Cəmiyyət

Dünkerk möcüzəsi

Dinamo əməliyyatında iştirak edən 861 gəmidən yalnız 147-i hərbi gəmi idi

İkinci dünya müharibəsinin müəmmalarından biri, şübhəsiz ki, Dünkerkdə baş verən ağlasığmaz hadisədir. 1940-cı il mayın 10-da Qərb cəbhəsində hücuma keçən alman orduları Gelb planını uğurla yerinə yetirdilər, Belçikada olan ingilis və fransız qoşunları əhatəyə alındılar.

Müttəfiqlərin üzərinə üç tərəfdən – şimaldan, şərqdən və cənubdan alman qoşunları yürüyürdü. Yalnız qərb tərəfdə almanlar yox idi, amma orada da okean idi. Elə ingilislər və fransızların da ümidi Fransanın şimal-qərbindəki üç limana idi. Bunlar Bulon, Kale və Dünkerk limanları idi. Müttəfiqlər almanlarla döyüşə-döyüşə bu limanlara doğru çəkilirdilər.

Amma almanlar da həmin limanları tutmağa və düşmənlərinin dəniz vasitəsilə təxliyəsinin qarşısını almağa can atırdılar. Cənubdan şimala doğru irəliləyən A ordular qrupunun qüvvələri ciddi müqavimətlə rastlaşmadıqlarından xüsusilə sürətlə hərəkət edirdilər. Onlar mayın 22-də Bulonu tutdular, ertəsi gün isə Qravlini ələ keçirərək müttəfiqlərin Kaleyə gedən yolunu bağladılar. Beləcə yalnız Dünkerk qaldı.

Dünkerkə isə almanlar daha yaxın idilər. A ordular qupu limanın 15 kilometrliyinə qədər çatmışdı. Hətta Dünkerk istiqamətində ciddi maneə sayılan Aa kanalını belə beş yerdə keçərək qarşı sahildə platsdarm əldə edilmişdi. Müttəfiqlər isə limandan 100 km məsafədə idilər. Belə görünürdü ki, onların xilası mümkünsüzdür. Amma məhz bu zaman illərdir ki, müzakirə olunan, səbəbi barədə müxtəlif ehtimallar səsləndirilən hadisə baş verdi.

Mayın 24-də Adolf Hitler A ordular qrupuna “Dayan!” əmrini verdi və Aa kanalını keçməyi qadağan etdi. Qrupun komandanı general-polkovnik fon Rundştedt həmin əmr əsasında verdiyi göstərişdə öz qoşunlarına Lens – Bethun – Eyr – Sen-Omer –Qravlin xəttində dayanmağı əmr etdi.

Şifrələnmədən göndərilən bu əmr ingilis kəşfiyyatı tərəfindən tutuldu. Hitlerin əmri və onun əsasında Rundştedtin verdiyi əmr edama məhkum olunan şəxsin həbsxanadan qaçmaq imkanı qazanmasına bənzəyirdi. Bunun sayəsində müttəfiqlər Dünkerkə almanlardan daha tez yetişdilər.

Doğrudur, mayın 26-da axşam Hitler almanlara yenidən irəliləmək əmri verdi və ertəsi gün səhər Dünkerkə doğru hərəkət başladı. Amma vaxt itirilmişdi. Hətta mayın 28-də Belçikanın təslim olması və Belçika ordusunun müqaviməti əsasən dayandırması da vəziyyəti ciddi surətdə dəyişmədi. Britaniyalılar və fransızlar Dünkerk ətrafındakı ərazini təxliyə bitənə qədər müdafiə edə bildilər.

***

Hitlerin hücum əmri ilə eyni zamanda Britaniya admirallığı Dinamo” adı verdikləri təxliyə əməliyyatının başlanması göstərişini verdi. Komandanlığın proqnozları elə də optimist deyildi. Onlar hesab edirdilər ki, Dünkerk rayonunu iki gün müdafiə edə biləcəklər və bu zaman ən yaxşı halda 45 min hərbçini təxliyə etmək mümkün olacaq. Gerçəklik isə daha uğurlu alındı.

