Siyasət

Nyu Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib

Loading...

Bakı/25.09.21 Nyu Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib.

Ceyhun Bayramov və Ararat Mirzoyan “bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparıb”.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb, deyə məlumatda bildirilir.

Öz növbəsində, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşlərin yekunlarına dair bəyanat yayıblar. Sənəddə qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Xovayev (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Yerevana və Bakıya gərginliyin aradan qaldırılması üzrə konkret məqsədyönlü tədbirlər, habelə mümkün gələcək addımları təklif ediblər.

Bundan əvvəl həmsədrlər Bayramov və Mirzoyanla ayrı-ayrı görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.

“Həmsədrlər və xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında həll edilməməmiş məsələləri müzakirə ediblər”, deyə bəyanatda bildirilir.

Vasitəçilər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandası tərəfindən atılan addımlara qətiyyətli dəstəklərini ifadə ediblər.

“Həmsədrlər 2020-ci ilin noyabrından etibarən iki xarici işlər nazirinin bu ilk görüşünü hər iki ölkənin regionda təhlükəsizliyə, sabitliyə və inkişafa yardıma yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək qətiyyətinin əlaməti kimi alqışlayır”, deyə bəyanatda qeyd edilir.

Həmsədrlər həmçinin Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn qalan məsələlərin hərtərəfli həllinin axtarışı üçün öz mandatları çərçivəsində tərəflərlə işi davam etdirməyə sadiq olduqlarını təsdiq ediblər. -02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button