2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Həyat problem çözməkdir

Karl Popper

Demək olar avtomobillə eyni yaşdayam. Doğrudu, 1886-cı ildə ixtira ediləni qədər yaşlı olmasam da, çox yaxşı xatırladığım Kayzer 2-ci Vilhelm ilk avtomobilini alanda mən bir yaşında idim.

Saytların yığılması Saytlarin yigilmasi

Dunay çayına yaxın, Qrayfenştayn bölgəsi ətrafında yerləşən Altenberq qəsrinə, bir dostumun, qəsrin sahibi olan atasının Mersedesiylə getmişdim. İlk dəfəydi ki, avtomobilə minirdim. Həmin zamana qədər həmişə dördatlı fayton vasitəsiylə evdən ayrılmışdıq, ancaq bu dəfə, mənə dediklərinə görə ən yaxşı alman avtomobili olan Mersedeslə, özü də bu modelin Avstriyaya gətirilən ən yaxşı nümunəsiylə yola çıxacaqdıq. Gərək ki, 1907, ya da 1908-ci illər idi.

İlk avtomobilimi 1936-cı ildə Londonda, ikinci əldən almışdım. Minib Kembricə getdim, maşından endikdən sonra maşının sağ tərəfinə nəzər salıb gördüm ki, təkərlərin oxu bir xeyli dərəcədə bayıra çıxıb. Xatırladığım qədəriylə oxun 30 sm-i bayırda görünürdü, ola da bilər o zaman çox təəccübləndiyimdən, avtomobilin nasazlığını indi belə xatırlayıram. “Standard” markalı idman maşınıydı və haqlı şəkildə çoxdan ortadan qaldırıldı.

Yaşanılan belə təcrübələr ahıllığın heç kimin əlinizdən ala bilməyəcəyi üstünlükləridir. Üstəlik mən bir çox gənc çağdaşlarımın əksinə, dünyamızı və insanları müsbət mənada heyrətamiz və ecazkar hesab edirəm. Hələ də bir çox pisliyin, mənfi davranışların və bəd istəklərin mövcud olduğunu bilsəm də, qənaətimə görə bizim dünyamız tarix boyunca təzahür edən dünyaların ən yaxşısıdır. Belə danışanda dinləyicilər adətən məni xərif hesab edirlər. Bəlkə də doğru düşünürlər, ancaq mən yenə də önümüzdəki müzakirədə bu tezisimi, yəni, “içində yaşadığımız yaramaz dünya” haqqındakı mızıltıların – yeri gəlmişkən bu cür əhvalı-ruhiyyəni dövrümüzün ən əsas dini təzahürləri kimi tərif edə bilərik – əlimizdəki bütün gerçəklərlə ziddiyyət içində olduğunu vurğulayan tezisi hər kəsə qarşı müdafiə etməyə hazıram. Bu tezisimə görə, biz təkcə iqtisadi baxımdan daha yaxşı vəziyyətdə deyilik, əksinə həm də əxlaqi baxımdan irəliləmişik. Təkcə bunu qəbul etməyə razıyam: Hər zamankından daha çox axmağıq və modern olduğuna inandığımız bir çox nəsnələrə qarşı tənqidi təfəkkürlə yanaşmırıq. Bunu hiss etmək və həqiqət olduğuna inanmaq heç xoş deyil.

Bəlkə də bu vəziyyətin əsas səbəbləri tərbiyəçilər kimi bizdən qaynaqlanır, təhsil-tərbiyə də texniki proseslərin bir parçası olduğundan, bu xətalar texnoloji xətalardır. Ən pisi isə budur ki, xətalarımızdan heç bir dərs çıxarmırıq. İndi əsl mövzumuza gəlirəm.

Xətaların düzəldilməsi texnologiyanın və öyrənmə prosesinin ən önəmli üsuludur. Bu bioloji təkamüldə də iləriləyişin yeganə təkanverici xassəsi kimi görünür. Haqlı olaraq təcrübə və yanılmaq üsulundan bəhs edənlər, səhvlərin və yanlışların, yəni xətalı təcrübənin əhəmiyyətini azaldırlar.

