24 saat en son xeberler - Xeberler platformasi

Manşet

Erdoğan Ermənistana xüsusi təmsilçi göndərir

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ermənistanla munasibətlərin normallaşdırılması prosesində səfir Sərdar Kılıçı xüsusi təmsilçi kimi rəsmi təsdiq edib.

Türkiyənin Rəsmi qəzetində Prezidentin bazar ertəsi imzaladığı fərmanla Sərdar Kılıçın Ermənistan nəzdində Türkiyənin xüsusi təmsilçisi təyin olunması haqqında məlumat dərc edilib.

Sputnik Ermənistanın xəbərinə görə, bazar ertəsi Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

Məlumata görə, bundan əvvəl Ermənistanın Flyone şirkətinə də analoji icazə verilib. Flyone Armenia 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.

Bəzi media mənbələrində Prezident Erdoğanın “güvəndiyi bürokrat” kimi xarakterizə edilən Serdar Kılıç əvvəllər Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi, Tokio və Washingtondakı səfiri kimi önəmli vəzifələrdə çalışıb.

Cənab Kılıç həm də ölkənin tanınmış siyasi dinastiyalarından birinin təmsilçisidir. Onun atası İlyas Kılıç 1961-1980-ci illərdə CHP-nin Samsundan deputatı olub.

Qardaşı Sinan Kılıç Recep Tayyip Erdoğan hələ İstanbul bələdiyyə sədri ikən onun şəxsi həkimi olub. Qardaşı oğlu Akif Çağatay Kılıç keçmiş gənclik və idman naziri, hazırda isə AK parti təmsilçisi kimi parlamentin xarici siyasət komissiyasının rəhbəridir.

“Bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimad artıran adımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük,” – xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlamasında bildirib.

Mevlüt Çavuşoğlu Türkiyə Ermənistan münasibətlərin normallaşması Xüsusi təmsilçi Serdar Kılıç

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Çarter reysləri

Ötən ilin dekabrında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə və Ermənistanın yaxın vaxtlarda münasibətlərin normallaşdırılası və çarter reyslərinin açılması üçün xüsusi nümayəndələr təyin edəcəyini açıqlamışdı.

Parlamentdə ölkənin Xarici İşlər Nazirliyinin büdcəsinin müzakirəsi zamanı Çavuşoğlu bildirmişdi ki, Yerevan və Ankara tərəfindən təyin olunacaq xüsusi nümayəndələr iki qonşu ölkə arasında münasibətləri normallaşdırmaq yollarını axtaracaq.

Çavuşoğlunun sözlərinə görə, iki ölkə İstanbul və Yerevan arasında çarter reysləri açmaq niyyətindədir.

Ermənistan Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlunun Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün xüsusi təmsilçi təyin etmək haqqında bəyanatına müsbət qiymətləndirir. Bu barədə Ermənistan XİN mətbuat katibi Vahan Hunanyanın mətbuat üçün bəyanatında deyilir.

Onun sözlərinə görə, Ermənistan, əvvəllər də olduğu kimi, Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılmasına hazırdır və bu barədə Ermənistan hökumətinin proqramında da qeyd olunub.

“Ermənistan tərəfi də bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiq edir”, – Ermənistan XİN mətbuat katibi Vahan Hunanyan deyib.

Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhəd 1993-cü ildən bağlıdır.

Türkiyə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi səbəbindən diplomatik əlaqələri kəsib və quru sərhədini bağlayıb.

youtube-embed-https://www.youtube.com/watch?v=RkAFU1bqhoI”>

Video açılmasa, Youtube-dan izləyin.

Həll olunmamış problemlər

2008-2009-cu illərdə Ermənistan Prezidenti Serj Sarkisyanın dövründə Yerevan və Ankara münasibətləri yaxşılaşdırmağa və sərhədləri açmağa cəhd göstərsələr də, iki həll edilməmiş problem – Qarabağ münaqişəsi və Türkiyənin 1915-ci ildə “erməni soyqırım”ını tanımaması səbəbindən bu cəhd puça çıxıb.

Nikol Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Mevlüt Çavuşoğlu bu dəfə onu da vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir.

Bununla belə, Paşinyan Azərbaycan və Türkiyənin tələblərinə – məsələn, nəqliyyat dəhlizinin Azərbaycanın əsas hissəsi ilə onun eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçən hissəsində – güzəştə getməyi mümkün hesab etmir.

Noyabrda Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın Moskvadan Türkiyə ilə münasibətlərin qurulmasında vasitəçilik etməsini istəyib.

“Bəli, mən təsdiq edə bilərəm ki, Ermənistan Yerevan və Ankara arasında vasitəçilik etməyə yardım üçün müraciət edib,” – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova o vaxt deyib.

Mariya Zaxarova bildirib ki, “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün bu prosesdə maraqlıdır və səy göstərir”.

Bundan başqa Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da bir müddət əvvəl çıxışında Ermənistan Baş naziri Nikol Paşinyanın onunla görüşüb dialoq qurması üçün Gürcüstan Baş naziri ilə xəbər göndərdiyini deyib.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button