Azərbaycanın XİN başçısı regionda yaranan yeni fürsətlərdən düzgün istifadə etməyə çağırıb
“Regionda yaranan yeni fürsətlərin düzgün istifadəsi böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxışı zamanı deyib.
Nazir öz nitqində, Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Onuncu Zirvə Görüşünün “TURKTIME! – Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb.
C.Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb.
Mənbə:Report