COVID pasportu tələbi ləğv edildi

Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Qərara görə, sabah, martın 28-dən Azərbaycana təyyarə ilə gələnlərdən COVID-19 pasportu tələb olunmayacaq.
İri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə də COVID-19 pasportu tələbi ləğv edilib.
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi tətbiq edilir. O vaxtdan indiyə kimi yoluxma sayından asılı olaraq bəzən rejim sərtləşdirilsə də, sonra yumşaldılıb.
Amma bir çox yumşalma tədbirlərinə baxmayaraq, hələ də ölkənin quru sərhədində gediş-gəliş məhdudiyyətləri qalmaqdadır. Halbuki, yoluxma sayında aylardır kəskin azalma var.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada bu virusdan indiyə qədər 6.9 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə martın 27-nə kimi 830 minə yaxın şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 166 nəfərin vəfat etdiyi bildirilir.