N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü müəmmalı şəkildə hərbi xidmətə aparılıb
Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ülvü Həsənli hərbi xidmətə aparılıb. 24saat.org xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl Facebook səhifəsində yazıb.
Jurnalist qeyd edib ki,Ülvi Həsənlini müayinə üçün getdiyi xəstəxanadan hərbi polisə ordan da cəbhə bölgəsindəki korpuslardan birinə aparıblar. Xədicə İsmayıl daha sonra yazıb:
“Ülvi Həsənli Hərbi komissarlıqda tibbi müayinədən keçən il sentyabrda və bu ilin əvvəlində keçib, revmatizm və böyrək problemlərinə (3 ədəd daş) görə 2019-cu ilədək möhləti vardı.
Oktyabrın əvvəlində evlərinə yenidən bildiriş gəldiyi üçün Hərbi Komissarlığa gedib, orada yenidən müayinəyə salıblar, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu təsdiqlənib.
Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən USM-dən keçəndə deyiblər böyrəyi sağlamdır.
Bu gün oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasında (5 nömrəli xəstəxananın yanı) hərbi polis gəlib, onu aparıb komissarlığa. Komissarlıqda izahat yazdırdıqdan sonra hərbi polisə, ordan da cəbhə bölgəsindəki korpusa aparıblar.
Çağırış müddəti bitməyib, ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməyib, evdəkilərlə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməyib. Faktiki sağlamlığı hərbi xidmətə imkan verməyən adamı oğurlayıb, əsgər aparıblar.
Ulvi Həsənli, başıma bir iş gələrsə, cavabdeh hökumətdir, deyir. O, hərbi xidmətini, sağlamlığı imkan verəcəyi təqdirdə, qanuni şəkildə həyata keçirmək istəyir. Küçədən oğurlanaraq yox”.