Siyasət

Azərbaycan Polşanın mühüm tərəfdaşıdır – Rau

Loading...

Bakı/23.09.21 BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində dünən xarici işlər naziri Ceyhun Bayramov Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə görüşüb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıqla bağlı məsələlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Tərəflər görüş zamanı Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində iştirakla bağlı məsələləri müzakirə ediblər, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Bundan başqa, Polşanın qarşıdan gələn il ATƏT-ə sədrliyi ilə bağlı, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bayramov həmkarına 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaranmış yeni reallıqlar və cari regional təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasından bəhs edib. O, Azərbaycanın bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd edib.

Bununla belə, Bayramov Ermənistanın hələ də bölgədə sabitliyə əngəl yaratdığını və təxribatlarını davam etdirdiyini söyləyib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Zbiqnyev Rau bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib. O, Azərbaycanın Polşa üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. -06D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button