2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Müəllimlərin müsabiqəsi bitdi… kim razı, kim narazı?

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin başa çatdığını açıqlayıb. Nazirlikdən verilən xəbərə görə artıq namizədlərin nəticələri onların özlərinə göndərilib. Müsabiqənin 4 mərhələsini də uğurla keçən müəllimlər sentyabr ayının 5-nə qədər uyğun təhsili müəssisələrində qeydiyyata düşməlidirlər. Bundan başqa, müsabiqədə müvafiq keçid balını toplayan, amma müsahibə mərhələsinə qatılmayan namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.
Nazirlik yekun nəticələri açıqlamasa da, ümumilikdə müsabiqədə 8 min boş iş yeri olduğu və 47 min nəfərin iştirak etdiyi xəbər verilib. Son mərhələyə qalanların sayı isə cəmi 6 minə yaxın namizəd idi. Gənc namizədlər müsabiqənin nəticələrindən razıdırmı, prosesdə onları narahat edən hansı məsələlər var? Bu sualı cavablandırmaq üçün 3 nəfər gəncə müraciət etdik. Onların fikirlərini sizə də təqdim edirik.

Nicat Quliyev:

Saytların yığılması Saytlarin yigilmasi

-Mən bu il imtahandan keçdim, amma yazdığım 4 məktəbdən heç birinə düşə bilmədim. Keçən il də imtahan verib düşə bilməmişdim. Əvvəllər müəllim kimi 1 il müqavilə ilə işləmişəm. Bu il imtahan verdim, 42 balla seçim turundan keçə bilmədim. Amma yenə də düşünürəm ki, imtahan şəffaf şəkildə keçirilir. Sadəcə, vakant yerlərin sayı az idi. Mənim üstünlük verdiyim yerə-Cəlilabada cəmi 5 yer var idi. Ən çox 12 saat dərs yükü verirlər. Bu da ən yaxşı halda həmin kənddən olan birinə sərf edə bilər. Gedib dərsini deyib, gəlib təsərrüfatııya məşğul olsun deyə.
Bir neçə yerdə normal dərs yükü boş idi. Onlara da, yəqin ki, həmin yerlərdən olan yüksək bal toplamış müəllimləri yazmışdılar. İndi özəl hazırlıq kursunda işimi davam etdirəcəyəm, gələn il yenidən qatılacağam. Amma vakant yerlər gələn il də builki kimi olsa, yenə işsiz qalacağam yəqin. Başqa rayona da gedərəm, amma dərs yükü 20 saatdan yuxarı olsa. Az olanda normal yaşayışa kifayət etmir. Amma maraqlıdır ki, elə Cəlilabadın bəzi kəndlərində, ümumiyyətlə, müəllim olmadığı halda, vakansiya verilməyib. Səbəbini də bilmirik.

Nərgiz Hüseynova:

-Mən bu müsabiqədə 3 dəfə imtahan vermişəm. Özüm Salyanda yaşayıram. Salyan şəhər məktəbi özü vakansiya vermir. 2015-ci ildə imtahandan 49 bal yığdım, Cəlilabadın dağ kəndinə düşdüm. Getdim bir müddət orda işlədim. 2017-ci ildə də yerdəyişmə üçün qatıldım, nazirlik məni imtahansız saldı Salyanın uzaq bir kəndinə. Sonra vakansiyalarda yaxın kəndlər olduğunu gördüm, imtahana girdim, nəhayət yaxın kəndlərin birinə düşdüm. Şəhər məktəblərinə yerlər çoxdan satılıb. O yerlər tutulub, indi gənclər nə qədər savadlı olsa da, uzaq kəndlərə getməyə məcbur olurlar.

