2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Jurnalistə xəbərdarlıq: ‘Məmurdan yazmaq olmaz’

«Prezidentin təyin etdiyi məmurlardan yazmaq olmaz», – «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı baş prokurorun birinci müavini Rüstəm Usubovun ona belə bir xəbərdarlıq etdiyini bildirir. Onun iddiasına görə, ötən həftə «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyevlə müsahibə yayıldıqdan sonra Baş Prokurorluğa çağrılıb.

««Hörmətli cənab prezidentin etimad göstərdiyi və təyin etdiyi məmurlardan yazmaq olmaz» – mənə belə deyildi… Təyinat bir tərəfə, mənə dedilər ki, prezidentin sevdiyi, saydığı, hörmət etdiyi adamlardan da yazmaq olmaz. Son dərəcə adi, sıradan bir müsahibə bu gün ölkə gündəminə çevrilibsə, hansısa məmur, prezidentin köməkçisi bunu özünə qara PR, sifariş hesab edirsə, buna təəccüb edirəm. Belə çıxır ki, heç kimdən, heç nədən yazmamalıyıq. Bu, birbaşa azad söz, müstəqil media, medianın dördüncü hakimiyyət olması barədə prinsipləri darmadağın edir. Hakimiyyətin onuncu, on beşinci dərəcəli adamı haqda iki söz gündəmi dəyişir. Belə ölkəmi olar? Biz Heydər Əliyevi manşetə qoymayanda deyirdilər ki, «qəzet yaxşı çıxmır». İndi JEK müdirlərindən, məktəb direktorlarından yaza bilməmək həddinə çatmışıq. Bunu ölkə rəhbəri özü dəyərləndirməlidir ki, Azərbaycan bu şəkildə hara gedir», – redaktor deyir.

Ə.Zeynallının sözlərinə görə, «Azərbaycanda sabitliyi pozduğu, ictimai rəyi çaşdırmaq istədiyi, məmurları bir-birinə düşmən edəcək yazılar, onlarla bağlı ittiham, böhtan, təhqir verdiyinə görə» ona xəbərdarlıq edilib. O, xəbərdarlığı imzalamadığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

«Mən hesab edirəm ki, baş prokurorun və ya müavininin redaktora «Sən bunu yazacaqsan, onu yazmayacaqsan» deyə xəbərdarlıq imzalatmaq səlahiyyəti yoxdur», – «Xural» qəzetinin redaktoru bildirir.

Qeyd edək ki, M.Əliyev sözügedən müsahibədə həbsinin səbəblərindən, Birinci vitse-prezident Mehriban Əliyevanın adamları ilə mediada gözlənilən islahatlar barədə apardığı danışıqlardan, həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oynadığı roldan söz açıb.

Arif Əliyev

Arif Əliyev: «Daş dövrünün düşüncəsidir»
«Prezidentin etimad göstərdiyi, təyin etdiyi məmurları tənqid etməmək kimi xəbərdarlıq tamamilə anormal bir haldır», – «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyir.

«İlk növbədə tənqidə məruz qala biləcək şəxslər icra hakimiyyətinin aparıcı şəxsləridir. Onları da prezident təyin edir. «Tənqid etmək olmaz» nə deməkdir? Bu, daş dövrünün düşüncəsidir. Təəssüf ki, bu düşüncəyə bizim hüquq-mühafizə orqanlarında tez-tez rast gəlirik. Amma bu dərəcədə absurd yanaşma tərzini birinci dəfədir eşidirəm», – o, sözlərinə əlavə edir.

«Məmur toxunulmaz deyil», – Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «525-ci qəzet»in redaktoru Rəşad Məcid belə deyir. «Mən bilmirəm bu nə dərəcədə ciddidir, amma Baş Prokurorluğun o şəkildə, yəni «məmurları tənqid etmək olmaz» kimi media qurumunun rəhbərinə xəbərdarlıq etməsi təəccüblü gəldi. Media qurumunun elə əsas funksiyası hakimiyyətin fəaliyyətinə nəzarət etmək, qüsurları göstərməkdir», – deyən R.Məcidin qənaətincə, prokurorluq orqanın nümayəndəsi elə bir söz deyirsə, bu, qeyri-peşəkarlıqdır.

Rəşad Məcid

«Ciddi məmurun, ciddi hüquq-mühafizə orqanı əməkdaşının dilindən elə söz çıxmamalıdır», – o vurğulayır.

Sözügedən müsahibədə prezidentin köməkçisi Ə.Həsənovla yanaşı, baş prokuror Zakir Qaralovun da adı hallanır. Cənab Həsənov bununla bağlı ötən həftə «Yeni Müsavat»a müsahibə verib. A.Əliyev Ə. Həsənovun deyilənlərə reaksiyasını normal sayır: «Hətta indiki böhranlı dövrdə mediadakı çıxışların diqqətdən kənar qalmaması onun təsirini, əhəmiyyətini itirməməsinin göstəricisidir».

R.Məcid Azərbaycanda məmurların mediaya qeyri-ciddi münasibəti yarandığını qeyd edir. Bunu da çox sayda saytların yaranması ilə bağlayır: «Media adına iddia edənlər çox olanda onların yazdıqlarına reaksiya da olmur, qeyri-ciddi imic yaradılır. Buna görə bəzən ciddi mətbuat orqanlarının yazdıqlarına da biganə qalırlar».

AzadlıqRadiosu deyilənlərlə bağlı Baş Prokurorluqdan açıqlama almağa çalışır.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov görüşdə olduğu üçün sualı az sonra cavablandıracağını, başqa bir deputat Fuad Muradov isə müsahibəylə tanış olduqdan sonra danışa biləcəyini söyləyib.
azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button