2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Partiyaların Əliyevə müraciəti: “Nəyə lazımdır belə mədhiyyə və yaltaqlıq?”

Əli Kərimli: “Azərbaycan yarım azad ölkədən azad olmayan ölkəyə çevrilib”

Oktyabrın 16-da 23 partiya Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, tarixin bütün dövrlərində millətin yaşadığı faciələrin, torpaqların itirilməsinin, insanların doğma yurdlarından didərgin salınmasının, suverenliyin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücün zəifliyindən irəli gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Partiya sədrlərinin müraciətində qeyd olunur ki, ölkədə plüralizm və demokratiya inkişaf edir:

Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər”.

Foto: president.az

Ölkənin daxili siyasəti ilə bağlı bu fikirlər isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Siyasi və ictimai fəallar ölkədə fundamental azadlıqların pozulduğunu əsas gətirərək partiya sədrlərini tənqid ediblər.

Müraciəti yalnız Azərbaycan Xalq Cəbhəsi, (AXCP), Müsavat və Azərbaycan Xalq (AXP) partiyaları imzalamayıb.

“İlham Əliyevin daxili siyasətini müsbət qiymətləndirmirik”

Sənədi imzalayan REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində fərqli mövqe sərgiləyib.

İlqar Məmmədov İlham Əliyevin daxili siyasətinə müsbət qiymət vermədiyini qeyd edib:

İlqar Məmmədov
Foto: Meydan TV

Kimsə öz təsəvvürünə sığışdıra bilirsə ki, Prezident İlham Əliyevin daxili siyasətinə mən müsbət qiymət vermiş ola bilərəm, o şəxsin təsəvvürləri təcili təmir tələb edir. Xarici siyasətini dəstəklədiyimizi illərdir ki, göstəririk. Haqlı da çıxdıq, bir çoxları deyinsə də. Daxili siyasətinə isə daim qarşı olmuşuq, bu gün də əleyhinəyik”.

Müharibədən sonrakı 3 ili dəyişikliklər baxımdan ölkənin itirdiyini hər kəsə deyib göstərən də bizik. Başqa cür təsəvvür kiminsə ağlına necə yerləşə bilər – bunu anlamaq olmur”, – deyə Məmmədov fikrini yekunlaşdırıb.

Bəs, doğrudan da, Azərbaycanda söz azadlığı, plüralizm və demokratiya inkişaf edibmi?

Müraciətdə imzası olmayan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sənədi hansı səbəbdən imzalamadığını açıqlamayıb.

Pənah Hüseyn şərh etmək istəmir…
Pənah Hüseyn
Pənah Hüseyn, Foto: Meydan TV

P. Hüseyn müraciətdə demokratiya, plüralizm və söz, fikir azadlığı barədə deyilənlərə də şərh vermək istəməyib:

Mən digər partiyaların müraciətini şərh etməyi etik saymıram”, – deyə Pənah Hüseyn Meydan TV-yə bildirib.

“Eyforiyaya qapılmaq olmaz”

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Azərbaycanın indiyədək ən böyük problemi Qarabağ münaqişəsi olub.

O əlavə edib ki, bu məsələnin həll olunması xalqın uğurudur:

Hər bir vətəndaş bu uğura sevinir. Amma ölkənin digər problemləri var ki, məhz Qarabağ probleminin fonunda kölgədə qalmışdı. Bu mənada Qarabağ problemi həll edildikdən sonra daxili siyasətdə dönüş yaradılmasına, nəhayət, insan hüquqları və demokratiyanın prinsiplərinə əməl olunmasına, sərbəst toplaşmaq, söz, ifadə azadlığının təmin edilməsinə, yerli özünüidarənin yaradılmasına, azad və ədalətli seçkilərin – parlament, prezident seçkilərinin keçirilməsinə böyük ehtiyac var”.

Bu gün siyasi qüvvələrin diqqəti məhz həmin problemlərə yönəlməlidir. Bunlarla bərabər, iqtisadiyyatda korrupsiyanın, rüşvətin, inhisarçılığın qarşısının alınması partiyaların, cəmiyyətin və xalqın prioritet məsələsi kimi qoyulmalıdır”, – partiya başqanı qeyd edib.

