Loading...
Loading...
Xəbərlər

Azərbaycanda təhsil elektron formata keçəcəkmi?

Bakı/15.12.21 Dünyanın qabaqcıl ölkələrində məktəblər artıq elektron dərsliklər sisteminə keçid edir. Cənubi Koreyada adi kağız dərslikləri elektron dərsliklər əvəz edib, ABŞ-da da həmin proses davam edir. ABŞ mütəxəssisləri qeyd edir ki, bununla həm qənaət etmək (ölkədə kağız dərsliyin bir nüsxəsinin qiyməti 30-100 dollar civarındadırsa, elektron dərsliyin qiyməti 4 dollardır), həm də dərsi daha yaxşı mənimsəmək olar. Artıq Rusiya da elektron dərsliklər sisteminə keçəcəyini bəyan edib. 

Azərbaycanda isə adi kağız dərsliklərdə tez-tez səhvlərin olması, kitabların 1-2 ilə istifadə üçün yararsız hala düşməsi barədə fikirlər səsləndirilir. Bəzi ekspertlər isə iddia edir ki, dərsliklərdən siyasi məqsədlərlə ideoloji vasitə kimi istifadə edilir.  

Ölkədə dərsliklərlə vəziyyət necədir? 

Təhsil Nazirliyindən Turana bildirilib ki, dərslik siyasətini siyasətin uğurla həyata keçirilməsi üçün qurum tərəfindən daim dərsliklərin məzmun keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. “Mövcud qaydalara görə, orta məktəblərdə istifadə olunan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir. Sonra isə keyfiyyəti təmin olunan dərsliklərə dair ictimai rəyin öyrənilməsinə başlanılır. Bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır. Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur”.

Qeyd olunub ki, 2016-cı ildən etibarən Təhsil Nazirliyi dərslik və metodik vəsait layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb. “Dərslər başlanıldığından, dərsliklər şagirdlər tərəfindən istifadə edildiyindən dərslikləri geri alıb, nələrisə dəyişib və yenidən paylamaq mümkün olmur. Bu problemlərlə üzləşməmək üçün növbəti tədris ilində istifadə ediləcək yeni və ya təkmilləşdirilən dərsliklərə dair ictimai rəyin öyrənilməsi prosesi həyata keçirilir”.

Qurumdan vurğulanıb ki, dərsliklər hökumət tərəfindən verilən müvafiq qərara uyğun olaraq bir neçə il müddətinə istifadə üçün çap edilir. “Bu müddətdən sonra onlar istifadəyə yararlılıq müddətini başa vurur. Həmçinin, məzmun baxımından müəyyən qədər köhnəlməyə məruz qalır. Bu zaman isə dərsliklər məzmun üzərində görülən işlərdən asılı olaraq ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunur. Qaydalara əsasən, dərsliklər hər tədris ilinin sonunda şagirdlərdən geri yığılır. Yalnız bundan sonra istifadə üçün yararsız olan dərsliklərin sayı dəqiq müəyyən edilir. Daha sonra bu dərsliklər mövcud qaydalara uyğun olaraq kitabxana fondundan çıxarılır və verilmiş sifariş əsasında dövlət tərəfindən yeniləri ilə əvəz olunurlar. Hər tədris ilində yararsız vəziyyətə düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15 faizini aşmır”. 

Nazirlikdən bildirilib ki, 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Vurğulanıb ki, 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. “Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. Həmin portalda 230-dan çox elektron dərslik, 20-dən çox metodik vəsait və sinifdənxaric oxu materiallar olmaqla ümumilikdə təqribən 260 elektron vəsait mövcuddur”.

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə bildirib ki, Azərbaycanda dərslik siyasətinə görə dərsliklər 5 ildən bir dəyişdirilir. “Heç bir dərslik 5 il tamam olmamış dəyişmir. İstisna olaraq dərslikdə hər hansı ciddi səhv varsa mətn redaktə olunaraq yenidən istifadəyə verilir. Hər 5 ildən bir dərsliklərin dəyişməsi elmdə, texnologiyada yenilikləri, kəşfləri və ixtiraları ilə bağlıdır”. 

Ekspert ehtimal edir ki, dərsliklər çap olunanda qiymətlərində müəyyən şişirdilmələr ola bilər, lakin 2003-cü ildən etibarən dərsliklər şagirdlərə pulsuz verilir. Eyni zamanda Təhsil Nazirliyinin müvafiq portalında bütün dərsliklərin elektron variantı var”.

Onun sözlərinə görə, Azərbaycanda dərslər elektron alətlərlə keçsə onu redaktə etmək daha asandır və daha az xərclidir. “Amma bizdə tədrisin elektron varianta keçməsi əlçatan deyil. Biz bunu pandemiya dövründə gördük. hətta onlayn dərslərin keçməsi üçün şagirdlərimizin heç də hamısının planşeti, telefonu və internetə çıxış imkanı yoxdur. Bu, ciddi problemdir”.

K.Əsədov hesab edir ki, Azərbaycanda dərsliklərin ən ciddi problemi informasiya yükünün çox olmağıdır. “Dərsliklər şagirdlərin yaş və psixologiyasına uyğun deyil. İbtidai siniflər üçün yazılmış dərslikləri həmin şagirdlər qavraya bilmir. Çünki burada hədsiz çox informasiya var, hansı ki daha yuxarı yaş şagirdlər üçün nəzərdə tutulub. Eyni zamanda şrift ölçüləri çox balacadır, kağız da keyfiyyətli deyil”.

Onun sözlərinə görə, dərsliklər tez sıradan çıxırlar. “Bu hətta şəhər, kənd yerlərinə görə dəyişir. Elə rütubətli yerlər var ki, orada dərsliklər daha tez sıradan çıxırlar. Hər il dərsliklərin 12-15 faizi yenidən çap olunur. Ona görə ki, kitablar korlanır. Hər il demək olar ki, 50-60 milyon sayda kitab çap olunur. Sənəddə kağızın keyfiyyəti yaxşı göstərilə bilər, amma reallıqda keyfiyəti daha aşağı göstəricilərə malik kağız istifadə oluna bilir”.—0-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button