Cəmiyyət

Azərbaycanlı həkimin karantin etirafları

Loading...

Həkimlərin çoxunun test sonucu “müsbət”dir, yəni koronavirusa yoluxublar

İnsanların koronavirusa yoluxmaq şübhəsilə saxlandığı Bakı otellərindən birində bir aydan az müddətdə “çalışmış” gənc həkim Turan-a müsahibə verməyə razı oldu. Jurnalistlə həkim arasında danışıqlar onun adının və digər məlumatların açıqlanmamasına zəmanət verdikdən sonra baş tutduO razılaşdı və bildirdi ki, gördüklərini sosial şəbəkələrdə paylaşmağa icazə verilmirancaq o və həmkarları həqiqəti söyləmək istəyirlər ki, rəhbərlər mövcud nöqsanları aradan qaldırsınlar.

O, Bakıda çalışdığı otelin adının çəkilməməsini istəyib.

– İş şəraitiniz barədə danışın.

– Martın ortalarından bizi xaricdən qayıdan insanların yerləşdiyi otellərə göndərməyə başladılar. İlk iki gündə hər kəs üçün hər şey yeni olduğundan təşkilatçılıqla bağlı çətinliklər oldu. Otel heyəti məzuniyyətə göndərildi. Orada yalnız FHN əməkdaşları və həkimlər, tibb bacıları, sanitarlar çalışırdı. FHN qayda-qanunu təmin edirdi və texniki məsələləri (istilik, bağlama və s.) həll edirdi, həkimlər hər 3-4 saatdan bir adamların ümumi vəziyyətini yoxlayırdılar, hərarətlərini ölçürdülər və onların səhhətləri ilə bağlı şikayətlərini dinləyirdilər, tövsiyələr verirdilər və ya problemləri mümkün qədər həll edirdilər; sanitarlar otaqları yığışdırmaqla məşğul olurdu, tibb bacıları isə birbaşa həkimlər və xəstələrlə işləyirdi.

Hər həkim 2-3 mərtəbəyə (təxminən 40-70 nəfər) nəzarət edirdi. Hər mərtəbədə həkimin yanında 2 tibb bacısı və 2 sanitar vardı. Növbə 12 saat davam edirdi: 9:00-dan 21:00-a və 21:00-dan 9:00-a qədər.

Testlərin nəticələrini bizə bildirmirdilər,  izləmək çətin idi, çünki biz növbəni dəyişirdik, xəstələr dəyişirdi. Ancaq deyirdilər ki, kimisə aparıblar, çox güman ki, onlar “test nəticəsi müsbət olan” (yəni, koronavirusa yoluxanlar – red.) adamlar idi.

Həkimlər otelə gəlirdilər, oranı tərk edib ailələrinə gedirdilər. FHN çox kömək edir, hər məsələdə dəstəkləyir, işçiləri çox yardımsevər və hörmətcildirlər.

Mart ayında maaşlarımızı adi qaydada aldıq, heç bir əlavə olmadı. Ümid edirik və gözləyirik.

Problemləriniz nədən ibarət idi?

– Bizə belə xüsusi şəraitdə çalışmağı öyrətməyiblər. Təbii ki, biz özümüz  virusun necə yayılması və ondan qorunmaq barədə çox şey oxumuşuq. Tibb bacılarına və sanitarlara izah edirdik, amma həkimlər arasında da elə adamlar var ki, koronavirusa inanmır və lazımi qaydalara əməl etmirdi.

Bizi covid-19 testindən keçirmədilər.

Qoruyucu kostyumlarımız və maskalarımız vardı. Təəssüf ki, xüsusi antiepidemioloji maskalar yalnız ilk günlərdə və məhdud sayda idi, sonra bizə adi 2-3 qatlı cərrahi maskalar verildi. Biz onlardan 2 ədəd taxırdıq; əlcəklər, baxil, eynəklər də tezliklə bitdi, buna görə də ya köhnələri işlədirdik, ya eynəksiz olurduq, ya da özümüz alırdıq. Əczaçılar özlərini çox pis aparırlar. Həkim olduğumuzu deyəndə də bizə eynəkləri 16-30 manata satırdılar, halbuki,  adi vaxtlarda 2-3 manatdan baha deyil.

– Karantində saxlanma şəraitinin pis olduğunu yazırlar və deyirlər. Sizdə necə idi?

– Bir nəfər karantinə alındıqdan sonra ondan yaxma götürürdülər. Cavab öncə 5-ci gün olurdu, sonra 3-cü gün oldu, daha sonra bir neçə saatdan sonra. Xəstəni evə buraxmadan öncə ikinci dəfə test edirdilər. Hərarəti olanlar barədə “qərargah”a məlumat verilməliydi.

