Masallı xəstəxanasının baş həkimi həbs edilib

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi həbs edilib. Bununla bağlı bu gün, dekabrın 28-də Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Eşqin Əliyev vətəndaşdan rüşvət alarkən saxlanıb: “Eşqin Əliyevin cari ildə vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, tibb müəssisəsində şəxslərin işə qəbulu, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.
O, Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə ittiham edilərək barəsində məhkəmənin qərarına əsasən həbs-qətimkan tədbiri seçilib.
Rəsmi ittihama E.Əliyev və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
İttihamlar təsdiqini taparsa, ona 12 ilə qədər həbs cəzası verilə bilər.
E.Əliyev cəmi 10 ay əvvəl, 2022-ci ilin fevralında Masallı Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunmuşdu.