2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Beynəlxalq arenaya çıxarılan regional münasibətlər: “Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya getməkdə maraqlı olmalıdır” – MÜSAHİBƏ

Sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ faktiki olaraq separatçılardan təmizləndi. Yəni Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü və ötən üç il ərzində icra etmədiyi – “Qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır” öhdəliyini Azərbaycan hərbçiləri cəmi 24 saat ərzində yerinə yetirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənddə Azərbaycan bayrağını qaldırdı. Beləliklə, Azərbaycan həm də öz suverenliyini bərpa etdi. Lakin Azərbaycanla Ermənistan arasında hələ də qalıcı sülh mövcud deyil. Belə ki, Qarabağ münaqişəsi həll olunsa da, Ermənistan-Azərbaycan gərginliyi qalmaqdadır. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, regionda sabitliyin təmin edilməsi və qorunması kimi məsələlər isə tərəflər arasında sülh müqaviləsinin imzalanmasını labüd edir. 2020-ci ildən etibarən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə nail olmaq üçün Brüssel, Vaşinqton, Moskva formatlarında danışıqlar təşkil edilib. Ancaq bu gün Azərbaycan üçün önəmli olan danışıqların hansı formatda keçirilməsi yox, nəticənin əldə edilməsidir.

“Report” yuxarıda bəhs olunan məsələlərlə yanaşı, Azərbaycanın son bir ayda üzləşdiyi beynəlxalq təzyiqlər, Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası, tərəflərin sülh müqaviləsinin imzalanması üçün verə biləcəyi töhfələr və bu qəbildən olan bir sıra məsələlərlə əlaqədar Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynovla söhbət aparıb.

Onunla müsahibəni təqdim edirik:

– Qarabağ münaqişəsi artıq həll olunub. Ancaq Azərbaycanla Ermənistan arasında qalıcı sülh müqaviləsi hələ də imzalanmayıb. Proseslər bundan sonra necə irəliləyəcək?

– Əvvəla, onu bildirim ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı çox optimistəm. Düşünürəm ki, proses müsbət nəticə ilə yekunlaşacaq. Nə qədər paradoksal səslənsə də, Qarabağ münaqişəsinin həll olunması bu prosesə ancaq müsbət təsir göstərəcək. Son bir neçə ildə yaşananlara fikir versək, görərik ki, Ermənistan hakimiyyətinin Qarabağla bağlı diskursu təkamül edib, “Artsax Ermənistandır” formulundan “Qarabağ Azərbaycandır” ifadəsinə keçiblər. Hər zaman hiss olunub ki, Qarabağ problemi sanki Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında ağır yük idi. Onlar bir tərəfdən o yükdən azad olmaq istəyirdilər, digər tərəfdən də bunu açıq-aşkar çatdırmağın problem olduğunu anlayırdılar. Çünki Ermənistan əhalisi, erməni diasporu, ümumiyyətlə, beynəlxalq ictimaiyyət bunu düzgün başa düşməyəcəkdi. Ona görə də, bəlkə də, İrəvan hazırda çox rahatlaşıb ki, rəsmi Bakı Qarabağ məsələsini həll elədi və Azərbaycanın yurisdiksiyasını Xankəndi və ətraf ərazilərdə de-fakto qura bildi. Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında problemin əsas mənbəyi idi. O öz həllini tapdığı üçün digər mövzular üzrə ümumi dil tapmaq daha rahat olacaq. Ancaq bəzi məsələlər hələ bir müddət bizim diqqət və enerjimizi özünə çəkə bilər. Məsələn, Azərbaycanın bir neçə anklav kəndi məsələsi buraya daxildir.

– Sülh müqaviləsinin imzalanması üçün bütövlükdə münbit şərait olmalıdır, həmin şəraitin yaradılmasına hər iki ölkə necə töhfə verə bilər?

– Burada biz çərçivə sazişindən bəhs edirik. Bu, o deməkdir ki, yekun sənəddə Azərbaycanla Ermənistan arasındakı bütün mövzular əhatə olunmaya bilər. Burada Azərbaycanla Ermənistan müəyyən müddəalar üzrə razılığa gəlir, ondan sonra həmin müddəalar növbəti danışıqlar yolu ilə icra olunur. Töhfələrə gəldikdə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi bir neçə prinsip vardı. Bunlara qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaq, ərazi iddialarından əl çəkmək, sərhədlərin müəyyənləşdirilməsi və sair daxil idi. Yəni Azərbaycan tərəfinin mövqeyi bəllidir. Artıq top Ermənistan tərəfdədir.

