2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə üz tutub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, Ermənistan 2020-ci il 10 noyabr bəyanatının 4-cü bəndinə zidd şəkildə ərazilərindəki qanunsuz hərbi qüvvələri tam çıxartmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin oktyabrın 24-də yaydığı məlumatda habelə qeyd olunur ki, Ermənistan Azərbaycan ərazilərində piyada əleyhinə minalar yerləşdirməkdə davam edir: “Bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur”.

Nazirlikdən vurğulanıb ki, son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 min 345 nəfər təşkil edib: “2020-ci il Vətən (İkinci Qarabağ müharibəsi) müharibəsinin başa çatmasından etibarən bugünədək 266 Azərbaycan vətəndaşı mina partlayışından zərər çəkib. Onlardan, üç nəfər jurnalist daxil, 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir”.

Əlavə edilib ki, bu il 12-13 sentyabr tarixlərində gedən döyüşlərin başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyefdən istifadə edərək Ermənistan hərbçilərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri arasında təminat yollarını minalamağa cəhd göstərməsi olub: “…Üçtərəfli bəyanatın imzalanmasından sonra əvvəlcə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Son mina partlayışlarının təqribən 55 faizi Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”.

XİN sonda da bildirib ki, Azərbaycan cari ilin sentyabrında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsi barədə Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.

Bu açıqlamaya, hələlik, Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil. Ancaq belə açıqlamalara cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan bu il demişdi ki, onlar xəritələrin yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər: “Daima bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur… Məncə, məsələnin humanitar tərəfini gözardı etməklə sülhdən danışmaq olmaz”.

Üstəlik, Ermənistan tərəfi bu il iki ölkənin sərhədində sentyabrın 12-13-də baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır. Ermənistan rəsmiləri bildirirlər ki, Azərbaycan hərbi qulluqçuları həmin vaxt onların ərazisinə daxil olub. Həmin vaxt Azərbaycan tərəfdən 80-ə yaxın, Ermənistan tərəfdən isə 200-dən çox hərbçinin həlak olduğu açıqlanmışdı. Daha sonra tərəflər arasında atəşkəs bərpa edilmişdi.

O ki qaldı Ermənistan hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmaması ilə bağlı məsələyə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu il bu barədə açıqlama verib. Onun deməsinə görə, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, ancaq Dağlıq Qarabağdakı çağırışçılar əvvəlki kimi müdafiə ordusuna cəlb olunacaqlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Sənədin 4-cü bəndində isə yazılmışdı: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…”.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button