Xəbərlər

“İranın ölkəmizdə olan gizli və açıq tərəfdarları təhlükə mənbəyi olaraq qalır”

İranla Azərbaycan arasında yaşanan gərginlik bütün dünyanın və beynəlxalq medianın diqqət mərkəzindədir. Bir aydan çoxdur davam edən gərginlik arabir səngisə də, bitmək bilmir. 

Son günlər İranla Azərbaycan arasında artan gərginlik fonunda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı barədə məlumatlar yayılıb. 

İran durmadan Azərbaycanla sərhəddə və Xəzər dənizində ard-arda hərbi təlimlər keçirir. Həmin təlimlər ekspertlər tərəfindən birmənalı qarşılanmır. 

İranın məqsədinədir? İran Azərbaycandan nə istəyir? İki ölkə arasındakı gərginlik nə ilə yekunlaşa bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb. 

* * *

Sual: İlham bəy, İran niyə əməllərindən əl çəkmir? Məqsədi nədir?

Cavab: İranın bizdən əl çəkməməyi təzə hadisə deyil,  biz müstəqilliyimizi qazandığımız gündən İranın hədəfindəyik. Azərbaycan müstəqillik əldə edəndən sonra torpaqları 30 il işğal altında qaldı və bu İranı məmnun edən vəziyyət idi. Zəif Azərbaycan İranı qane edirdi. 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənməsi, nüfuz sahibi olması, üstəlik Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləri İranı qıcıqlandırır. İran Qafqaz bölgəsində artıq söz sahibi olmadığını görür, ona görə də Azərbaycanı təhdid etməklə, bizim maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir və bəhanələr gətirməklə özünə haqq qazandırmaq niyyətindədir. İranın Azərbaycana qarşı apardığı siyasətdə bəzi detallarda dəyişiklik ola bilər, amma mahiyyətinə təsir etməyəcək. İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir, bizə qarşı ən böyük hədəfi isə dünyəvi, sivil dövlət qurluşunu dəyişdirib şəriət dövləti qurmaqdır.  

Sual: Son günlər İranla Azərbaycan arasında artan gərginlik fonunda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı barədə məlumatlar yayılıb. Sizcə, İran bu kimi qruplaşmalar vasitəsi ilə Azərbaycanda  hansısa terror, hadisə,  təhlükə yarada bilərmi?

Cavab: İranın indiyədək yaratdığı bu tip təşkilatların, başda “Hizbullah” olmaqla, fəaliyyət istiqamətləri əsasən ideoloji və terror xarakterli olub. Təşkilatların əksəriyyəti bu iki funksiyanı eyni zamanda həyata keçiriblər- həm İran islam inqilabının digər müsəlman ölkələrinə ekspansiyası ilə məşğul olublar, həm də terror hadisələri, kəşfiyyat-diversiya təxribatları törətməklə məşğul olublar. 2019-cu ildə Suriyada yaradılmış “Hüseynçilər” də bu qəbildən olan bir təşkilatdır. SEPAH-la bağlı olan “Hüseynçilər”in bayrağında ön planda avtomat silah dayanır, bu da onu göstərir ki, hərbiləşmiş bu dəstənin əsas hədəfi terrordur, silahlı mübarizədir. Üstəlik, bayraqda Azərbaycanın gerbinin və xəritəsinin olması göstərir ki, SEPAH-ın ölkəmizdə yaratmaq istədiyi ( bəlkə də yaradıb) bu dəstə ideoloji müstəvidə deyil, terrorçuluq müstəvisində fəaliyyət göstərməyə hazırlaşır.  

Sual: İran Azərbaycanda  terrorçuların olduğunu dilə gətirir. Rəsmi Bakı İran XİN başçısının Azərbaycan ərazisində guya “terrorçuların” olması haqqında ittihamlarını qətiyyətlə təkzib edir. Terrorçu, terror məsələsi artıq hansısa təhlükələrdən xəbər verə bilər. Ola bilərmi İran bunu bəhanə edib, Azərbaycana qarşı hansısa addımlar atsın?