Bioloji inkişaf xətalarla doludur, xətaların düzəldilməsi isə çox yavaş şəkildə gerçəkləşir. Deməli, biz də çox sevdiyimiz yaşıl təbiətin getdiyi yolu təqlid etdiyimizi düşünərək, bu bəhanənin arxasında gizlənə və həyatımız boyunca etdiyimiz səhvlər və xətalarımıza haqq qazandırıb, anlayışla yanaşa bilərik. Hətta xətalarımızı düzəldərkən təbiətlə müqayisədə daha bacarıqlı və sürətli olduğumuzu da söyləyə bilərəm. Çünki, aramızda yaşayan bəzi insanlar etdiyimiz xətalardan dərs çıxarmağa çalışırlar. Məsələn, bütün elm adamları, texnoloqlar və texniklər bu qaydaya riayət edir, əgər etmirlərsə də, mütləq etməlidilər. Çünki, bütün məslək bacarıqları bu məqamdan asılıdır.

Həyat, yəni, orqanizmlər, təkhüceyrəlilərdən başlayaraq ən heyrətamiz icadlar yaradır. Yeni icadlar, mutasiyalar, əksərən yaxşı təcrübələrdən ziyadə pis, xətalı təcrübələrdi və adətən ələnirlər. Fikirlərimizdən bir çoxunun yanlış olduğunu, onları ciddi şəkildə tənqid etməmişdən əvvəl tanıyıb dərk edirik. Bəzi fikirlərimiz yeni ideyalara və davranışlara rəvac verməmişdən öncə tənqidi yanaşma tərəfindən saf-çürük edilirlər. Mənə elə gəlir ki, şüurlu tənqid, şəxsitənqid və dostlarımızla aramızda baş verən dostca və düşməncə tənqidlər sayəsində təbiətdən daha üstün görünürük. Fəqət təcrübə və yanılma üsulunun köməyiylə, doğru yolu tapmaqda təbiət bizdən qat-qat üstün olmuşdu indiyədək. Onun bir çox icadını, məsələn, günəş enerjisini asanlıqla toplanacaq şəkildə kimyəvi enerjiyə çevirməyi təqlid etməyə çalışsaq da, istəyimizə nail olmadıq. Ancaq yaxın bir zamanda bunun da öhdəsindən gələcəyik.

Həyat problemin öhdəsindən gəlmək deməkdir. Bütün orqanizmlər, texniki problemlərini həll etməkdə yaxşı yaxud daha yaxşı, uğurlu ya da daha zəif olan ixtiraçı və texniklərdir. Heyvanlar, məsələn hörümçəklər də eyni cür fəaliyyət göstərir. İnsanların texniki, məsələn, kanalizasiya, su və qida əldə edib saxlamaq kimi problemlərimizi həll edir, arılar da öz yuvaları üçün oxşar işlə məşğul olurlar.

Buna görə də “Yaşıllar” partiyasının davranışlarında tez-tez müşahidə etdiyimiz texnologiya düşmənliyi mahiyyətcə cəfəngiyyatdır, çünki belə davranış həyata qarşı mövqe sərgiləməkdir. Əfsus ki, “Yaşıllar” bunun fərqində deyil. Ancaq texnologiyanı tənqid etmək, yaxşı və pis tərəflərini analiz etmək önəmli və təcilidir. Bu fəaliyyət əsla cəfəngiyyat sayıla bilməz. Hər insan fərdi baxış bucağına və zehni dərəcəsinə görə müxtəlif şəkillərdə bunu edə bilər, etməlidir də. Mövzunun tənqidi əsasən texniklərin əsas bacarıqlarıyla əlaqədar olduğu üçün, bu işlə əsasən onlar məşğul olmalıdır.

Yenə də bəzi zamanlarda problemləri ilk görənlər hadisələrdən qıraqda qalan insanlar olur. Bu bəlkə də bir ixtiraçının haqlı olaraq öz ixtirasının tətbiqini istəməsindən qaynaqlanır. Beləcə, öz istəyini reallaşdırmaq üçün cidd-cəhdlə çalışan ixtiraçı, baş verəcək xoşagəlməz nəticələr barədə düşünmür, bu məqamın üstündən keçir. Təbiətşünas Reyçel Karson, mükəmməl kitabı “Silent Spring”də yazır ki, ağcaqanad və digər böcəklərə qarşı çox uğurlu şəkildə istifadə edilən bəzi kimyəvi icadlar, istəmədiyimiz halda ötücü quşların aclıqdan ölməsiylə nəticələnmişdi. Bu kitab əvvəlcə Amerikada, sonra isə Almaniyada hiddət fırtınası qoparmış, nəticədə Almaniyada texnologiya və elmə (və Amerikaya) qarşı siyasi hərakata və Yaşıllar siyasi partiyasının qurulmasına səbəb olmuşdur.

