2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İran qadınlarını Suriya qadınlarına necə qibtə elətdirdilər?

İran qadınlarını Suriya qadınlarına necə qibtə elətdirdilər?

Saytların yığılması Saytlarin yigilmasi

“The Guardian” yazır ki, İran parlamentinin qadın millət vəkilləri futbol üzrə Dünya Çempionatının seçmə oyunları çərçivəsində Tehranda keçirilən İran-Suriya matçına qadın azarkeşlərin buraxılmamasını kəskin tənqid ediblər.

Məqalədə deyilir ki, ötən çərşənbə axşamı keçirilən bu oyuna biletlərin hər iki cinsin nümayəndələrinə satılacağı əvvəlcədən elan edilsə də, sonradan qadınlara bilet satılması qadağan edilib və əvvəlki icazəsinin texniki səhv ucbatından verildiyi bildirilib.

Beləliklə, Tehranın nəhəng Azadi stadionuna gedən bir qrup qadını oradan geri qaytarıblar. Onlar etiraz mitinqi keçirmək istəyəndə isə həbs olunacaqları ilə hədələniblər.

Maraqlıdır ki, suriyalı azarkeş qadınlar stadiona buraxılıb və oyuna tamaşa ediblər. Bu da qeyd olunur ki, suriyalı qadınlardan bəziləri hətta başlarını örtməmişdilər.

Bu hadisə İranın bəzi qəzetlərinin başlıqlarına çıxıb. Bahar qəzetinin baş məqaləsi “İran paradoksu” adlanırdı. Bu məqalədə deyilirdi ki, “ev sahibləri çöldə qaldıqları halda, qonaqları stadiona buraxıblar”.

Qəzet həmçinin öz komandalarını alqışlayan başı açıq suriyalı qadınlarla, stadionun çölündə etiraz edən iranlı qadınların fotolarını yanaşı çap edib.

“The Guardian” yazır ki, İran qadınlarının futbol matçlarına baxmasına yalnız qadın futbolu zamanı icazə verilir.

Məqalədə deyilir ki, İranda qadınların futbol matçlarına buraxılmaması yenilik deyil, lakin qəzetlərin bunu baş mövzu etməsi ilk dəfədir yer alır.

Bu arada İran parlamentinin qadın millət vəkilləri cinsi diskriminasiyanın aradan qaldırılmasına çağırıblar. Onlardan biri – Fatimə Hüseyni deyib ki, bu hadisə ilə əlaqədar ölkənin idman nazirini sorğu-sual üçün parlamentə dəvət edəcək.

O özünün Twitter hesabından nazirə belə bir sual verib: “Bu ayrı-seçkiliyə son qoymaq üçün nə isə edəcəksinizmi?”

İsfahandan olan islahatpərəst millət vəkili Nahid Tacəddin isə Twitterdə yazıb ki, bu hadisənin ən rüsvayçı tərəfi cinsi diskriminasiyaya, milli diskriminasiyanın da əlavə edilməsidir.

İsfahan Texnologiya Universitetinin 24 yaşlı tələbəsi Fərnaz deyib ki, o, bu matça baxmaq üçün avtobusla 7 saatlıq yol gəlib. O deyib ki, ötən apreldə kişi paltarı geyinərək Azadi stadionunda sevimli komandası Persepolis klubunun oynadığı matça tamaşa edə bilmişdi.

“The Guardian” qəzetinə deyib ki, “evdə boş-boşuna oturmaqdansa, ən azı etiraz aksiyası keçirmək istəyib”.

Tələbə qız bildirib ki, stadionun adı Azadi, yəni Azadlıqdır və qadınlar da məhz bunu istəyirlər.

Əvvəllər öz mübarizəsinə görə həbsxanaya salınmış tanınmış qadın haqları kampaniyaçısı Şiva Nəzər-Əhəri deyib ki, stadionun bayırında 20-dək qadın etiraz aksiyası keçirib. Onun özü də bu matça baxmaq üçün hərəsi 5 dollardan iki bilet almışdı.

“Biz ümid edirdik ki, bizi də içəri buraxacaqlar. İki saat idi ki, növbədə dayanmışdıq. Əvvəl dedilər ki, bizi işəri buraxmağa çalışacaqlar. Elə bu vaxt suriyalı qadınlar rahatca stadiona daxil olurdular. Bizə isə icazə vermədilər. Bu çox böyük pərtlik idi. Mən az qalırdım ki, ağlayım” – deyib Şiva.

Çərşənbə axşamı keçirilən matç 2-2 hesabı ilə heç-heçə başa çatıb və bu, suriyalıların gələn il Rusiyada keçiriləcək Dünya Çempionatına yetişmək ümidini “diri saxlayıb”.

İran bu qrupdan finala çıxışını artıq təmin edib. Tehran Bəşər əl-Əsəd rejiminin müttəfiqidir.

Sosial media istifadəçilərindən biri zarafatla yazıb: “Yəqin ki, İnqilab Keşikçiləri hansı komandaya azarkeşlik etmək seçimində çətinlik çəkiblər…”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button