ÖLKƏ

Azərbaycan orduya məxsus avtomobilin atəşə tutulduğunu deyir

Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açıldığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, olay oktyabrın 13-ü saat 14:00 radələrində Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonuna hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanına qarşı baş verib: “…Avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Atəş nəticəsində kolonun önündə hərəkət edən Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “Niva” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur”.

Açıqlamaya görə, azad olunan ərazilərdə mülki infrastrukturun bərpası üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının atəşə tutulması yolverilməzdir: “Bu insidentin araşdırılması üçün Azərbaycanın Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və RusiyaTürkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib”.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Azərbaycanın işğaldan azad edilən Ağdam rayonunda isə RusiyaTürkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button