Doğrusunu deyim ki, mənim qatıldığım müsabiqələrdə proseslər həmişə şəffaf şəkildə keçib. İmtahanlardan nə narazılıq var? Ayrı-ayrı qruplara fərqli variantlar düşür. Səhər imtahana girənlərə asan, axşamkılara çətin. Axşam qrupunda hamı narazılıq edirdi ki, “bu nə ixtisas suallarıdır salıblar.” Təhsil şikayətləri qrupu var. Nə qədər şikayətlər gəlir ora!
Əsaslı şikayətlərdən biri odur ki, 2012-ci ildən bu günə kimi pul verib işə düzələnlərə şans yaradılır, onlar da keçid balını yığıb yerində qalır. Onlardan daha savadlı namizədlər isə yenə işsiz qaldı. Diaqnostik imtahanda mən şikayətlər qrupuna yazdım, baxmadılar.
Dedim, bir halda ki, bütün müəllimləri imtahan edirsiniz, hamısını eyni sistemlə, eyni suallarla edin. Ən çətini məntiqdir. Niyə məntiqi ancaq yeni işə gələnlərdən tələb edirlər? Ayrı-seçkilik var. Axı mən dil ədəbiyyat müəllimi, nəyimə lazım vertikal və diaqonal xətlərin ucundakı rəqəm arasında əlaqə?

Baxanda, nazirliyin işi təqdirəlayiqdir. Çünki az- çox savadı olanlar yavaş- yavaş da olsa, pulsuz irəli gedə bilir. Vaxt vardı, ancaq “pulunu ver, işə düzəl” qanunu işləyirdi. Mən ümumi olaraq öz imtahanımın gedişindən razı qaldım. Sadəcə, səhv və düz suallar səhifəyə gəlsə, bilərdik səhvimiz nədir. Mən 56- 57 gözləyirdim, 55 gəldi. Olsun. Deməli, səhvimi öyrənməyə ehtiyac var. İndi ümidim onadır ki, gələn il və ya 2 ilə şəhərimdən vakansiya çıxar, yerdəyişmə edərəm.

Bir məsələni də qeyd etmək istəyirəm. Bu il müsahibə bütün hicablılar üçün çox çətin olub. Müsabiqədə 55 bal yığan, müsahibədən rahat keçən hicablılar kənarda qalıb. Yalnız 2-3 nəfəri keçiriblər, o da məqsədli şəkildə keçiriblər ki, hicaba problem yaratdıqları hay-küyə səbəb olmasın. İndi onların hamısı apellyasiya şikayəti verəcək.

Günay Məmmədova:

-Mən test mərhələsindən keçmişəm, amma müsahibə mərhələsindən hələ keçməmişəm. Çünki 1-ci turda seçim etmədim, 2-ci turu gözləyirəm. Vakansiya seçimi təxminən 5-7 sentyabra planlaşdırılıb. Müsahibə də vakansiya seçimindən sonra olacaq. Mən Bakı şəhəri daxilində seçim edəcəyəm. Birinci turda seçim etməməyimin səbəbi də o idi ki, yaşadığım yerdən vakansiya verilən məktəblərə məsafə çox, bəzi məktəblərdə də dərs saatları çox az idi.

Keçən il ilk dəfə özümü sınamaq istədim. Hazırlaşmadan imtahan verdim, 47,2085 bal topladım. Balım rayon kəndləri üçün keçərli idi, lakin uzağa getməyə evdən razı olmadılar. Məncə, proses tam şəffaf keçir. İmtahan prosesində heç bir qeyri-qanuni halla rastlaşmadım. Sadəcə, bəzi texniki problemlər var idi. Məsələn, kompüterlərin bəzilərində nasazlıq yaranırdı.

Bu il şəhər məktəbinə düşmək şansım var, çünki balım yaxşıdır. 55,2225 bal toplamışam. Əvvəllər şəhər məktəblərinə yerlərin satılması ilə bağlı daha deyilənlərə çox inanırdım. Amma düşünürəm, son illərdə proses təkmilləşərək, daha şəffaf şəkildə təşkil olunur. Məncə, imtahanların bu sistemlə təşkilində daha çox şəffaflıq var. Çünki test mərhələsində kompüter qarşısında nə yazsaq, nəticəmiz ona əsasən hesablanır. Əvvəllər isə müəllimlərin işə qəbul prosesində korrupsiya yaradan bir vəziyyət var idi. İndi isə testdə iştirak edirik, sonra müsahibə olur və müsahibə kameralar vasitəsi ilə qeydə alınır. Sonradan narazılıq olsa, apellyasiya şikayəti verə bilərik.

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button