Cavab: İranın Azərbaycan ərazisində terrorçuların olması barədə yalanları özünün terrorla müdaxiləsinə bəhanədir. Bütün dünyada terroru yaradan, dəstəkləyən, maliyyələşdirən İranın dediklərinin bəhanə olduğunu beynəlxalq aləm də yaxşı bilir. Biz ərazimizdə niyə terrorçu dəstəsi saxlayaq ki? Azərbaycanın adı  indiyədək hansısa bir terror hadisəsinin baş verməsində birbaşa deyil, heç dolayısı yolla da çəkilməyib. Əksinə, Azərbaycan Ermənistanın və radikal dindarların, o cümlədən İranmeyilli şiə radikal qruplaşmaların terror hədəfində olub və hiss olunur ki, İran “Hüseynçilər”lə bu işə yeni təkan vermək niyyətindədir. Üstəlik, İsrailin adını hallandırmaqla da özünə islam ölkələri arasında haqq qazandırmaq istəyir. İran sadəcə Azərbaycanın müharibədə qələbəsini və nəticədə güclənməsini, Cənubi Qafqazda yeni reallıq yaratmasını qəbul edə bilmir, necə ki, 30 ildir müstəqilliyimizi də sindirə bilmədiyi kimi.  Bölgədə yaranmış yeni geosiyasi durumda İranın yeri yoxdur və bu vəziyyətlə razılaşmaq istəmir. Türkiyənin, Rusiyanın bölgədə təsir gücü fonunda İran ofsaydda qalması ilə razılaşa bilmir və bunun səbəblərinin məhz Azərbaycan olduğunu, qələbəmizin olduğunu yaxşı dərk edir və bölgədə böyük dövlətlərlə mübarizə aparmaqdan çəkindiyinə görə zəif halqa kimi bizi hədəfə alır. 

Sual:  Azərbaycan öz əraizisndə hərbi təlimlər keçirir, İran dərhal Azərbaycanla sərhəddə təlimlərə start verir. Azərbaycanın Xəzərdə hərbi təlimlər keçirir. Eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Bunu sübut edən görüntülər sosial mediada yayılıb. Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. İran bu addımlarla nə demək istəyir? Nədənsə çəkinir, narahatdır, yoxsa durmadan Azərbaycana güc nümyiş etdirmək niyyətindədir?

Cavab: 30 illik işğal dövründə sərhədlərimizə yaxın yerlərdə hərbi təlimlər keçirməyən İranın indi bu işə başlamasının bir məqsədi var-Azərbaycanı qorxutmaq. Bu istər Xəzərdə, istərsə də quruda yalnız bu məqsədə xidmət edir. İran Xəzərdə 2000-ci ildə də saymazyana hava məkanını pozmuşdu və o zaman Türkiyə hərbi təyyarələri Bakıda səma göstərisi nümayiş etdirib İrana cavab vermişdi. İndi Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil, xeyli güclənib, üstəlik Türkiyə, Pakistan kimi dövlətlərlə qarşılıqlı hərbi yardım müqavilələri imzalayıb. İran bunu bilir, amma yenə də bizi qorxutmaq, gücünü göstərmək istəyir. Bu məqsədlə Rusiyadan siyasi dəstək almağa çalışsa da, planları suya düşdü. XİN rəhbəri Abdullahyani Moskva səfərindən məyus döndü və Azərbaycana, Ermənistana səfər edəcəyi barədə açıqlamalar verib, KİV- də yazılanlara fikir vermədən münasibətləri düzəltməyə çalışır. İki ölkə arasında münasibətlərin normallaşması çox yaxşıdır, amma bu işdə İran daha çox itirdi. İndiyədək əsl simasını gizlətdiyi, qeyri-səmimi olduğu məlum olsa da, son hərəkətləri çılpaqlığı ilə əsl İranın üzünü göstərdi və Azərbaycanda mövcud olan tərəfdarları bunu fərqindədirlər. İranın ölkəmizdə olan gizli və açıq tərəfdarları təhlükə mənbəyi olaraq qalır və onlara qarşı həm hüquqi, həm də profilaktik və maarifləndirici işlərin görülməsi vacibdir.  

Sual:  İran və Azərbaycan arasındakı bu gərginlik nə vaxt və nə ilə bitə bilər? 

Cavab: Neçə ki, İran İslam Respublikası mövcuddur, Azərbaycanla münasibətləri həmişə gərgin olacaq, sadəcə bu gərginliyin indiki kimi soyuq müharibə həddi var, bir də yüngül forması mövcuddur. İndiki soyuq müharibə ləng olsa da yerini adi gərginlik fazasına keçirmək istiqamətindədir. Amma, İranın Azərbaycana qarşı bütün ideoloji və hərbi fəaliyyətinə qarşı daim hazırlıqlı olmalı, təhlükəsizlik qüvvələri başda olmaqla öz funksiyasını yerinə yetirməli, Qafqaz müsəlmanları idarəsi və Dini işlər üzrə komitə isə bu istiqamətdə maarifləndirici fəaliyyətini artırmalıdır. İran parçalayıcı bir qüvvədir, xalqın dövlətlə birliyi bu qüvvənin özünü parçalamaq üçün vacib amildir.

Kamran Mahmudov

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button