2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın dövlət müstəqiliyinin 30-cu ildönümü və bu dövrə siyasi baxış

Bakı/30.08.21 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin (parlament) növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub.

Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertlər hesab edirlər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq azadlığını qazansa da, ciddi siyasi risklərlə üz-üzə qalıb və bu risklər hələ də davam edir.

İsa Qəmbər: Müqtəqillik azadlığın sinonimidir

Milli Məclisin keçmiş sədri İsa Qəmbər “Amerikaının Səsi”nə müsahibəsində bildirib ki, Azərbaycanın ən böyük qazancı müstəqilliyin özüdür.

“Müstəqillik özlüyündə hər şeydən üstün bir dəyərdir. Müstəqillik azadlığın sinonimidir. Azadlıq adətən insana aid edilirsə, müstəqillik bütöv bir millətə aid edilir. Bir millət olaraq müstəqilliyimizi əldə etməklə azadlığımızı əldə etmişik”.

Onun fikrincə, ötən 30 ildə Azərbaycan çoxsaylı problemlərlə üzləşib və problemlər hələ də davam edir.

“Ermənistanın təcavüzü və Rusiyanın iştirakı ilə ərazi bütövlüyümüzlə bağlı ciddi problem yaranıb. Torpaqlarımız işğal olunub və hələ də məsələni tam həll edə bilməmişik. Ötən il 44 günlük savaşda məsələ xeyli dərəcədə həll olunsa da, tam həll olunmayıb. Ərazi bütövlüyü məsələsi hələ qalır. Ərazimizdə Rusiyanın ordusu yerləşib. Bu məsələ Azərbaycanın qarşısında ən böyük təhlükələrdən biri kimi qalır”.

Parlamentin keçmiş sədri hesab edir ki, Azərbaycan müstəqil olsa da, hazırda xalqın müəyyənləşdirdiyi bir hakimiyyət mövcud deyil.

“Qısa bir müddət, 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin liderliyində bir xalq hakimiyyəti formalaşdı, xalqın iradəsi ilə azad və ədalətli seçkilərlə prezident seçildi. Amma, təəssüf ki, 1993-cü ilin iyunundan bu günə qədər xalıqn müəyyənləşdirdiyi hakimiyyət yoxdur. Avtoritar rejim formalaşıb, bir çox problemlər də bununla bağlıdır. Yəni müstəqillik özlüyündə bütün problemlərin həlli demək deyil. Müstəqillik o deməkdir ki, öz problemlərini özünün həll etməyin üçün imkan yaranır. Bu imkan da xeyli dərəcədə yaranıb və Azərbaycanın uğurları da az deyil. Amma iki amilin nəticəsində problemlər davam edir. Bu problemlərdən biri Azərbaycanın müstəqilliyini istəməyən ciddi qüvvələrin mövcudluğudur. Bu, ilk növbədə Rusiyadır, qismən İrandır. Eyni zamanda, özümüzlə bağlı problemlər də var. Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq ölkəmizdə xalqın müəyyən etdiyi, seçki nəticəsində bir hakimiyyət formalaşmasını həll etməlidir. Bu problem həll olunandan sonra biz artıq deyə biləcəyik ki, müstəqil bir dövlət, azad bir xalqıq. Öz problemlərimizə görə də özümüz cavabdehik. Mən inanıram ki, müstəqillik məsələsinin öhdəsindən gəldiyimiz kimi, ərazi bütövlüyü məsələsinin önəmli bir hissəsini həll etdiyimiz kimi, Azərbaycan xalqı digər məsələləri də tədricən həll etməyə qadirdir. Odur ki, fürsətdən istifadə edib bütün xalqımızı müstəqillik günü münasibəti ilə təbrik edirəm”, deyə İsa Qəmbər “Amerikanın Səsi”nə müsahibəsində qeyd edib.

Arif Hacılı: Azərbaycan xalqını, bütün Türk dünyasını təbrik edirəm

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, 20-ci əsrdə müstəqilliyi haqqında 2-ci bəyannamənin qəbul edilməsi xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində “istiqlalçı millət vəkilləri”nin apardığı fədakar mübarizə nəticəsində mümkün olub.

“18 Oktyabr Dövlət Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Qanunu da 1918-20 illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 30 avqust bəyannaməsinə əsaslanır. 30 avqust həm də Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı günüdür. Dövlətlərimizin tarixində çox mühüm rolu olan bu iki hadisənin ildönümü münasibəti ilə Azərbaycan xalqını, bütün Türk dünyasını təbrik edirəm”, deyə o Facebook səhifəsində yazıb.

Qubad İbadoğlu: Xalqın azad, təhlükəsizlik və sosial təminatlı firavan həyatı təmin olunmayıb

Azərbaycan Demokratik Rifah (ADR) Hərəkatının lideri Qubad İbadoğlu hesab edir ki, 30 il ərzində müstəqilliyin qorunması, Qarabağın əksər hissəsinin işğaldan azad olunması uğurdur.

“Lakin, təəssüf hissi ilə qeyd etməliyəm ki, bu 30 il ərzində müstəqilliyə təhdidlər indiki kimi çox, eləcə də hakimiyyət hazırda olduğu qədər Rusiyadan tam asılı, təslimçi durumda olmayıb.

Bu 30 il ərzində (Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti istisna olmaqla) xalqın iradəsi ilə formalaşan, demokratik idarəçilyə əsaslanan hakimiyyət institutları – icra hakimiyyətindən asılı olmayan parlament, məhkəmə, prokurorluq, ədliyyə sistemi, mərkəzi bank – qurulmadı”.

İbadoğlu bildirir ki, 30 il ərzində neft-qaz ixracatından ölkəyə 200 milyard dollardan çox vəsait daxil olsa da, xalqın azad, təhlükəsizlik və sosial təminatlı firavan həyatı təmin olunmayıb.

“Əksinə, əhalinin bir qismi dolanışıqdan əziyyət çəkdi, yoxsulluq girdabından çıxa bilmədi, bir qisimi də qazanc üçün ölkəni tərk etmək məcburiyyətində qaldı. Bu 30 il ərzində milli iqtisadiyyat bazar relslərinə oturdulmadı, yeni mülkiyyətçilər, azad sahibkarlar və səhmdarlar sinfi formalaşmadı, əksinə, oliqarxlar, inhisarçılar və korrupsionerlər hesabına cəmiyətdə ifrat dərəcədə qütbləşmə qeydə alındı, orta təbəqə yaranmadı, xalqın sərvətləri, dövlətin büdcəsi talan edilərək, offşor zonalara daşındı. Bu 30 il ərzində təhsil, səhiyyə və sosial müdafiə sahəsində milli standartları beynəlxalq səviyyəyə qaldırıb, bu sahədə keyfiyyətli və hamı üçün əlçatan səhiyyə, təhsil və sosial qayğı sferası qurulmadı. Bu 30 il ərzində müxalif siyasi partiyalar, müstəqil vətəndaş cəmiyyəti və azad mətbuat institutları sıradan çıxarıldı, əvəzində hökümətyönlü, psevdo təşkilatlar yaradıldı”, deyə Azərbaycan Demokratik Rifah Hərəkatının lideri qeyd edib. -03-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button