2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu gündən çörək bahalaşır

İstehsalçıların razılaşmasına görə, 30 qəpiklik çörək 40-a, 40 qəpiklik də 50-yə satılacaq

Eyyub Hüseynov: «Bahalaşma gözləniləndir, qiymətləri inzibati yolla saxlamaq mümkün deyil»
Vahid Məhərrəmov: «Əhalinin kasıb təbəqəsi üçün ucuz çörək istehsalına başlanmalıdır»
İyulun 30-dan Azərbaycanda çörəyin qiymətinin artacağı bildirilir. Turanın xəbərinə görə, respublikada çörək istehsalı ilə məşğul olan iş adamlarının toplantısında belə qərara gəlinib. Toplantının iyulun 28-də keçirildiyi bildirilir. Xəbərdə qeyd edilir ki, istehsalçılarının razılaşmasına görə, 30 qəpiklik çörək 40-a, 40 qəpiklik də 50-yə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.
Turanın araşdırmalarına görə, artıq iyulun 29-dan etibarən bir kisə unun qiyməti 1-2 manat bahalaşıb. Bunu “Nur” zavodunun – iri çörək-bulka məmulatları istehsalçısının adının açıqlanmasını istəməyən nümayəndəsi də təsdiqləyib. Ancaq “Baker” çörək istehsalı zavodunun nümayəndəsi bildirib ki, unun bahalaşması haqqında məlumatı yoxdur. 1 nömrəli çörək zavodundan da deyiblər ki, qiymətlərin bahalaşdığını internetdən öyrəniblər. Onların zavodunun məhsulları, hələlik, bahalaşmayıb.
Ancaq ayrı-ayrı vətəndaşlar bildirirlər ki, elə iyulun 29-dan bəzi marketlərdə çörəyin qiymətinin 10 qəpik bahalaşması ilə rastlaşıblar.
Hərçənd, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “Azadlıq” radiosuna bu deyilənləri təkzib etmişdi. Onun deməsinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Ekspertlər qeyd edirlər ki, elektrik enerjisinin bahalaşması üzündən çörəyin qiymətində artım gözləniləndir. Onların fikrincə bahalaşma tədricən müxtəlif sahələrdə özünü göstərəcək.
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bildirir ki, çörəyin qiymətinin qalxması gözləniləndir. Bunun qarşısını administrativ üsullarla almaq mümkün deyil. Bunun qarşısını almaq üçün hökumət öz əlində olan imkanlarından istifadə etməlidir, yəni gömrük və vergi sistemində güzəştlər tətbiq etməlidir. “İstehlakçı hüquqlarını qoruyan təşkilatın sədri olaraq istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıyam. Və qiymətlərin aşağı düşməsinin tərəfdarıyam. Bizim ofisimizdə bir karikatura plakatı var. Orda yazılıb ki, ” bir daha qalxan qiymət, bir daha enməz!”.
Çox təəssüf ki, Azərbaycanda yalnız belə tendensiya gedir. İstehlakçıların hüquqları pozulur. Və çox təəssüf ki, azad bazar iqtisadiyyatı prinsiplərinə bəzən hökumət orqanları müdaxilə edir.Böyük ştatla 9 mərtəbəli binada oturmuş İqtisadiyyat Nazirliyi istehlak səbətində olan 36 adda məhsulun və xidmətin qiymətinin hamısının demək olar ki, 20-25 faiz qalxmasına əhəmiyyət vermir, çörəyin qiymətinin sabit qalması üçün işlər görür. Bu düzgün deyil.
Çünki çörəyin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Hökumətin qiymətin qalxmasının qarşısını almaq üçün atdığı addımlar rasional və effektli deyil. Hökumət öz əlində olan imkanlardan, yəni gömrük və vergi sistemindən istifadə edib, çörəyin qiymətini aşağı sala bilər. Çörəyin qiymətinin qalxması gözlənilən idi. Özü də nazirlik sosial çörək olan zavod çörəyinin qiymətini tənzimləyir. Bu doğru deyil. Bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Biznes qurumlarının işinə maneçilik törədən amildir. Çörəyin qiymətinin qalxmasının qarşısını almaq üçün Azərbaycanda azad bazar iqtisadiyyatı, normal rəqabət mühiti yaradılmalıdır. Administrativ üsullarla, məmurun barmaq silkələməsi ilə çörəyin qiyməti düşə bilməz.”
