ÖZƏL

Dövlət İmtahan Mərkəzi bu suala da cavab verə bilmədi

Dövlət İmtahan Mərkəzi ( DİM ) magistraturaya qəbul imtahanı üçün təritb etdiyi məntiq suallarına görə qınağa səbəb olub.

Az24saat.org xəbər verir ki, sosial şəbəkələrdə tirajlanan həmin sualların mürəkkəb və anlaşılmaz olduğu, ayrılan vaxtın cavablandırmaq üçün yetmədiyi önə çəkilir. DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məsələyə münasibət bildirib.

“Magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidir. Fevralın ayının 28-də keçirilən imtahanda 1 nəfər imtahan başa çatandan sonra materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. Həmin şəxs daha sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin bakalavrın kimliyi bəllidir və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Belə hallara yol verən imtahan iştirakçılarının nəticələri ləğv olunur, – deyə o vurğulayıb(Mənbə: Rupor.az).

DİM
DİM bu sualı magistraturaya qəbul imtahanına salıb

Dövlət İmtahan Mərkəzi (DİM) rəsmisinin sualların mürəkkəb və anlaşılmaz olduğu barədə iddialara cavab verməkdənsə, diqqəti bu məsələnin ictimailəşməsinə çəkməsi təəccüb doğurur. Özü də Xanlar Xanlarzadə sualları sosial şəbəkədə yayan şəxsin cəzalandırılacağını bildirir. Sanki həmin şəxs hansısa məxfi sənədi ictimailəşdirib. Hər il suallar yenilənirsə, o zaman onların tirajlanması niyə az qala dövlət sirrininin yayılması kimi qələmə verilməlidir? Sualın cavabı aydındır. Əslində, DİM rəsmisi bununla diqqəti məsələnin mahiyyətindən yayındırmağa çalışır. Halbuki Xanlar Xanlarzadənin hansı səbəbdən magistraturaya qəbul imtahanları üçün əndrabadi suallar tərtib edildiyinə aydınlıq gətirməsi daha məqsəduyğun olardı.

Hər halda, bu tip anlaşılmaz, mürəkkəb quruluşlu suallarla bakalavrların biliklərini yoxlamağı iddia etmək qeyr-səmimi görünür.

XATIRLATMA

Dövlət İmtahan Mərkəzi (DİM) ölkə başçısı İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) bazası əsasında yaradılıb. Həmin ildən qurumun Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir. O 1994-2000-ci illərdə TQDK sədrinin birinci müavini, 2000-2016-cı illərdə isə qurumun sədri vəzifəsini daşıyıb. Qısası, Məleykə Abbaszadə 27 ildir ki, Azərbaycanda qəbul imtahanlarına məsul şəxsdir. O, ilk dəfə 2005-ci ildə ictimai diqqətə gəlmişdi. Həmin vaxt qəbul imtahanlarından sonra xeyli sayda abituryentin nəticələri ləğv olunmuşdu. Yüksək bal toplayan həmin abituryentlərinin valideynləri buna sərt etiraz etmişdi. Hətta onlar Məleykə Abbaszadənin istefasını da gündəmə gətirmişdilər. O zaman TQDK nəticələrin ləğvini müxtəlif səbəblərlə izah etdi. Əsasən cavabların köçürmə və digər qeyri-qanuni üsullarla əldə olunmasından söhbət gedirdi. Lakin yayılan məlumatlarda deyilirdi ki, bəzi abituryentlərə müəyyən şərtlər daxilində cavablar paylanıb. Sonradan sualların cavabları digərlərinin əlinə keçib və beləliklə, xeyli sayda abituryent yüksək bal toplayıb. Bu baxımdan, TQDK-nın nəticələri ləğv etməkdən başqa yolu qalmayıb.

Lakin DİM “öz səhvini” aradan qalıdran zaman öz biliyi hesabına yüksək bal toplayan abituryentlərin də nəticələri ləğv etmişdi.

Cavabların bəzi tələbələrə verilməsinə gəlincə, bu məsələdə əsasən TQDK rəhbərliyi ittiham edilirdi. Məleykə Abbaszadə bu prosesdə özünü qorumağı bacardı. Daha doğrusu, onun həmin vaxt Prezident Administrasiyasının (PA) rəhbəri olan Ramiz Mehdiyevin dəstəyi ilə postunu qoruduğu bildirilirdi. İddia olunurdu ki, Məleykə Abbaszadə Ramiz Mehdiyevə həmin vaxt Təhsil naziri vəzifəsini daşıyan Misir Mərdanovu təzyiq altında saxlaması üçün lazımdır.

TQDK və Təhsil Nazirliyi arasında münasibətlərin gərgin olması da bu məlumatların doğruluğuna şübhələri artırırdı. Ümumiyyətlə, Məleykə Abbaszadənin fəaliyyətində daim Təhsil Nazirliyi ilə mübarizə prioritet olub. Yəni, DİM sədrinin başı daha çox intriqalara qarışıb. İstər Misir Mərdanovun, istərsə də Mikayıl Cabbarovun nazir olduğu dövrlərdə bununla bağlı mediada çoxsaylı materiallar dərc olunub. Azərbaycan hakimiyyəti islahatlara başlayanda Məleykə Abbaszadənin də bu dalğada istefaya göndəriləcəyi gözlənilirdi. Çünki onun adı uzun illərdir Azərbaycan təhsilinin inkişafına mane olanlar sırasında çəkilir.

Magistraturaya qəbul imtahanı ilə bağlı qalmaqal da bunu göstərir.

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button