Arif Hacılı hesab edir ki, hazırda eyforiyaya qapılmaq olmaz:

“Çünki problemlər çoxdur və buna görə onların həlli istiqamətində çalışmaq hər birimizin borcudur”.

Arif Hacılı və Əli Kərimli. Foto: Meydan TV
Heç bir bir halda belə idarəetməni demokratik adlandırmaq olmaz”

AXCP sədri Əli Kərimli də müraciətdə qeyd olunanları bölüşmür.

Onun fikrincə, İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildə Azərbaycan yarım azad ölkədən azad olmayan ölkəyə çevrilib, həm də avtoritar rejimlərin reytinqində daha aşağı yerlərə yuvarlanıb:

Sadəcə, Azərbaycandakı rejim sadəcə, avtoritar rejim sayılmır, bununla bərabər, klassik avtoritar və kleptokratik rejim hesab olunur”.

Kərimli qeyd edir ki, hətta Avropa Parlamenti başda olmaqla bütün beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri hazırda ölkədə 200-dən çox siyasi məhbusun olduğunu təsdiqləyir:

“Təkcə elə son günlərdə AXCP-in 5 üzvü şərlənərək həbs olunub, 8 funksionerimiz həbsdədir. Ölkədə söz, mətbuat azadlığı tamamilə məhdudlaşdırılıb. Əsasən xaricdə olan internet resursları fəaliyyət göstərir. Çoxpartiyalı sistemin aradan qaldırılması üçün seçkilər saxtalaşdırılır, ölkədə müxalifətin fəaliyyəti üçün heç bir imkanlar yoxdur. Parlamentarizm, yerli özünüidarə, məhkəmə hakimiyyəti məhv edilib, nəticədə tək adam hakimiyyəti formalaşdırılıb. Heç bir bir halda belə bir idarəetməni demokratik adlandırmaq olmaz. Ona görə hansısa islahatlardan, söz və mətbuat azadlığından, demokratik institutların inkişafından danışmaq yersiz və absurddur”.

Hakimiyyətin ritorikası belədir: siz bizim çörəyimizi yeyirsiniz”

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov deyir ki, bu gün 23, əvvəllər isə 40-50 partiya bu səpkidə müraciətlər imzalayırdı:

Amma o demək deyil ki, partiyaların sayı ilə ölkədə vəziyyətin qiymətləndirilməsi dəyişir. Həmin partiyaların əksəriyyəti siyasi repressiyaların qurbanları olub, sədrləri və üzvləri uzun illər həbs həyatı yaşayıblar və real müxalif dönəmlərində təqiblərə məruz qalıblar. Onlar öz keçmişlərinə bu cür qiymət verirlərsə, biz nə deyə bilərik? Bunu cəmiyyət qiymətləndirməlidir”.

Akif Qurbanov
Akif Qurbanov, Foto: Akif Qurbanovun şəxsi arxivindən

Akif Qurbanov hesab edir ki, ictimaiyyət bu siyasətçilərin nə dediyinin və hansı fikirlər söylədiyinin fərqinə varmalıdır:

Adamlar uzun illər azad məhkəmənin, söz, mətbuat azadlığının olmadığını deyib, sonra birdən-birə bunların üstündən xətt çəkib belə cümlələrin altında imza qoyurlarsa, öz həyatlarını təkzib edirlərsə, cəmiyyət özü qiymət verməlidir”.