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Bizim Yol”a şərhində bildirdi ki, son bir ay ərzində bütün ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım var: “Bu artım tendesiyası uzun müddətdir davam edir. Birinci devalvasiyadan sonra qiymətlər bahalaşmağa başladı. Bəzi məhsulların qiymətinin bahalaşmasının dövlət qarşısını ala bildi. Eləcə də çörək və ətin qiymətinin artımı bir müddət əvvəl baş verməli idi. Lakin dövlət məmurları sahibkarlara çox ciddi təzyiq etməyə başladı”.
V.Məhərrəmovun sözlərinə görə, ətin qiymətinin süni şəkildə bir müddət enməsinə nail oldular: “Uzun müddət bu formada saxlamaq mümkün deyildi. Nə qədər sahibkar ziyanla işlədi. Azərbaycanda istehsal baha başa gəlir. Bu da məhsuldarlığın aşağı olması, dövlət məmurlarının müdaxiləsi ilə bağlıdır. Bir sıra səbəblər var ki, yerli məhsulların maya dəyərinin artmasına təsir göstərir. Ona görə də istehsalçılar məcburiyyət qarşısında qalaraq, qiymətləri qaldırırldılar. Bilirsiniz ki, ət istehsalı nisbətən  monopoliyada deyil, çörək istehsalı da həmçinin. Baxmayaraq ki, iri çörək zavodları oliqarxlara məxsusdur. Amma həmin çörəklər baha qiymətə satılır. Çörəyin formasını dəyişməklə qiyməti artırırlar.
“Zavod çörəyi” deyilən çörəyi isə əsasən, köhnə sexlər istehsal edir. Onlar hansısa oliqarxların əlində deyil. Bu sahibkarlar da uzun müddətdir ziyanla işləyirlər. Nə qədər çəkiyə müdaxilə etmək, keyfiyyəti aşağı salmaq olar. Su və elektrik enerjisinin artımından sonra  bahalaşma labüddür”.
Mütəxəssisin fikrincə, bu bahalaşma son olmayacaq: “Manat gündən-günə dəyərdən düşür. Buğda dollarla alınaraq ölkəyə gətirilir. Manata çevirəndə onun dəyəri artır.
Düşünürəm ki, bu gün çörəyin qiymətinin bahalaşmasının iqtisadi əsasları var. Burada hökumətin üzərinə müəyyən bir funksiya düşür. Digər ölkələrdə olduğu kimi, əhalinin kasıb təbəqəsi üçün ucuz çörək istehsalına başlanmalıdır.  Qiyməti ucuz olsa da, keyfiyyəti aşağı düşməməlidir. Bunlara “sosial çörək” də deyirlər.
Qonşu ölkələrdə belə bu tip təcrübə var. Burada tender keçirilərək, şirkət seçilməlidir. Daha sonra dövlət şirkətə çörək istehsalı üçün kompensasiya ödəməlidir.
İndiki halda əhalinin kasıb təqəbəsini unutmaq olmaz. Onlar hazırda dolanmaqda çətinlik çəkir. Belə ailələrin gəlirləri az, ailə üzvlərinin sayı isə çox olduğu üçün çörək istehlakı kifayət qədər yüksək olur. Bütün bunlar düşünülməlidir.  Əlbəttə, bu istehsalçıların da üzərinə atılmamalıdır ki, onlar çörəyi ucuz satsınlar. Çörək istehsalçıları sahibkardırlar, bu, onların biznesidir, xərci var. Onların işinə müdaxilə edilməməlidir”.
V.Məhərrəmov əlavə etdi ki, çörəyin bahalaşması istehlakı azalda bilər: “Əhalinin gəliri artmır, xərcləri isə yüksəlib. Gündəlik  istehlak normaları var ki, ondan az yemək olmaz. Əks təqdirdə onların sağlamlıq durumu pisləşə bilər. Əlbəttə, bahalaşma olduğuna görə insanlar gündəlik qidalanma xərclərini azalda bilər. Çörəyin qiymətinin artımı ilə dövriyyənin azalması sahibkarlar uduzmayacaq. Sahibkarlar 25-30 faiz arası qiyməti bahalaşdırmaqla gəlir qazanacaqlar. Burada uduzan əhalinin kasıb təbəqəsi olacaq. Onlar məcburiyyət qarşısında qalıb az çörək istehlak edəcək. Ən ucuz broyler toyuğunun əti idi, o da bahalaşıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button