2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həbsdəki general müdafiə nazirini ittiham edir: “140 milyonluq yeyintidən xəbəri yox, Tərtər hadisələrindən xəbəri yox…”

Bəkir Orucov: “Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən niyə cəzalandırılmalıyam?”

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən eyni hadisələr həmin vaxt paralel olaraq, Beyləqanda da yaşanıb. Beyləqan hadisələrinə görə həbsdə olan general-mayor Bəkir Orucov müdafiə naziri Zakir Həsənovu ittiham edib. Həmin hadisələr vaxtı Beyləqan korpusunda qərargah rəisi olmuş, 2022-ci ilin sentyabrında həbs edilərkən isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov deyir ki, əsl günahkarlar məsuliyyətdən kənarda qalıb. Əvəzində cəmiyyətin gözündən pərdə asmaq üçün onları qurbanlıq seçiblər.

Beyləqan işgəncələrinə görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş İntiqam Məmmədov, Beyləqan korpusunun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov və korpusun təlimatçısı Ülvi Rəşidov da var.

Saytların yığılması Saytlarin yigilmasi

Beyləqan hadisələrilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prokuror xeyli vaxtdır ki, onlara 8 il 6 aydan 12 il 6 aya qədər cəza istəyib. İndi isə təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Bəkir Orucov deyir ki, Tərtər və Beyləqan hadisələri baş verən ərəfədə həqiqətən xəyanət olmuşdu. Lakin xəyanət edənlərin kimliyi düzgün müəyyənləşdirilməmişdi. Nəticədə yüzlərlə hərbçiyə işgəncə verilmiş, 10-dan çox adam döyülüb öldürülmüşdü. Təqsirləndirilən general hesab edir ki, gerçəkdən xəyanət edənlərin kimliyi nə vaxtsa üzə çıxacaq.

O deyir ki, Beyləqanda işgəncə nəticəsində 2017-ci il mayın 6-dan 7-nə keçən gecə həyatını itirmiş Adil Sabirlinin ölümü barədə dərhal korpus komandiri Mais Bərxudarova məlumat verilib. O isə bu hadisədən dərhal sonra məzuniyyət götürüb və Türkiyəyə gedib.

“Mən qərargah rəisi olaraq, korpus komandirinə məlumat verdim. O bildirdi ki, özü nazirə məruzə edəcək. Bərxudarov mayın 7-də səhər nazirlikdə qəbulda olub. Çıxandan sonra mənə zəng eləyib dedi ki, “özüm məruzə elədim, sən heç kimə heç nə demə”. Bildirdi ki, özü üçün də icazə də alıb, məzuniyyət götürür. Daha nə korpus komandiri, nə nazirlikdən heç kim bu ölümlə bağlı maraqlanmadı, məndən soruşan olmadı”.

Bəkir Orucov. Mənbə: MN

Tərtər kimi, Beyləqanda da işgəncələr mayın 1-dən başlayıb. Rəsmi sənədlərə görə, Beyləqan korpusunun komandiri Mais Bərxudarov mayın 8-də məzuniyyət götürüb Türkiyəyə gedib və 13-nə qədər məzuniyyətdə olub.
Bəkir Orucov deyir ki, Mais Bərxudarovun göstərişi və razılığı olmasaydı, Beyləqanda heç kim heç nə edə bilməzdi:

“Təhqiqatçı kim idi ki, korpus komandirinin göstərişi, icazəsi olmadan o korpusa girsin? Heç nazirliyin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev icazə olmadan gəlib orada kimisə həbs eləyə bilməzdi. Bərxudarov belə zəif idi ki, mən ona tabe ola-ola onu idarə eləmişəm? Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən niyə cəzalandırılmalıyam?”.

“Müdafiə Nazirliyində 140 milyonluq yeyinti ortaya çıxır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı qanunsuzluqlardan xəbəri yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bu adamın nədən xəbəri var? Başqalarından fərqli olaraq, biz elə-belə general olmamışıq. Mən səgərlərimlə səngərlərdə yatmışam”, – Bəkir Orucov deyib.

Bəkir Orucov xatırladıb ki, 2017-ci ildə Tərtər və Beyləqanda bu hadisələr baş verəndə güc strukturlarının – Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə açıqlaması olub. Onlar xainlərin olduğunu iddia ediblər, onlarla adam dövlətə xəyanət ittihamıyla həbs olunub. Lakin üstündən bir neçə il keçəndən sonra xain adı qoyulan adamlara bəraət verilib:

Mais Bərxudarov. Foto: oxu.az

“Heç kim də üzr istəmədi ki, səhv eləmişik. İndi bizi zəif bənd kimi atıblar ortaya. Mənim ittihamımda yazıblar ki, “yuxarı komandanlıq tərəfindən mütəşəkkil dəstəyə cəlb olunmuşam”. Amma demirlər ki, “yuxarı komandanlıq” kimlərdir? Deyin, mən də, ailəm də bilsin ki, məni mütəşəkkil dəstəyə kim cəlb edib. Məlumdur ki, mən niyə buradayam. Xainlər siyahısını tərtib eləyib nazirliyə göndərən, o adamları ora yığanlar hardadır?”.

Təqsirləndirilən şəxslərdən İntiqam Məmmədov da son sözündə korpus komandiri, general-leytenant Mais Bərxudarovu ittiham edib. Onun sözlərinə görə, Bərxudarov nazirliyə “düşmənlə əməkdaşlıqda şübhəli bilinən” şəxslərin siyahısını göndərmişdi. Bu səbəbdən onu Beyləqana göndərmişdilər.

“Siyahısını göndərən Mais Bərxudarov, amma mənə ittiham veriblər ki, ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Guya mən kimlərisə vəzifədən əsassız və qanunsuz azad eləmişəm. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar?”.

Nəcməddin Sadıkov. Foto: Azərtac

İntiqam Məmmədov vurğulayıb ki, Baş Qərargah rəisi Nəcməddin Sadıxovun ona qarşı münasibəti yaxşı deyildi. Onun sözlərinə görə, Nəcməddin Sadıxov qərəzi ucbatından onu əsassız cəzalandırırdı:

“Nəcməddin Sadıxovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Bir dəfə məni heç bir əsas olmadan iclasdan da qovdu”.

Təqsirləndirilən Rahib Məmmədov da ona qarşı ittihamların əsassız olduğunu deyir. Onun sözlərinə görə, Beyləqan hadisələri baş verən dövrdə cəmi 15 dəqiqə iştirak edib.

Yazıçılar Birliyinin üzvü, 3 roman və 9 şeir kitabının müəllifi olduğunu xatırladan Rahib Məmmədov qardaşının Qarabağ döyüşlərində yaralandığını da dilə gətirib:

“Mən həm qələmimlə, həm də zabit kimi xalqa xidmət etmişəm. Şərəfimi satmadığıma görə cəzalandırılmışam. Mən şərafət dustağıyam. Belə çıxır ki, davam edir 37…”.

Təqsirləndirilən Ülvi Rəşidov digərlərindən fərqli olaraq, son sözündə qısa danışıb. O, işgəncə nəticəsində həyatını itirən Adil Sabirlinin ölümünə aidiyyəti olmadığını bildirib və bəraət istəyib.

Sonuncu təqsirləndirilən Ziya Kazımovun məhkəmədə vəziyyəti pisləşib, təcili yardım çağırılıb. Bu səbəbdən məhkəmə prosesi dekabrın 28-nə qədər təxirə salınıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button