Yemək çox yaxşı idi,  gündə üç dəfə, üstəgəl yoqurt, kurasan, meyvə. Daim və məhdudiyyətsiz içməli su vardı. Xroniki xəstəlikləri olanlar,  diabet xəstələri özlərinə uyğun menyu sifariş edə bilirdilər. Onları bütün lazımi dərmanlarla təmin edirdilər. Doğmaları onlara bağlama göndərə bilirdi, ancaq oteldən heç nə çıxarmaq olmazdı. Bütün gün əla Wi-Fi vardı.

Münasibətlərdə çox şey insanlardan asılıdır. Adətən Avropa reyslərindən gələn insanlar hər şeyə anlayışla yanaşırdılar. Ancaq Rusiyadan və Türkiyədən gələnlər (çox güman ki, satıcılar-spekulyantlar) daim qalmaqal yaradır, onları buraxmalarını tələb edir, hər şeydən şikayətlənirdilər: gah onlara soyuq idi, gah isti, yataq sərt idi, qohumlarını görmək istəyirdilər, hərarətlərini ölçdürməkdən imtina edirdilər. Video çəkib Facebook-da paylaşacaqları ilə təhdid edirdilər, həm həkimlər, həm də FHN işçiləri üçün çətinlik yaradırdılar. Onları hər şeylə təmin edirdilər: şampun, ülgüc, antiseptiklər, maska, hətta tualet üçün hava təravətləndiricilər. Mən başa düşürəm ki, hər yerdə şərait belə yaxşı deyil, amma heç vaxt inanmaram ki, karantində olan insanlara su, yemək verilməsin, həkim nəzarəti olmasın.

Bizim həkimlərdən birinin oğlu Atletlər kəndində karantində saxlanılırdı. Heç bir şeydən şikayət etmirdi. Düşünürəm ki, karantinlə bağlı dəhşətli əhvalatları vəziyyətin ciddiliyini başa düşməyən savadsız insanlar danışırlar. Onlar hər vəchlə oradan çıxıb evə getməyə çalışırlar, saxta məlumatlar yayırlar.

– Mərkəzi Klinik Xəstəxanada 15 həkimin və digər tibbi personalın koronavirusa yoluxması barədə məlumat verilib.

– Hazırda “müsbət”, yəni koronavirusa yoluxmuş və test nəticəsi müsbət olan çox həkim var.  Məsələn, poliklinikalarda. Həmkarlarımızdan eşidirik ki, “müsbət” həkimləri karantinə götürürlər. Qalanlarını evə buraxırlar, ya da onlar koronaviruslu xəstələrlə və karantində işləməyə davam edirlər. Əgər həkimləri evə buraxırlarsa, o zaman vətəndaşları xaricdən gətirib karantinda saxlamağın nə mənası var?

Karantin xaricində, işdə, xəstəxanada hər gün “müsbət”lərlə (virusa yoluxmuş – red.) qarşılaşa bilərik. Ancaq TƏBİB xəstəxanaları antiseptiklərlə, həkimləri isə heç olmasa maskalarla təmin etməyib. Hər şeyi öz hesabımıza tapıb almalıyıq.

Rəfiqəmlə danışdım, Amerikada həkimdir. Onlara da adi maskalar verilir və xəbərdarlıq edirlər ki, maska çatışmır, bir neçə dəfə istifadə edin, halbuki, maskalar birdəfəlikdir.

Digər həkim Azərbaycandandır, İspaniyada çalışır. Koronavirus xəstələrinin olduğu oteldə işləyən həkim orada yoluxub, çünki demək olar ki, heç kim öz otağında oturmurdu, xəstələr daim bir-biri ilə ünsiyyətdə idi. Ancaq bizdə eyni vaxtda bir neçə nəfərin palatadan dəhlizə çıxmasına icazə verilmir.

Şəxsən mənə elə gəlir ki, bizdə hər şey layiqincə təşkil olunub. Hər yerdə problem var, həm Avropada, həm də Amerikada. Bu problemdə insanın məsuliyyəti çox böyük rol oynayır. Martın əvvəlində almanlar hələ dövlət tədbir görmədən öncə könüllü karantinə oturdular, ona görə də orada koronavirusdan ölüm faizi Avropada ən aşağı səviyyədədir, – koronavirusla bağlı karantındə çalışmış bakılı həkim söhbəti yekunlaşdırıb.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button