Məhbusun məhkəmədə öldüyü deyilir

Bugün, martın 3-də dövlətə xəyanət ittihamı ilə həbs edilən Səbuhi Səlimovun məhkəmədə vəfat etdiyi bildirilir
Bugün, martın 3-də dövlətə xəyanət ittihamı ilə həbs edilən Səbuhi Səlimovun məhkəmədə vəfat etdiyi bildirilir.
Bu barədə “Turan” Agentliyinə “Müsəlman Birliyi” Hərəkatından (MBH) məlumat verilib.
Səbuhi Səlimovun 2021-ci il oktyabrın 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlandığı, dövlətə xəyanətdə günahlandırıldığı və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 17 il azadlıqdan məhrum edildiyi deyilir.
Hüquq müdafiəçilərinin bildirməsinə görə, o, İranın xüsusi xidmət orqanlarına casusluqda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslərin göstərişlərini yerinə yetirməkdə təqsirli bilinib.
Bununla belə, özü bu ittihamlarla razılaşmırdı.
MBH-dən də qeyd olunub ki, Səlimov ittihamlara etiraz olaraq aclıq aksiyasına başlamışdı:
“Səbuhi Səlimov 52 gün aclıq, ondan son 7 gün quru aclıq etmişdi. Dünən, martın 1-də səhhətində ciddi problemlər yaranıb və o, aclığı dayandırmağa məcbur olub, müəyyən qədər su, qida qəbul edib”.
Hərəkatdan vurğulanıb ki, martın 3-də Bakı Apellyasiya Məhkəməsində Səlimovun şikayətinə baxılıb və onunla bağlı əvvəl verilən məhkəmə qərarı qüvvədə saxlanıb:
“Bu da gərginlik yaradıb, Səbuhi qışqırdı, etirazını bildirdi və qərarı sifarişli adlandırdı. Bu vəziyyətdə də ürəyi tutub və məhkəmə salonunda barmaqlıqlar arasında vəfat edib”.
Səbuhi Səlimovun yaxınları da “Turan”a onun ölümünü təsdiqləyiblər.
Amma bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmət, Bakı Apellyasiya Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.