Xəbərlər

İranda Amininin ölümündən ilk yazan 2 jurnalist vətənə xəyanətdə ittiham olunur

İran hakimiyyəti 22 yaşlı fəal Məhsa Əmininin ölümü haqqında ilk xəbər yazan iki jurnalisti vətənə xəyanətdə və ABŞ kəşfiyyatına işləməkdə ittiham edir. Ölkə qanunlarına görə, belə ittihamlarla günahlandırılanları ölüm cəzası gözləyir.

Rəsmi Tehran dəfələrlə bəyan edib ki, Əmininin ölümündən sonra ölkəni bürümüş kütləvi etirazların arxasında ABŞ və “sionistlər” dayanır.

Jurnalistlər Nilufər Həmidi və Elae Məhəmmədi kütləvi etirazlar başlayandan az sonra həbs ediliblər.

Onların Evin həbsxanasında saxlandığı güman edilir.

İranın xüsusi xidmət orqanları birgə bəyanat yayaraq jurnalistləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri adlandırıblar. Bəyanatda o da iddia olunur ki, ölkədə bir aydan artıqdır davam edən etiraz aksiyaları Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad və digər Qərb kəşfiyyat orqanları tərəfindən təşkil edilir.

İranda etirazlar başlayandan bəri ümumilikdə 40-dan çox jurnalist həbs edildiyi bildirilir. Azadlıqda qalan jurnalistlər isə bildirirlər ki, xüsusi xidmət orqanları onları izləyir, telefonları dinlənilir, yazışmalarına nəzarət edilir.

Bu barədə “The Guardian” qəzetində dərc olunan yazıda qeyd olunur ki, iranlı jurnalistlər bildirirlər ki, təqib riski səbəbindən artıq əcnəbi həmkarları ilə, hətta heç bir əcnəbi ilə əlaqə saxlaya bilmirlər.

Jurnalistlər Həmidi və Məhəmmədiyə qarşı irəli sürülən vətənə xəyanət və casusluq ittihamının bütün İran mediasına qarşı kütləvi hücum presedentinə çevriləcəyindən ehtiyat edirlər.

İranda hicabı “səhv” geyindiyinə görə həbs edilən 22 yaşlı Məhsa Əmini bir müddət sonra vəfat edib. Bu hadisədən sonra İranda etirazlar başlayıb və hələ də davam edir. Etirazçılar Əmininin ölümündə polisi ittiham edirlər. Etirazlar başlayandan bəri 200-dən çox insan həlak olub.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Seulda Hellouin izdihamında azı 120 nəfər ölüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button