Xəbərlər

DTX İranın casus şəbəkəsini ifşa etdiyini deyir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 14-də bildirib ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

DTX-nın iddiasına əsasən, müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq əvəzində onu adıçəkilən ölkənin xüsusi xidmət orqanı məxfi əməkdaşlığa cəlb edib: “O, ötən dövr ərzində onların tapşırığı ilə… xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri, vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib”.

Rəsmi məlumatda habelə oxşar əməllərdə şübhəli sayılan daha dörd Azərbaycan vətəndaşından bəhs edilir: “Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar”.

Hələlik, bu iddialara adıçəkilən şəxslər, onların vəkilləri və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanİran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Elə üç gün öncə – noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. Məlumata görə, görüşdə son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.

Azərbaycan DTX-sı da bu ayın əvvəlində bildirmişdi ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub. Məlumata görə, ittiham olunan şəxslərdən birinin İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılan, üzərində dini şüarlar yazılmış köynəklərin rayonlarda planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə şübhələr yaranıb.

Bundan bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır. Həmin hücuma görə məsuliyyəti öz üzərinə “İslam Dövləti” ekstremist təşkilatı götürmüşdü. Hadisəyə görə 26 nəfərin həbs edildiyi açıqlanıb. Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Hər iki açıqlamaya da adıçəkilən ölkələrin rəsmi qurum və şəxsləri birbaşa münasibət bildirməmişdi.

Gözdən qaçırmayın:  18 il Paris hava limanında yaşayan iranlı elə orda da vəfat edib

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button