Məndə belə bir hiss vardı ki, Azərbaycan hökuməti son antiterror tədbirlərinə qədər Qarabağ və ya Ermənistan fəslini tez zamanda bağlamağa çalışırdı. Çünki beynəlxalq aləmdə çox qəribə proseslər gedir və sabahla bağlı qeyri-müəyyənlik var. Bilmirik ki, növbəti gün nə baş verəcək. Ona görə də Azərbaycan öz çağdaş tarixində Qarabağ problemi fəslini bağlamağa çalışırdı. Nəticədə son bir neçə ayda bütün resurslar ona həsr olunmuşdu ki, Qarabağ Azərbaycana reinteqrasiya olunsun. Qarabağ üzərində tam nəzarət bərpa olunandan sonra isə Azərbaycanın tələskənliyi ikinci plana keçdi, çünki tələsmək üçün səbəbimiz yoxdur.

Əksinə, Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya getməkdə maraqlı olmalıdır. Burada təkcə sərhədlərin açılmasından, Ermənistan iqtisadiyyatının rahat nəfəs almasından söhbət getmir. Çünki indiki Ermənistan siyasi rəhbərliyinin xarici siyasətdə dönüş nöqtəsi var. Onlar Rusiyadan ayrılıb Qərbə doğru hərəkət etmək istəyirlər, amma iki qonşu ilə münasibətləri normallaşdırmamış bunu etmək çətin olacaq. Ona görə də hazırda top Ermənistan tərəfdədir. Ermənistanın hansısa ciddi töhfəsi olarsa, Azərbaycana tərəf addım atılarsa, biz tərəqqi gözləyə bilərik.

– Sülh müqaviləsi imzalanarsa, delimitasiya və demarkasiya məsələləri istiqamətində danışmaq olar. Bu zaman Ermənistanın üç il əvvəl üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra edəcəyini düşünürsünüzmü?

– Düzü, üçtərəfli bəyanatın bir sıra müddəaları artıq aktuallığını itirir. Məsələn, artıq bizdə Laçın dəhlizi anlayışı yoxdur. Artıq rus sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması məsələsi gündəmə gələ bilər. Əvvəl də dediyim kimi, Azərbaycan və Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün yeni bir çərçivə sənədinə ehtiyac duya bilərik. Proseslər də ona doğru gedir.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı isə Baş nazirlərin müavinləri səviyyəsində işçi qrup mövcuddur. Yəqin ki, praktiki iş başlayacaq. Amma təxminən 1000 kilometrlik sərhəd ərazisinin müəyyənləşdirilməsi asan olmayacaq. Nəzərə alaq ki, hələ heç Azərbaycanla Gürcüstan arasında bütün sərhədlər tam müəyyənləşməyib. Əslində, o da normal praktikadır. Çünki bir çox sərhəd xətləri dağlardan, insanların getmədiyi yerlərdən keçir. Azərbaycanla Ermənistan sərhədlərinin böyük hissəsi də dağlıq ərazidən ibarətdir. Sovet dövründə sərhədlər belə müəyyənləşirdi; kolxoza hansısa örüş sahəsi lazım olurdu və həmin örüş sahəsini kolxoza təhkim edirdilər, buna uyğun olaraq da o ərazi ya Azərbaycana, ya da Ermənistana verilirdi. Nəticədə hər onillikdə yeni xəritə ortaya çıxırdı. Ermənistan 1975-ci il xəritələrinə istinad edir, amma o xəritələrin necə olduğunu heç kim bilmir. Düşünürəm ki, əsas real işin başlamasıdır.

– Dediyiniz çərçivə sazişi regionda yeni marşrutların açılmasına da şərait yaradacaqmı?

– Burada söhbət Zəngəzur dəhlizindən, yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək xəttdən gedirdi. Ancaq Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərin heç birini icra etmədi. Nəticədə Azərbaycan Qarabağda öz suverenliyini bərpa etdi, Laçın yolu üzərində sərhəd-keçid məntəqəsi quruldu. Ona görə də Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində müəyyən dəyişikliklər elədi, Ermənistanla bu məsələni uzun-uzadı müzakirə etməkdənsə, B planına keçdi. Həmin plana əsasən, Zəngəzur dəhlizi artıq faktiki olaraq İran ərazisindən keçəcək. Amma bu, o demək deyil ki, Ermənistandan keçəcək yolla bağlı layihə icra olunmayacaq, o da plan kimi qalacaq. Burada bir məsələ aydındır ki, Ermənistan Azərbaycana hər hansı bir keçid, dəhliz, yol verməsə, Azərbaycan da eyni cür davranacaq, Ermənistanın onu Rusiya ilə birləşdirəcək dəmiryolu və ya magistral xətlərdən istifadəsinə imkan verməyəcək.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button