Loading...
Loading...
Cəmiyyət

MTN vəzifəlilərinin məhkəməsi baş tutmadı

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.
Bizimyol.info xəbər verir ki, buna səbəb Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi kollegiyanın ötən gün sabiq MTN generalı Elçin Quliyev və keçmiş MTN əməkdaşı Azər Mehdiyevin cinayət işi üzrə qərar çıxarması üçün müşavirəyə çıxmasıdır. Hakimlər kollegiyası həmin şəxslərə hökmü elan edəndən sonra S.Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəməsinə baxacaq. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttihama əsasən, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Təqsirləndirilənlərə qanunsuz azadlıqdan məhrum etmə, mütəşəkkil dəstə tərəfindən külli-miqdarda dələduzluq, mənimsəmə, quldurluq, qanunsuz silah, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırma, və bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittihamlar irəli sürülüb.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Rəşad VAQİFOĞLU

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button