Az diqqət çəkən xətalarımıza işarə edilməsi mühümdür. Bu xətaların şişirilməsini anlamaq olar və bu, bəlkə də səsin duyulması üçün gərəklidir. Ancaq elm və texnologiyamız vasitəsilə yanlışlarımızı düzəltmək varkən, elm və texnologiyaya bütünlüklə hücum etmək, təkcə səfehlik deyil, eyni zamanda tamamilə məsuliyyətsiz davranışdır və sensasiya düşkünlüyündən qaynaqlanır.

Bəziləri hətta sensasiya qoparmaqdan ötəri, uçuruma nə qədər yaxın olduğumuzu və bəlkə də bizi xilas etmək üçün bir diktatora ehtiyacımız olduğunu iddia edəcək qədər irəli gedir. Görünür, Hitlerin xatirəsi hələ də hafizələrimizdən silinməyib. Bu əhvali isə dəlilik kimi tərif edə bilərik.

Bəlli problemlərin, məsələn havanın çirklənməsinin xüsusi qanunla qaydaya qoyulması gərəklidir. Çox şey borclu olduğumuz “sərbəst bazar” adlanan sistemin ideoloji müdafiəçilərinin inandığına görə, sərbəst bazarın azadlığını məhdudlaşdıran belə qanunlar köləlik yolunda atılmış təhlükəli addımlardır.

Fəqət bunu da ideoloji cəfəngiyyat hesab edirəm. 49 il öncə İngiliscə hazırladığım “Açıq cəmiyyət və onun düşmənləri” adlı kitabımda vurğuladığım kimi, sərbəst bazar təkcə dövlət tərəfindən yaradılan və himayə edilən hüquq sistemi çərçivəsində mövcud ola bilər. Məsələn, sərbəst silah ticarətini də əhatə edəcək şəkildə, silahlı qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması bu çərçivə daxilində qəbul edilməlidir.

Dövlət vətəndaşlarının ümumi azadlığı naminə silah bazarının fəaliyyətini məhdudlaşdırdığımız kimi vəhşi heyvanların və döyüş itlərinin bəslənib yetişdirilməsini də qadağan etməyimizə gərək var və s. Azadlığın sərhədləri həmişə problematikdir və bəlli təcrübələrin nəticəsidir. Təbii ki, qanunlar istehsal prosesi zamanı zəhərli qazların saçılmasını məhdudlaşdırmalıdır. Digər tərəfdən, zəhərli qazlarla nəqliyyat vasitələrin yaratdığı hava çirkliyi arasındakı sərhəd də qeyri-müəyyən və problematikdir: Başqa təsirlərlə birgə, bu prosesin şiddəti nəqliyyat sıxlığına da bağlıdır.

Demək ki, nə olursa olsun sərbəst bazar prinsipinin yerinə daha əlverişlisini qoya bilərik: azadlığı yalnız və yalnız təcili səbəblərdən dolayı və son dərəcə gərəkli məqamlarda məhdudlaşdırmaq. Bu o deməkdir ki, nəyin bizimçün gərəkli olduğunun sərhədini müəyyənləşdirərkən, fikirlərimiz üst-üstə düşməyə bilər. Bu, azadlığın əsas rol oynadığı hər yerdə ortaya çıxan durumdur. Ona görə də bu məsələni sadəcə ətraf mühitlə bağlı problemlərlə və ağır sənayenin fəaliyyətiylə əlaqələndirmək yanlışdır.

Həqiqətən də bütün davranışlarımızın gözlənilməz sonucları vardır. Bəzilərini, kifayət qədər cəhd və məsrəf sərf etsək, bəlkə də əvvəlcədən dərk edə bilərik. Digərlərini isə əvvəlcədən kəsdirmək mümkün deyil.

Misal üçün, kimyaçı Otto Han və fizik Fritz Strassman uran parçalanmasını hədəfləyən təcrübəni gerçəkləşdirərkən nəticələrin necə olacağını qətiyyən bilməmişdilər. Müşahidə edilən və onlar üçün anlaşılmaz olan nəticəni o formada şərh etmək ağıllarına gəlməmişdi.

