2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

MDB diktatorları: prezidentlər hakimiyyəti əllərində on illərlə necə saxlayırlar?

Janna Baytelova, Mediaşəbəkə

Rusiyada Prezident seçkiləri ərəfəsində MDB ölkələri liderlərinin sükan arxasında necə qalmaları barədə xülasə hazırlanıb. Məqalədə deyilir ki, onlar özlərinə müstəsna səlahiyyətlər veriblər, prezidentlik müddətini sıfırlayıblar, hakimiyyəti vərəsə kimi alıblar. Və hamısı, bir nəfər kimi, seçkiləri saxtalaşdırıb.  

Qazaxıstan: millətin lideri Nazarbayev

Hakimiyyətə hamıdan əvvəl Nursultan Abişeviç Nazarbayev gəlib və elə o da hamıdan çox hakimiyyətdə qalıb. Nazarbayev 30 il ərzində Qazaxıstanın ilk və yeganə Prezidenti olub. Ölkədə hətta “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Yelbası haqqında” qanun da qəbul olunub. “Yelbası” sözü qazax dilindən tərcümədə “millətin lideri” mənasını verir. Nazarbayev hələ Sovet İttifaqı dövründə respublikaya rəhbərlik edib, Ali Sovet onu 1990-cı ilin aprelində Qazaxıstan SSR-in Prezidenti seçib. Nazarbayev 1991-ci il dekabrın 16-sı artıq müstəqil Qazaxıstanın Prezidenti olub. O 1995-ci ilin martında respublikanın müxalif əhval-ruhiyyəli Ali Sovetini buraxıb, apreldə isə prezident səlahiyyətlərinin vaxtının 2000-ci ilədək uzadılması ilə bağlı referendum keçirib.    

Saytların yığılması Saytlarin yigilmasi

Nazarbayev prezidentlik müddəti başa çatanadək hakimiyyətdə qalmaq üçün müxtəlif yollara əl atıb. Belə ki, əvvəlcə 1998-ci ilin oktyabrında Konstitusiyada dəyişikliklər edib – prezident səlahiyyətlərinin müddətini 5 ildən 7 ilədək uzadıb və son yaş həddi senzini çıxarıb (əvvəllər ali dövlət vəzifəsində yalnız 60 yaşadək qalmaq olardı). 58 yaşlı Nazarbayev daha sonra 10 yanvar 1999-cu ilədək növbədənkənar Prezident seçkiləri təyin edib və sözsüz ki, bu seçkilərdə qalib gəlib. Son olaraq prezidentlik möhlətini sıfırlayıb. 2000-ci ilin iyununda Konstitusiya Şurası qərar verib ki, Nazarbayevin 1999-cu ildə faktiki olaraq ikinci dəfə seçilməsi de-yure olaraq onun ilk prezidentlik müddətidir, belə ki, bundan əvvəlki seçkilər köhnə Konstitusiya ilə keçirilib.     

Nursultan Abişeviç ikinci dəfə 2005-ci il dekabrın 4-ü vaxtından əvvəl keçirilmiş seçkilərdə Prezident seçilib. Nazarbayev 2007-ci ilin mayında Konstitusiyada ikinci dəfə düzəlişlər edib – müddətin say məhdudiyyətini aradan qaldırıb. Əsas qanuna görə, prezident kürsüsünə iki dəfədən çox seçilmək olmazdı, lakin Nazarbayev bu məhdudiyyətin birinci Prezidentə aid olmadığını bəyan edib.  

Bundan başqa, birinci prezidentin özü xüsusi siyasi status alırdı ki, bu status da Konstitusiyanın “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqda” qanunu ilə möhkəmlənirdi, – “Respublika” qeyd edir.  

Üstəlik, Konstitusiyadakı bu dəyişikliklər parlamentə birmandatlı seçki dairələri üzrə seçilmək imkanını istisna edirdi və parlament seçkiləri yalnız partiya siyahıları üzrə keçirilə bilərdi. 

Nazarbayev bundan sonra parlamenti buraxdı və növbədənkənar parlament seçkiləri təyin etdi. Səsvermənin hesablanması nəticəsində “Nur otan” partiyası qalib gəldi. Həmin partiyaya Nazarbayev sədrlik edirdi. Nəticədə ölkənin ali nümayəndə və qanunverici orqanı bir partiyadan ibarət oldu. Beləliklə, “birinci Prezident” hakimiyyətini bir az da möhkəmləndirdi. 