Kiçik bir əraziyə toplaşan 400 minlik qoşun Dünkerki 9 gün (27 may – 4 iyun) müdafiə edə bildi. Bu məsələdə onlara ərazinin xüsusi relyefi (çaylar, kanallar, bataqlıq) ilə yanaşı dənizdən artilleriya dəstəyi verən Britaniya donanması da kömək göstərdi.

Dinamo əməliyyatında iştirak edən 861 gəmidən yalnız 147-i hərbi gəmi idi. Onlardan əlavə yüzlərlə kiçik su nəqliyyatı vasitələri – balıqçı və gəzinti qayıqlarını, yelkənli qayıqlar və katerlər, xilasedici qayıqlar və s. təxliyəyə cəlb edilmişdi. Hazırda İmperiya dəniz muzeyində saxlanılan “Tamzine” adlı balıqçı qayığı təxliyədə iştirak edən ən kiçik (uzunluğu 4,5 metr) qayıq idi.

Mayın 27-də 7669 nəfər, ertəsi gün 17804 nəfər təxliyə edildi. Mayın 29-da təxliyə edilənlərin sayı isə admirallığın proqnozlaşdırdığı ümumi saydan çox oldu – 47310 nəfər. Bir gün sonra bu rəqəm bir az da artdı – 53823. Beləliklə, təkcə dörd gündə 126 606 hərbçi xilas edildi.

Böyük gəmilər yalnız limana yan ala bilirdilər və əsgərləri oradan götürürdülər. Kiçik qayıqlar isə birbaşa sahilə yaxınlaşır, hərbçiləri götürür və onları uzaqda dayanan böyük gəmilərə daşıyırdılar. Bəzən isə Britaniyanın Ramsqit limanına aparırdılar. Bəzi gəmilər Britaniya ilə Dünkerk arasında bir neçə dəfə səfər etdilər. “Medway Queen” paroxodu etdiyi yeddi səfərə və xilas etdiyi yeddi min hərbçiyə görə “Dünkerk qəhrəmanı” adlandırıldı.

Bu günlər ərzində hava şəraiti də əməliyyat üçün ideal oldu. Hava təxliyəyə mane olmayacaq qədər sakit idi, amma buludların aşağıda olması alman aviasiyasının gəmiləri bombalamasına çətinlik törədirdi. Üstəlik, İngiltərənin cənub-şərqindən qalxan kral hava qüvvələrinin təyyarələri də almanlarla bərabər döyüşürdülər. İlk dəfə idi ki, alman pilotlar özlərinə bərabər rəqiblə üz-üzə idilər.

Doqquz gün davam edən əməliyyat nəticəsində 338 226 hərbçini xilas etmək mümkün oldu. Onlardan140 mini britaniyalı, 90 mini fransız, qalanı isə digər ölkələrin hərbçiləri idilər. Dünkerkdə qalan 40 min fransız silah yoldaşlarının təxliyəsini təmin edəndən sonra əsir düşdülər. 700 tank, 45 min avtomobil, 20 min motosikl, 11 min pulemyot, 1190 artilleriya silahı, 850 tank əleyhinə silah, 500 zenit silahı, xeyli miqdarda sursat, yanacaq və başqa ləvazimat Dünkerkdə atıldı.

***

Retrospektiv dəyərləndirmələrin hamısında “Dayan!” əmrinin yanlış olması barədə yekdillik hökm sürür. Amma həmin əmrin niyə verilməsi ətrafında mübahisələr səngimir. Müharibədən sonra ələ keçən arxiv sənədlərində Hitlerin özünün bu barədə birmənalı fikrinə rast gəlinmədiyindən müxtəlif versiyalar irəli sürülür.

24 saat” “Dünkerk möcüzəsi” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button