Bu izah, Hanın işdən çıxarılan iş yoldaşı fizik Liza Meytner və onun qohumu, mənim dostum fizik Otto Robert Frişin İşveçdə bir xizək gəzintisində aralarında yaranan mübahisə əsnasında ortaya çıxan yeni fikir idi. Üstəlik, əgər Friş bir az əvvəl Nils Borun köməkçisi olmasaydı və əgər Bor ona atom nüvəsinin yeni damla nəzəriyyəsindən bəhs etməsəydi, bu fikir əsla onların ağlına gəlməzdi.

Bu yeni, metaforik fikir haqqında bilgi Han və Strassmana təcrübəni düzgün şərh etməkdə yardımçı olsa da, nəticələri gözlənilməz etdi.

Bununla da, analizimin birinci hissəsini – texnologiyanı, ona yönələn hücumlardan müdafiə qismini – həyatda hamımızın xətaya yol verdiyini söyləyərək, Yaşılların, texnologiyanı günahlandırıb bütün problemlərin ondan qaynaqlandığını iddia edən mövqesinə etiraz edərək, vurğuladıqları hər problemin əslində nüfus bolluğundan yarandığını əsas gətirərək, qapadıram. Ancaq Yaşıllar nüfus partlamasından az söhbət açırlar. Yəqin, bu problemin həqiqi, ciddi analizi texnologiya düşmənliyini yanlış çıxaracağı üçün belə davranırlar.

Söhbətimizin ikinci qismi, texnologiyanı ona qarşı olan iddialardan qorumaqla yox, onu mədəni bir faktor kimi tərifləməklə, dəyərini göstərməklə bağlıdır.

Bu məqsədlə də iki cür icad sinfini bir-birindən fərqləndirmək istəyirəm: Mövcud olan sənayenin inkişafına yardım edən icadlar. Bu sinfin ən gözəl örnəyi, Ceyms Uattın, istifadəsi bir çox sənayeni ağır sənayeyə çevirən buxar maşınıdır. Belə icadları təkmilləşmiş istehsal ixtiraları hesab edə bilərik.

Müxtəlif yazı növləri, yazılı kitab (İsadan 500 il əvvəl), Afinada ilk kitab bazarının icadı, kitab nəşri, kopiya aparatları, yazı makinası, komputerlər və insan dilinin icadıyla ortaya çıxan digər ixtiralarsa ikinci sinfə aiddir. İlk kopiya aparatını ixtira edənin də buxar maşınını icad edən həmin Ceyms Uatt olması heyrətamizdi və bu məlumatı çox az insan bilir.

Bu kopiya aparatının quruluşu çox bəsit bir ideyaya əsaslanır. Bəlkə də uşaqlıqda istifadə etdiyiniz qurutma kağızını xatırlayarsız. Həmin əşyalar sürətlə quruyan mürəkkəb təcrübələri nəticəsində gərəksiz hala gəldilər. Uatt, özündə yenidən isladılan mürəkkəblə, onu sovuran qurutma kağızının kombinasiyasını hazırlamışdı. Normal qurutma kağızlarının üzərində əmələ gələn tərs yazıya səbəb olmasın deyə, Uatt öz ixtirası üçün xüsusi olaraq hazırlanmış incə kağız götürmüşdü. Mürəkkəb həmin kağızın içindən keçərkən sovrulurdu və kağızın digər tərəfində yaranan yazıları oxumaq olurdu.

Bu kağızların hazırlanmasını və mürəkkəbin tərkibini əhatələyən patentin tarixi 1780-ci ildir! Bildiyimiz ən əski kopiya aparatı olan bu icad o zamanlar çox məşhur idi, ancaq zaman keçdikcə unuduldu. Ancaq bu gün də çalışır. Nə qədər az kopya çıxarsa da, həmin dövrlərdə yazıçılar üçün böyük dəyəri var idi. Özümü yazı makinasında yazmağa alışdırmağa çalışarkən, o dövrlərin yazı makinasının səs-küyündən hədsiz narahat olduğumdan və əlyazmalarımı tez-tez itirdiyim üçün kopiya aparatının yazıçılar üçün daşıdığı əhəmiyyəti çox yaxşı anlayıram. Kopiya aparatının timsalında, önəmi və mədəni dəyəri bəlkə də kitab nəşrinin dəyəriylə müqayisə oluna biləcək, fəqət yetəri qədər diqqət görməmiş bir cihaz nümunəsiylə qarşı-qarşıyayıq.

