Xəbərlər

İran Rusiyada pilotsuz aparatlar istehsal edəcək

Qəzet Rusiyanın İran PUA və dronlarına lazım olacaq hissələri necə və haradan əldə edəcəyininin məlum olmadığını yazır

Moskva ilə Tehran Rusiyada İranın döyüş pilotsuz uçan aparatlarının (PUA) istehsalına dair razılığa gəliblər.

Bu barədə ABŞ və müttəfiqlərinin kəşfiyyat məlumatlarına istinadən “The Washington Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, belə bir razılıq noyabrın əvvəlində Tehranda əldə edilib. Qəzet istehsalın “aylar” ərzində başlaya biləcəyini vurğulayır.

Qəzetin yazdığına görə, avqust ayından Rusiya ordusu Ukraynaya qarşı İran istehsalı olan 400-ə qədər pilotsuz aparatlardan istifadə edib. Amma buna baxmayaraq həm Moskva, həm də Tehran İranın Rusiyaya silah tədarükünü inkar edir.

Nəşr payızda ABŞ-ın bu cür silahlar istehsal edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladır və qeyd edir ki, PUA istehsalının Rusiyaya ötürülməsi İranı yeni sanksiyalardan qoruya bilər.

Amma qəzet onu da vurğulayır ki, rəsmi Tehranın sövdələşmə əvəzində Moskvadan konkret nə gözlədiyi məlum deyil. Jurnalistlərlə danışan bir mənbə deyib ki, Kreml ən azı İran rejiminə beynəlxalq təzyiqləri azaltmaq üçün diplomatik və iqtisadi dəstək təklif edir.

Vurulmuş İran pilotsuz aparatlarının qalıqlarının tədqiqi göstərir ki, onlar sanksiyalardan yayınmaq üçün tədarük edilən Qərb istehsalı komponentlərdən geniş istifadə edirlər.

Rusiyanın bu komponentləri necə əldə edəcəyi məlum deyil. Qəzet Rusiya müəssisələri tərəfindən hansı dronların istehsal olunacağı barədə məlumat vermir.

İndiyə qədər Rusiya Ukraynada İran istehsalı olan “Geran-1” və “Geran-2”, “Şahed-131” və “Şahed-136” kamikadze dronları, “Moxadjer-6” çoxməqsədli pilotsuz uçuş aparatlarından istifadə edib.

“Washington Post” Rusiya səfirliyindəki və İranın ABŞ-dakı nümayəndəliyindəki mənbələrdən şərh istəyib. Rusiya diplomatları jurnalistləri Müdafiə Nazirliyinə yönəldiblər , amma oradan nəsə bir cavab almaq mümkün olmayıb. İran nümayəndəliyindən isə bildiriblər ki, Tehranla Moskva uzun müddətdir hərbi, elmi və tədqiqat sahələrində əməkdaşlıq edir. Sözügedən məsələyə gəlincə, İran nümayəndəliyindən suallara cavab verməkdən imtina ediblər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rusiyanın işğalı başlayandan bəri Ukraynada 437 uşaq həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button