanın uğurları həm də çağdaş dünyayla bütünləşməkdən keçir. Bu, o deməkdir ki, dünyanın əsas mərkəzi, aparıcı dövlətləri ilə münasibətləri inkişaf etdirmək maraqlarımıza cavab verir”, – o deyib.

İsa Qəmbər hesab edir ki, bu gün Avropa Şurasından çıxmaq yox, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq barədə, Avropa İttifaqına yaxın gələcəkdə mümkün qədər daxil olmaq haqqında düşünmək gərəkdir.

Avropa Şurasından çıxacağı təqdirdə Azərbaycanın qarşılaşacağı fəsadlara toxunan İsa Qəmbər qeyd edib ki, özü-özlüyündə yalnız bu addımla qeyri-adi dəyişikliklər baş verməyəcək.

İsa Qəmbərİsa Qəmbər
Foto: Meydan TV

Sadəcə, Azərbaycanın mövqeyinin səslənməsi üçün platformaların biri əlimizdən çıxmış olacaq, vətəndaşların hüquqları ölkə məhkəmələrində təmin olunmadığı halda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı əldən çıxacaq”, – mərkəz rəhbəri bildirib.

O vurğulayıb ki, Avropa Şurası, yaxud başqa beynəlxalq təşkilatlar – ATƏT, Aİ, NATO, BMT – bunların hər birinin ayrı mövqeyinin olması ilə yanaşı çağdaş dünyanın bütöv bir şəbəkəsidir. İsa Qəmbər deyib ki, ona görə də bu təşkilatların hər hansı birindən ayrılmaq dünyayla bütünləşmək imkanlarını azaldacaq, əlaqələrini məhdudlaşdıracaq.

“Mən hesab edirəm ki, Azərbaycan həm haqlı, həm də güclü olmalıdır. Haqlı olmağın yolu beynəlxalq hüquqa əsasən fəaliyyət göstərməkdir, necə ki, Azərbaycan Qarabağ məsələsində haqlıdır, beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda, qaliblərlə, güclülərlə bir yerdə olmaq lazımdır. Əslinə qalsa, Ukrayna ilə Rusiya arasında savaşda da haqlı tərəf Ukraynadır, beynəlxalq birlikdir. Ona görə də Azərbaycan da haqlı və güclü olmaqla bərabər haqlı və güclülərin yanında olmalıdır”, – İsa Qəmbər bildirib.

“Avropa Şurasından Azərbaycanın çıxması digər beynəlxalq təşkilatlarla da münasibətlərə mənfi təsir göstərəcək”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə hesab edir ki, Azərbaycan iqtidarı indiki mərhələdə belə addım atmayacaq:

“Nə qədər də geopoltik seçimlərini Rusiyadan yana etsələr, hər halda Qərb institutları ilə münasibətlərini pis səviyyəyə gətirməyəcəklər. Bununla belə, Avropa Şurası Azərbaycanı qurumdan kənarlaşdıra bilər. Hətta gələn ilin yanvar ayının qış sesiyasını gözləmədən yazda bu qərarı verərlər. O da Ermənistan-Azərbaycan münasibətlərindən, sülh sazişinin imzalayıb-imzalamamasından, sərhəddə atəşkəsin pozulub-pozulmamasından, o cümlədən, Moskva-Bakı münasibətlərinin nə dərəcədə yaxınlığından asılıdır”.

Azər Qasımlının sözlərinə görə, Azərbaycanın Avropa Şurasından çıxması o deməkdir ki, ölkə vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edə bilməyəcəklər, ümidləri ədalətli qərar çıxarmayan yerli məhkəmələrə qalacaq.

Azər QasımlıAzər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Bundan başqa, ölkə olaraq Azərbaycan xarici siyasət strategiyasını tamamilə dəyişəcək. Bu, Azərbaycanın gələcəyinin dumanlı və 200 il əsarətində qaldığı Rusiyanın yanında olacağı deməkdir. Beləliklə, Azərbaycan tamamilə avtoritar klub üzvü olur, demokratik dünya, Qərb institutları ilə münasibətlər minimuma endiriləcək”, – o deyib.

Ekspert qeyd edib ki, hadisələrin belə gedişatının ATƏT-lə münasibətlərə də təsiri olacaq.

“Çünki hamısı Qərb instututlarıdır. Təbii ki, onların Azərbaycana münasibətləri dəyişəcək, seçkilərə missiyalarını göndərməyəcəklər. Azərbaycan Rusiya və Orta Asiya ölkələri səviyyəsinə endiriləcək. Avropa Şurasında verilən qərar kollektiv Qərbin Avropa Şurası səviyyəsində atılan addımıdır. Yəni ardınca Avropa Birliyindən, Avropa Komissiyasından da bu tipli qərarlar çıxa bilər. Məsələn, qaz müqaviləsi ləğv oluna bilər, Brüssel birtərəfli olaraq müqavilədən çıxa bilər, sanksiyalar elan edər. Təbii ki, ABŞ da buna qoşulacaq. İrəlidə Qərb koalisiyası Azərbaycanı özünün tərəfdaşı olmayan, aqressor Rusiyanın müttəfiqi kimi qəbul edəcəklər. Bununla Yaponiya, Avstraliya, Kanada, Cənubi Koreyanın da münasibətləri tədricən dəyişəcək”, – Azər Qasımlı bildirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button