Uzun zamandır ki, sadəcə mədəni önəm daşıyan başqa bir icad da fotoqrafdır. Fotoqraf, uzun dövrlər ərzində insanın şəxsi portret ehtiyacını təmin etdi. Bu təkcə həyatda qalmaq yolundakı şəxsi diləklə bağlı deyil – Misir mumyalarını xatırlayın – eyni zamanda da, ailə və dostları maksimum dərəcədə canlı şəkildə xatırlamaq ehtiyacımızı təmin edir.

Ancaq bütün bunların hamısından ən önəmlisi, nəhəng nəqliyyat inqilabının yol açdığı şəxsi ehtiyac oldu: Gorg Stivenson (ingilis ixtiraçı – mühəndisi -tərc.) və Henri Ford (Amerikalı avtomobil istehsalçısı-tərc.) inqilabı (İxtiraçının o olmadığını bilirəm, fəqət əvvəl Amerikanı, sonra da bütün dünyanı inqilaba aparan Ford oldu).

İlk dəmiryolları, çamadanlarıyla birlikdə yola çıxmaq istəyən insanlar üçün motorlu poçt faytonlarıydı. Əvvəlcə yük qatarları deyil, sərnişin daşıyan yol qatarları istehsal olunmağa başladı. Bu maşınlar da, əvvəllər öz yaxınlarını və dostlarını görmək istəyən insanların şəxsi ehtiyaclarıyla uyğunlaşırdı. Eyni proses digər nəqliyyat vasitələri üçün də keçərlidir. Məsələn, inqilabi Ford-T modeli ABŞ-da bir inqilab yaratdı və Amerikan insanına yeni bir həyat tərzi bəxş elədi. Bu inqilab həm də düşüncə inqilabıydı. İnsanların dünyaya yeni nəzərlə baxmasına, qeyri-şüuri zəncirlərdən qurtuluşa səbəb oldu. Bu yarışüurlu qurtuluşun əsas romanı Sinklar Luisin Free Air ( Azad hava) adlı romanıdır.

Ev işlərinin böyük hissəsi makinalar vasitəsiylə qaydasına salındıqdan sonra ev kölələrinin, digər adla desək, xidmətçi qızların xilası mümkün hala gəldi. Bu əxlaqi baxımdan da irəliyə atılmış böyük addım idi. Ən zəngin qadınları hesaba almasaq, digər bütün evdar qadınların bir zamanlar keçirdikləri bu nəhəng inqilabi hadisənin dəyəri bu gün demək olar ki, unudulub. Halbuki bu proses, insanı iztiraba düçar edən köləlikdən qurtulmaq anlamına gəlirdi. Məişətdə istifadə etmək üçün su daşımağın, neft lampalarının belə mövcud olmadığı bir zamanda isinmək üçün istifadə ediləcək kömürü daşımağın, bütün çamaşırların əl vasitəsiylə yuyulmasının hansı ağır zəhmətlər bahasına gerçəkləşdiyini bu gün kim təsəvvür edə bilər? Daha sonralar isə qazın, əvvəlcə zəif işıq saçan gecə lampasının, sonra da Auerin (Avstriyalı kimyaçı-tərc.) ixtira etdiyi gözəl qaz lampasının istifadə olunması, maddi üstünlükləriylə yan-yana həm də təmiz, parlaq mədəni nailiyyətlər idi.

1913-cü ildən başlayaraq insanların, daha doğrusu qadınların qurtuluşu yavaş-yavaş qaz ocağıyla başladı, 1922-ci ildən bəri isə qaz ocaqları kömürlə qızdırılan mətbəx ocaqlarının ciddi rəqibinə çevrildi. Mərkəzi istilik sistemləri belə uzun zaman kömür vasitəsiylə çalışdırılmışdı.

Bu gün öz yerini boş zamanın sevincinə buraxan əzablı ev işləri yəqin ki, o dövrlərdə insanın yaşam müddətini də qısaldırdı. Qadınlar və texnologiya düşmənliyi vəz edənlər də daxil olmaqla, bütün insanlar bu qurtuluşu texnologiyaya borcludurlar.

Bilgə.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button