İkinci prezidentlik müddəti sona çatmağa başlayanda, Konstitusiyaya növbəti dəyişikliklər ediləcəyi və Nazarbayevin səlahiyyətlətinin 2020-ci ilədək uzadılacağı barədə məlumatlar yayılmağa başladı – ölkə rəhbərini işindən-gücündən ayırmaq və büdcə pullarını havayı yerə seçkilərə xərcləmək lazım deyil. Daha sonra Konstitusiyanın “Birinci prezident haqda” qanununa edilən dəyişikliklərə görə, Nazarbayevə “Ölkə lideri – Yelbası” titulu verildi. Bundan başqa, təkcə onun özünə deyil, ailə üzvlərinə də müstəsna imtiyazlar verildi. Daha sonra prezident səlahiyyətlərinin müddətinin uzadılması ilə bağlı referendumun keçirilməsi üçün imza kampaniyasına start verildi. Parlament Konstitusiyaya müvafiq dəyişikliklər də hazırladı, lakin dünya ictimaiyyəti buna mənfi reaksiya verdiyinə görə həmin dəyişikliklər Konstitusiya Şurası tərəfindən rədd edildi.          

Növbəti Prezident seçkiləri 2011-ci il aprelin 3-də vaxtından əvvəl keçirildi. MSK-nın məlumatına görə, “millətin lider”inə 99,55% səs verildi. Nursultan Abişeviç faktiki olaraq beşinci dəfə həmçinin vaxtından əvvəl, 2015-ci il aprelin 26-sı seçilib. Bu dəfə o, tarixi maksimumunu da keçib – 97,75% səs yığıb.   

Nursultan Nazarbayev 2029-cu il martın 19-u istefaya getdiyini bəyan edib:

 “Mən prezident kimi səlahiyyətlərimə son verməyi qərara aldım. Artıq 30 ildir ki, ən ali vəzifədəyəm. Xalqım mənə Qazaxıstanın birinci Prezidenti olmaq imkanını verdi”.

Beləcə, dövlət rəhbərinin səlahiyyətləri parlament senatının spikeri Kasım-Jomart Tokayevə keçdi. 2019-cu il iyunun 9-u Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçirildi və nəticədə, nəhayət ki, ölkənin ikinci Prezidenti oldu. Düzdür, həmin vaxt Nazarbayevin gedişi formal sayılırdı, belə ki “millətin lideri”nin bütün imtiyazları və səlahiyyətləri fakriki olaraq onun əlində idi. Məsələn, Nursultan Abişeviç Təhlükəsizlik Şurasının rəhbəri kimi, Prezidentin istənilən hərəkətini bloklaya bilərdi. Nazarbayev “elbaşı” kimi birinci Prezidentin Kitabxanasında otururdu. Qazaxıstandan faktiki olaraq ikili hakimiyyət meydana gəlmişdi, xalq arasında elə belə də deyirdilər: Akordanın (Ağ Ev) üstündə ”Kitabxana” oturur. Hər şey 2022-ci ilin yanvar ayında baş verən etiraz aksiyalarından sonra dəyişdi. Nazarbayevin şəxsiyyətinə pərəstiş hər gün pozuldu: birinci Prezident günü artıq bayram sayılmırdı, paytaxt yenidən Astana adlandırılmağa başlandı, vaxtilə elə Tokayevin təşəbbüsü ilə ona Nur-Sultan adı verilmişdi. Nursultan Abişeviçi bütün səlahiyyətlərindən və “millətin lideri” statusundan məhrum etdilər. Nazarbayevin qohumları istintaqa cəlb olunublar və ya artıq müxtəlif cinayət işi üzrə cəzalandırılıblar.                    

Belarus: Lukaşenko ilk sıfırlananlardandır

MDB-nin hazırkı prezidentləri arasında hakimiyyətdə ən çox olan şəxs Aleksandr Qriqoryeviç Lukaşenkodur. İyulun 10-da onun Belarusun müstəqil Prezidenti seçilməsindən artıq 30 il keçəcək (1994-cü ildə).

