Xəbərlər

“İcra başçısı pullarımızın bir qismini qaytarmaqla öz əməllərini ört-basdır etmək istəyir”

Gözdən əliillər üçün tikilmiş binadan mənzil almış vətəndaş ödədiyi pulu icra başçısından geri tələb edir

“Mən ordan mənzil alanda o binanın gözdən əlillər üçün tikildiyini bilməmişəm. Üstü açılanda dedilər, bina tikiləndə blokun biri qeyri-əlillər üçün nəzərdə tutulub. Sonradan məlum oldu ki, bina tam şəkildə əlillər üçün tikilibmiş. 7 il əvvəl o mənzilə görə 80 min dollar (o dövrün məzənnəsi ilə 60 min manat) ödəmişəm. Sonradan aldadıldığımı başa düşəndə pulumu geri tələb etməyə başladım. İstintaq oldu, çoxu kimi zərərçəkmiş olaraq tanındım. İş məhkəməyə getdi, sonra geri, istintaqa qaytarıldı. İndi icra başçısı deyir, pulum yoxdur, zərərin bir qismini qaytara bilərəm. Kimi razılaşır, kimi yox… Mən də pulumun tam ödənilməsini tələb edirəm”.

“7 ildən çoxdur istintaq və məhkəmə yollarında qalmışıq”

Elşad Ələsgərov 7 il əvvəl Nərimanov rayonu ərazisində gözdən əlillər üçün tikilmiş, Faiq Yusifov küçəsi, 40 ünvanındakı 12 mərtəbəli 132 mənzilli binadan 80 min dollar ödəyərək mənzil alıb. Meydan TV-yə danışır ki, sonradan binanın dövlət xəttiylə gözdən əlillər üçün tikildiyini bilib. Binadakı mənzillərin satışı ətrafında qalmaqal yarananda istintaq orqanlarına müraciət edib, zərərçəkmiş kimi tanınıb:

“7 ildən çoxdur ki, məhkəmələrdə və istintaq orqanlarında gedən süründürməçiliyin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevin qanunsuz əməllərinin qurbanına çevrilmişəm. Artıq bütün ölkə də bilir ki, Abidin Fərzəliyev və onunla əlbir olan dələduz məmurlar gözdən əlillər üçün tikilmiş binadakı mənzilləri qanunsuz satmaqla 160 ailənin ümumilikdə 8 milyon manatını ələ keçirib. Ancaq indi bizi icra hakimiyyətinə dəvət edir, bildirir ki, pullarımızın yalnız bir qismini qaytara bilər, biz qaytarılan məbləğlə razılaşmalıyıq, pullarımızın guya tam şəkildə qaytarılmasıyla bağlı sənədi imzalamalıyıq, şikayətlərimizi geri götürməliyik”.

“Bəzi zərərçəkmişlər məcburiyyət qarşısında razılaşdılar”

Elşad Ələsgərov deyir, zərərçəkmişlərin bir qismi məcburiyyətdən şərtlə razılaşsa da, çoxu razılaşmayıb və pullarının tam şəkildə ödənilməsini tələb edirlər:

“Zərərçəkmişləri yola gətirmək istəyən Abidin Fərzəliyevin adamları elə bir görüntü yaratmağa çalışırlar ki, guya onlara ödənilən pul vəsaiti məhduddur, kim bu sənədləri imzalamasa, onlara pul verilməyəcək. Bu yolla zərəçəkmişləri təkrar aldatmaqla məsələni öz xeyirlərinə ört-basdır etməyin yollarını axtarırlar. Bu fırıldaqçılar əslində 2013-cü ildə mənim 80000 ABŞ dollarımı əlimdən alsalar da, həmin dövrdə manatın məzənnəsinə uyğun olaraq 60000 manat məbləğini qeyd ediblər. İş orasındadır ki, bu məbləğin də 10-15 faizini geri qaytarmağı təklif edirlər. Dediyim kimi, razılaşmıram və sona qədər də razılaşmaq fikrim yoxdur. Onsuz da bizə dəyən maddi və mənəvi zərər külli miqdardadır. Məhkəmə, vəkil və sair xərcləri hesablayanda itirdiyimiz vaxtımız, əziyyətimiz…”


24 saat” ““İcra başçısı pullarımızın bir qismini qaytarmaqla öz əməllərini ört-basdır etmək istəyir”” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button