ÖLKƏ

İran öz maşınlarının Laçın və Qarabağa daxil olmasını qadağan edir

Loading...

İranın Yollar və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat şirkətlərinə göndərdiyi təlimatda İran sürücülərinin və vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ və Laçın rayonlarının ərazisinə daxil olmasının qadağan olunduğunu bildirir.

İranın Mehr xəbər agentliyinin məlumatında deyilir ki, İranın Beynəlxalq Nəqliyyat və Tranzit Yollar Təşkilatının direktoru Məhəmməd Cavad Hidayəti bu barədə beynəlxalq yük daşımaları şirkətlərinin həmkarlar təşkilatlarına sərəncam məktubu göndərib.

Məktubda İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən bildirilir ki, Azərbaycan Respublikasının ərazisinə rəsmi sərhəd keçidlərindən başqa yerlərdən daxil olunması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

Yollar və Nəqliyyat Nazirliyinin sərəncamında İran yük daşımaları şirkətlərinə xatırladılır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın rayonlarına Ermənistan ərazisindən giriş qadağan edilir.

Dağlıq Qarabağla ticarət razılaşmaları da qadağan olunur

Nazirlik bunu da əlavə edir ki, Dağlıq Qarabağ regionu ilə hər hansı ticarət razılaşmalarının imzalanmasına və ya bu regiona yük daşımaları üçün yol sənədlərinin verilməsinə də qadağan qoyulub.

Londondan yayınlanan Iran International telekanalının saytında İran xəbər agentliklərinə istinadən dərc olunmuş məlumatda deyilir ki, nazirlik bu qadağanı Azərbaycan tərəfinin etirazlarına görə qoyub.

Xəbərdə xatırladılır ki, İrandan Ermənistana gedən yük maşınlarının böyük əksəriyyəti bir hissəsi Azərbaycanın nəzarətində olan avtomobil yolundan istifadə edir.

Iran International bildirir ki, Tehran və Yerevan yük maşınlarının maneəsiz hərəkəti üçün alternativ yolun çəkilməsi barədə razılığa gəliblər.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button