Prezident seçildikdən iki il sonra ölkədə siyasi böhran yetişdi – parlament Konstitusiyanı pozduğuna görə Prezidenti impiçment proseduruna başladı, Lukaşenko isə onun dəyişdirilməsi üçün referendumun keçirilməsi təşəbbüsü ilə çıxış etdi. O, prezident səlahiyyətlərinin möhkəmlənməsini istəyirdi.

1996-cı il noyabrın 24-ü Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendum nəticəsində Lukaşenkonun prezidentlik müddəti sıfırlandı və hesablamaya yenidən başlandı, səlahiyyətləri isə artdı – o, parlamenti buraxdı. Yeni ali nümayəndə orqanı prezidentyönlü deputatlardan formalaşdı.        

2001-ci il sentyabrın 9-da keçirilmiş ikinci Prezident seçkilərində Lukaşenko yenidən qalib gəldi – MSK-nın hesablamalarına görə, o 75,65% səs topladı. Prezident 2004-cü ildə Konstitusiyaya dəyişikliklərlə bağlı daha bir referendum keçirdi. Bu dəfə ölkənin əsas qanunundan prezidentlik müddətinin sayı üzrə məhdudiyyəti götürdülər. Daha sonra 2006-cı ildə bu məhdudiyyətləri “Prezident haqqında” qanundan da götürəcəkdilər. Bundan sonra hadisələr zəncirvari şəkildə inkişaf etdi…

Lukaşenko 2006, 2010, 2015 (maksimum 83,47%) və 2020-ci illərdə keçirilmiş növbəti seçkilərin hamısından qalib çıxdı. Birinci istisna olmaqla, Belarusda keçirilən hər Prezident seçkilərindən sonra ölkəboyu yayılan etiraz dalğası qəddarlıqla yatırıldı. Müxtəlif qiymətləndirmələrə görə, 2010-cu ildə etiraz edənlərin sayı 10 mindən 60 minədək dəyişdi. Prezidentliyə namizədləri məhbəsə salırdılar. Ən kütləvi və davamlı etiraz aksiyaları 2020-ci ildə keçdi. Adamlar indiyədək də təqibə məruz qalırlar. Ölkədə, demək olar ki, min beş yüz siyasi məhbus var. Həbsxanada həmçinin Prezidenti söyənlər və ona böhtan atanlar da var.

“Bəziləri hakimiyyət nümayəndəsini “təhqir etdiyinə”, qırmızı-yaşıl bayrağı cırdığına görə”, – ”Euroradio” yazır.  

Lukaşenko rejimi siyasi motivli cinayət təqiblərindən savayı, adamların sirli şəkildə yoxa çıxması və qətlə yetirilməsi ilə də ad çıxarıb.

“Prezident haqqında” qanuna bu yaxınlarda edilmiş dəyişikliklərə əsasən, Lukaşenko istefa edəcəyi təqdirdə müstəsna imtiyazlara və zəmanətlərə sahib olacaq, bunlar onun qazax həmkarının vaxtilə sahib olduqlarına çox oxşayır, bircə rəsmi “millətin batkası” statusu çatmır. Qanuna əsasən, dövlətin sabiq rəhbəri “prezident səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı törətdiyi” əməllərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanun həmçinin onun yaxnlarını da cinayət məsuliyyətindən qoruyur.

“Sabiq prezidenti nə tutmaq, nə də onun əmlakını – yaşadığı evi, maşınını, şəxsi arxivini, yazışmalarını və s-ni müsadirə etmək olar. Sabiq prezidentin maaşı onun prezidentlik dövründəki kimi olmalıdır, fərq etməz, onun başqa gəlir yeri var, ya yox. Bununla yanaşı, sabiq prezident gəlir vergisindən azaddır”, – “Euroradio” xəbər verir.

Lukaşenko isə Belarusun Təhlükəsizlik Şurasını öz “varisi”  elan etmək qərarına gəlib. Onun 2021-ci ilin mayında imzaladığı fərmana əsasən, dövlət başçısı “sui-qəsd, terror aktı, xarici təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində” öldükdən sonra hakimiyyət Baş nazirin sədrlik etdiyi Təhlükəsizlik Şurasına keçməlidir.                 

