2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Həkimlər dedi ki,… təcili əməliyyat olunmalıdır. Polislər imkan vermədi”

Polis idarəsində işgəncəyə məruz qalması barədə məktubu yayılan AXCP fəalı Zamin Salayev bu gün məhkəməsində özü də bunu təsdiqləyib. Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində onun 30 günlük inzibati həbsi haqda qərardan şikayətə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə Z.Salayevin vəkili Cavad Cavadov AXCP-nin üç fəalının məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Deyib ki, tutulan gün Z.Salayev həmin adamlarla birlikdə olub. Onlar da təsdiq edə bilər ki, kafedə nahar etdikləri vaxt polis gəlib onları tutub aparıb. Yəni, Z.Salayevin sərxoş vəziyyətdə intizamsız hərəkətlər etməsi, onu sakitləşdirməyə çalışan polislərə müqavimət göstərməsi yalandır.

Vəkil Z.Salayevin saxlandıqdan sonra Səbail rayon Polis İdarəsi və bu idarənin 8-ci polis bölməsində işgəncəyə məruz qalması haqda şikayətini xatırladıb. Deyib ki, şəxs işgəncədən şikayətlənirsə, məhkəmə mütləq bu məsələni araşdırmalı, məsələyə münasibət bildirməlidir.

Hakim Mirzəli Abbasov vəkilin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

«Qarnımda «qrıja» partladı»

Z.Salayev özü də çıxışında işgəncələrdən ətraflı danışıb. Deyib ki, 30 sutkalıq həbsi barədə Səbail rayon Məhkəməsinin qərarında onun məhkəmədə söylədikləri təhrif olunub.

Z.Salayev təcridxanadan oğluna məktubunda yazdığı işgəncələrdən də danışıb. Bildirib ki, yanvarın 13-də məhkəmə qərar çıxarandan sonra onu 8-ci polis bölməsinə gətiriblər. Orada rəis və 20-yə yaxın əməkdaş ona tualeti təmizlətdirib, bunu videoya çəkmək istəyiblər. Bundan imtina edəndə isə döyməyə başlayıblar: «Əllərimi qandallayıb döyməyə başladılar. Rəis dedi ki, «başını unitazın içinə soxun». Yerə yıxıb, üstümə çıxıb təpikləyirdilər. Sonra məni Səbail rayon Polis İdarəsinə apardılar. Orada da eyni qaydada işgəncələr davam elədi. Əvvəlcə rəis öz otağında nalayiq sözlərlə təhqir elədi. Sonra aparıb lüt soyundurdular, kamera qarşısında yeri təmizlətdirmək istədilər. İmtina elədim. Əllərim qandallı o qədər döydülər ki, qarnımda «qrıja» partladı».

Z.Salayev deyir ki, 8-ci bölmədə onun bədəninə elektrik cərəyanı da veriblər. Onun sözlərinə görə, gecə saatlarında Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparılsa da, orada qəbul etməyiblər. Oradan onu Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıblar: «Orada həkimlər dedi ki, «qrıja» partlayıb, təcili əməliyyat olunmalıdır. Polislər imkan vermədi. İlkin tibbi yardım göstərəndən sonra götürüb apardılar».

Z.Salayev əlavə edib ki, işgəncələrin fəsadları hələ də qalır. Təcridxanada indiyədək ona tibbi yardım göstərildiyini vurğulayan AXCP fəalının sözlərinə görə, əməliyyat olunmalıdır.

Hakim M.Abbasov apellyasiya şikayətini təmin etməyib. Z.Salayevin İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanunu tələbinə tabe olmamaq) maddəsi ilə 30 günlük inzibati həbsi barədə qərar qüvvədə saxlanıb.

Vəkil C.Cavadov AzadlıqRadiosuna bildirib ki, ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndiyinə görə bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət olunacaq: «İşgəncə ilə əlaqədar da Səbail rayon Prokurorluğuna şikayət etmişik».

Zamin Salayev necə saxlanıb

Z.Salayev yanvarın 13-də həbs olunub. AXCP fəalı Nicat Abdullazadə deyir ki, Z.Salayev o və Ceyhun Novruzovla birlikdə nahar edərkən saxlanılıb. Onları kafedən 8-ci polis bölməsinə aparıblar, orada İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, hər biri 50 manat cərimələnib: «Mən, Ceyhun Novruzov və Əlizamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişdik, yemək sifariş vermişdik. Birdən kafeyə özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı. Ceyhun və Əlizamin bəyin alkoqol qəbul etdiyi bildirildi. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Ceyhun Novruzovu 50 manat cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar».

AXCP Z.Salayevin həbsinin sifariş olduğunu iddia edir. Səbəb kimi isə həbsindən bir neçə gün öncə Salyanda polis əməkdaşının yerli qadın sakinə qarşı təcavüzü barədə məlumatı, həmin polislə aralarındakı söhbətin videogörüntüsünü sosial şəbəkələrdə paylaşması göstərilib.

Daxili İşlər Nazirliyi Z.Salayevin işgəncəyə məruz qalması barədə söylədiklərini təkzib edib.

«Bu həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox, cinayətkarları müdafiə etməklə məşğuldurlar və bunu özlərinə peşə seçiblər. Onların dediklərinin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətdə ictimai asayişi pozmağa yönəlik hərəkətlər edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub», – Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun sözləridir.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button