”Siyasi partiyalar haqqında” Qanunla bağlı yazmışdım ki, hökumət sistem yaradıb və israr edir ki, bunun çərçivəsində fəaliyyət göstər. Bu, o deməkdir ki, sabah göndərdiyim müraciətə imza atmalısınız. İlham Əliyevin hakimiyyətinin indiyəqədərki təcrübəsinin müşahidəsi bu qənaəti yaradır ki, o, atasının dövründəki müxalifət adından çıxış edənlərə qarşı tamamilə fərqli mövqe qoyur, onunla danışıq aparanları, onun siyasətindən, resursundan yararlanmaq istəyənlərə isə fərqli. Əslində, bu, onun yox, dövlətin resursudur. Amma Əliyev “dövlət mənəm” deyir. Yəni nəzarətimdə olan resursdan yararlanırsansa, gizli qala bilməz, cəmiyyət görməlidir. Hakimiyyətin ritorikası belədir: siz bizim çörəyimizi yeyirsiniz. Bu, məmurlara da, partiyalara da aiddir”, – deyə Qurbanov vurğulayıb.

O qeyd edib ki, cəmiyyət hər kəsin siyasi fəaliyyətini diqqətlə izləməli və layiq olduğu qiyməti verməlidir:

Mən kiminsə fəaliyyətinə qiymət verməkdən uzağam, amma cəmiyyət özü fərqinə varmalıdır, çünki bu siyasətçilər sabah seçkilərdə onlardan səs istəyəcək, siyasi səhnədə rol almağa çalışacaqlar. Ona görə də bu şəxslərin verdiyi vədlərin nə qədər gerçək olduğuna, onların öz talelərinin, fəaliyyət tarixlərinin üstündın asanlıqla necə xətt çəkməsinə baxıb qiymətləndirsinlər”.

“Əslində, Əliyevə belə yaltaqlıq və riyakarlıq da lazımdır”

Hüquq müdafiəçisi Arzu Abdullayeva da müraciəti birmənalı qəbul etməyənlərdəndir.

O deyir ki, müraciəti oxuyanda yazılanların istehza, yoxsa ciddi olduğunu ayırmaq olmur:

Çünki Prezidentə müraciətdə elə şeylər yazılıb ki… Sosial rifah, demokratiya, söz azadlığı və s. Bəli, zəfər və qələbə olub, razıyam. Əlbəttə, problemin sülh yoluyla həllinin tərəfdarıydım, amma təəssüf ki, olmadı. Burada yalnız hakimiyyəti qınamaq olmaz, beynəlxalq təşkilatlar da problemin sülh yoluyla həll edilməməsinə görə məsuliyyət daşıyırlar. Nəticədə müharibə yolu seçildi”.

A.Abdullayeva xalqın İlham Əliyevi Qarabağ konfliktinin həllində qəhraman saymasını real sayır:

Ancaq bu, o demək deyil ki, bütün problemlər həll olunub. Azərbaycan demokratiya və insan hüquqları sahəsində yenə də qınaq obyektidir, beynəlxalq təşkilatların hesabatına baxmaq yetərlidir”.

Arzu Abdullayeva. Foto: Meydan TV

O, ölkə başçısına müraciətin mənasını başa düşmədiyini deyir:

Nəyə lazımdır mədhiyyəylə dolu müraciət və yaltaqlıq? Məgər, İlham Əliyev vəziyyəti bilmir? Axı özü də dəfələrlə ölkədə hər şeydən xəbərdar olduğunu söyləyir. Həmin müraciəti imzalayanlar bunun Azərbaycan və elə Prezidentin özü üçün nə qədər zərərli olduğunu bilmirlər? Əslində, Əliyevə belə yaltaqlıq və riyakarlıq da lazımdır. Kiçik yalan həqiqəti üstələyir və ardınca cəmiyyəti zəhərləyir. Onsuz da ictimaiyyət ölkədəki mənzərəni bilir”.

Onun sözlərinə görə, İlham Əliyev hələ SOCAR-da işləyərkən bütün kabinetlərdə atasının şəkli olanda, öz kabinetində buna ehtiyac görməmişdi:

“Jurnalist bunun səbəbini soruşanda cavab vermişdi ki, atasına hisslərini portretlə qiymətləndirmir və buna ehtiyac görmür. Ona görə siyasi partiyaların vəzifəsi reallıqları çatdırmaqdır, nəinki yalan və riyakarlıq. Bilmirəm, bəlkə də, siyahıda olanlar özləri də müraciətdən xəbərsizdirlər”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button