Rusiya: Putin və siyasi məhbuslar ölkəsi

MDB ölkələrinin hakimiyyət Olimpinin uzunömürlülərindən biri Vladimir Vladimiroviç Putindir. Martın 26-da, onun 2000-ci ildə Rusiya prezidenti seçilməsindən artıq 24 il ötür. Putin Rusiya Federasiyasının (RF) ilk Prezidenti Boris Yeltsinin vərəsəsi idi və Yeltsin istefa verdikdən sonra onun səlahiyyətlərini icra edən təyin olunub. Birinci müddət bitdikdən sonra Putin 2004-cü ildə ikinci dəfə seçildi. 2008-ci ildə prezidentlik müddətindəki məhdudiyyətlərə görə fasilə etməli oldu. Beləcə, prezidentlik postuna Dmitri Medvedyev keçdi, Putinsə RF-nin baş naziri oldu. Vladimir Vladimiroviç 2012-2018-ci illərdə yenidən Prezident seçildi. Martın 15-17-də keçiriləcək Prezident seçkilərində Putin ümulikdə beşinci müddətə seçilmək istəyir.

Rusiya Prezidenti 2020-ci ildə Konstitusiyaya dəyişikliklər etməklə öz prezidentlik müddətini sıfırlayıb. Üstəlik, sıfırlama ümumi olub, belə ki, onun 2024-cü ilə qədər prezidentlik səlahiyyətləri “sıfır” müddət hesab olunur. Bu, Rusiya Dövlət Dumasının deputatı Valentina Tereşkovanın təklifi ilə qəbul edilib. Bunun necə baş verdiyi və “kosmik düzəlişlərin” niyə qanunsuz olduğu “Novaya qazeta”da ətraflı təsvir edilib.   

Putin hakimiyyəti əlində saxlamaq üçün qanunlarla əlləşməyib, o sadəcə qanunvericiliyin vintlərini bəyənmədiyi bütün şəxslərə qarşı yönəldib. Beləcə, Rusiyada “Xarici agentlər haqda” qanun meydana gəlib. Həmin qanunu kimə gəldi tətbiq etmək olar. 

Daha əvvəl, 2012 və 2014-cü illərdə inzibati məcəllədə dinc nümayişlərin və etiraz aksiyalarının keçirilməsi ilə bağlı normaları sərtləşdiriblər. Cərimənin məbləği artıb, həbs müddəti artıb və təşkilatçıların məsuliyyətə cəlb olunması üfüqü genişləndirilib, “Navalnı klubları” qadağan olunub. 2020-ci ilin sonunda aksiyaların maliyyələşdirilməsi nəzarətə alınıb. “Xarici casus”lardan pul köçürmələri və anonim xeyriyyəçilik qadağan edilib. Əgər mitinqdə 500-dən çox adam iştirak edərsə, aksiya keçirildikdən sonra təşkilatçı mütləq xərclərlə bağlı hakimiyyət qarşısında hesabat verməlidir.

2021-ci ilin fevralında isə İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinə etirazların qanunsuz maliyyələşdirilməsinə görə cərimələr əlavə edilib.

Bundan başqa, 2012-ci ildə Rusiyada mitinqlər haqda yenilənmiş qanun qəbul olunub. O 2012-ci ildə Putinin andiçmə mərasiminə etiraz etmək üçün iyunda çıxan “Milyonların marşı”nın iştirakçılarını qorxutmadı, lakin “Bolotnaya işi” üzrə sonrakı cinayət işləri və faktiki həbs müddəti rusların etiraz əhval-ruhiyyəsində əməlli-başlı əks olundu.

“Memorial” hüquq müdafiə təşkilatının siyahısında 600-dən çox siyasi məhbus var ki, bunlar həm “müharibə əleyhinə” maddələrlə, həm də dövlətə xəyanət maddələri ilə ittiham olunan müxtəlif cinayət işlərində iştirak edən şəxslərdir. Qeyd olunur ki, bu dəqiq rəqəm deyil – cinayət təqibinin məxfiliyinə görə hər kəsi müəyyən etmək mümkün deyil. “Memorial” 2019-cu ildən bu siyahını saxlayır. “OVD-İnfo” insan hüquqları layihəsi 2012-ci ildən siyasi motivli cinayət təqibləri haqqında məlumat bazasını saxlayır. Lakin 2023-cü ilin noyabrında ümumi say 3 mini ötüb.

Azərbaycan: Əliyev varis Prezidentdir

Hakimiyyəti atası Heydər Əliyevdən vərəsə olaraq alan İlham Heydər oğlu Əliyev artıq 21 ildir ki, Azərbaycan Prezidentidir. İlham Əliyev fevralın 7-si keçirilən növbədənkənar seçkilərdə beşinci dəfə Prezident seçildi.

Atası Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilmişdi. Həmin vaxt Dağlıq Qarabağda müharibə gedirdi. 1995-ci il martın 12-si xüsusi təyinatlı polis dəstələri ölkədə qiyam qaldırdı. O tezliklə yatırıldı. Ölkənin daxili siyasi vəziyyəti sabitləşdi və 1998-ci il oktyabrın 11-də Heydər Əliyev ikinci dəfə Prezident seçildi. Azərbaycan Prezidenti 1999-cu ildə infarkt keçirdi və o, Amerikada müalicə aldığı müddətdə ölkədə müxalifət təşəkkül tapdı, lakin Əliyev hakimiyyəti əlində saxlaya bildi. 2003-cü ildə ölkədə növbəti Prezident seçkiləri təyin olundu və Heydər Əliyev oğlu İlham Əliyevin xeyrinə namizədliyini geri çəkdi, belə ki, o, həmin vaxt yenə ABŞ-da müalicə alırdı.           

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə, MSK-nın hesablamalarına görə, İlham Əliyev qələbə çaldı. Həmin vaxt ölkənin Baş naziri vəzifəsini icra edən oğul seçkilərdə 79,46% səs qazandı.

“Seçki öncəsi küçəyə axışan on minlərlə müxalifətçi polis zorakılığına və polis məntəqələrində amansız işgəncələrə məruz qalıd. Hesablamalara görə, onların arasında ölənlər və yaralananlar var. Lakin hakimiyyətin ötürülməsi nəticəsində – müxalifət üçün qalmaqal, Əliyev ailəsi üçün komfort sayılan – 2003-cü il oktyabrın 31-i İlham Əliyev prezident səlahiyyətlərinin icrasına başladı”, – “Meydan TV” yazır.

İlham Əliyev 2005-ci ilin yazında atasının yaratdığı “Yeni Azərbaycan” partiyasına rəhbərlik etməyə başladı     “Azərbaycanda 2005-ci il parlament seçkilərinə hazırlıq zamanı müxalifətin etirazları sərt şəkildə yatırıldı. Nəticədə hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qalib gəldi”, – “Kavkazski uzel” yazır.    

İlham Əliyev 2008-ci il oktyabrın 15-də ikinci dəfə Prezident seçildi. 2009-cu ilin martında isə ölkədə Konstitusiyada islahatlar aparılması ilə bağlı referendum keçirildi. Sözsüz ki, prezidentlik müddətindəki məhdudiyyət aradan qalxdı və bu, İlham Əliyevə 2013-cü il oktyabrın 10-u üçüncü dəfə Prezident seçilməyə imkan yaratdı. O, 2016-cı ildə Konstitusiyada yenidən dəyişikliklər etdi və prezidentlik müddətini 5 ildən 7 ilədək uzatdı. “Fredoom House”un məlumatına görə, ölkə siyasi və vətəndaş azadlığı üzrə reytinqdə 193-ü yerdədir, – “Novaya qazeta Yevropa” yazır.  

Azərbaycanda istənilən sosial narazılığın yatırılması çoxdan adət halını alıb. Xəbər verildiyi kimi, Azərbaycan həbsxanalarında 200-dən çox siyasi məhbus var.

“Əliyevin prezidentliyi dövründə tənqidi köklənmiş jurnalistlərin də şübhəli şəkildə ölməsi halları, KİV-in onlarla nümayəndəsinin həbsi də qeydə alınıb, 2023-cü ilin sonunda isə müstəqil medianın susdurulması yenidən güclənib”, – “Meydan TV” qeyd edir.     

Yeri gəlmişkən, Azərbaycanda 2022-ci ildə media azadlığını xeyli məhdudlaşdıran “KİV haqqında” Qanun qüvvəyə minib.

“Qanunun bir çox müddəaları hökumətə hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmağa imkan verir və hökumətin tənqidinin qarşısını almaq üçün istifadə ediləcək”, – JamNews yazır.  

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button