TƏHLİL

Post-Mosul dönəmində İran-ABŞ qarşıdurması:”Haşdi əl-Şaabi”nin taleyini kim müəyyənləşdirəcək? – TƏHLİL

Zəkiyyə Yazdanşenas

“Al-Monitor”

 

2014-ci ilin iyununda Mosul İŞİD tərəfindən ələ keçirildi. İŞİD lideri Əbubəkr əl-Bağdadi tezliklə şəhərin ən böyük məscidində “xilafət”in yaradıldığını elan etdi. İndi “xilafət” dövrü, deyəsən, sona çatır.

Yanvarın 24-də İraq hökuməti qüvvələri üç aylıq mübarizədən sonra Mosulun şərq hissəsini azad edib. Martın 15-də İraqın Antiterror Xidmətinin sözçüsü bildirib ki, Mosulun qərb hissəsində 60% ərazi İraq təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Bir gün əvvəl İraq baş naziri Heydər İbadi əməliyyatın son mərhələdə olduğunu və İŞİD-in məğlubiyyətini elan edib.

Amma Mosulda hərbi qələbə İraq üçün daha mürəkkəb mərhələnin başlanğıcıdır.

Bu günə qədər dağınıq qüvvələr İŞİD-in İraqdan qovulması – vahid məqsəd üçün bir araya gəlmişdi. Bu məqsədə nail olunduqdan sonra bir çox əsas məqsədlər və hakimiyyət uğrunda əvvəlki mübarizə, çox güman ki, yenidən ortaya çıxacaq.

Bundan əlavə, İran və ABŞ daxil olmaqla, bir çox xarici güclər İraqın təhlükəsizlik işlərinə fəal şəkildə iştiraka cəlb olunub və 2014-cü ildən etibarən ölkə daxilində öz təsir sahələrini genişləndiriblər.

Əsas suallar budur: post-Mosul dövründə hakimiyyət boşluğunu doldurmaq üçün kimlər addım atacaq? Birləşmiş Ştatları Yaxın Şərqdə əvvəlki geri çəkilmə mövqeyinə qayıdacaqmı, yoxsa ən azı İraqda cari qüvvələrinin bir hissəsini saxlayaraq regional müttəfiqlərini sakitləşdirəcək? İran birbaşa və ya müttəfiqləri vasitəsilə Şimali İraqda varlığını yaratmağa cəhd edəcəkmi?

2011-ci ildə geri çəkildikdən sonra, ABŞ ölkədə bir daha hərbi qüvvə – 5 mindən çox əsgər və xüsusi təyinatlını yerləşdirməklə, İraq və Suriyada İŞİD-lə mübarizəyə 10 milyard $-dan çox vəsait xərcləyib.

Eyni zamanda, əsasən şiə könüllü milislərindən ibarət “Haşdi əl-Şaabi” İraqın təhlükəsizlik qüvvələrinin bir hissəsi olmaqla, dövlət legitimləşmə prosesindən keçib. Tehranın həm hərbi, həm də maliyyə cəhətdən “Haşdi”nin böyük hissəsini dəstəklədiyini nəzərə alaraq, bunun Vaşinqtonda narahatlığa səbəb olması şəkk-şübhəsizdir: Mosul əməliyyatında onun iştirakı İraqda İranın təsirini genişləndirir.

İran rəsmiləri İranın “Haşd əl-Şaabi”ni öz regional nüfuzunu artırmaq və İraqda təsir dairəsini genişləndirilmək məqsədi ilə dəstəkləməsi barədə rəyi inkar etsələr də, bu, həqiqətən daha çox İran maraqlarına xidmət edir. Beləliklə, post-İŞİD-Mosul dönəmində ABŞ-ın əsas məqsədlərindən biri, güman ki, İran təsirinə nəzarət və onu çəkindirmək olacaq.

Başqa sözlə, “Haşdi” ABŞ və Şimali İraqdakı hazırkı tərəfdaşları ilə toqquşma yoluna çıxmış ola bilər.

Bu tənlikdə İranın Mosuldakı təhlükəsizlik və sabitləşməni birbaşa öz sərhədlərinin təhlükəsizliyi ilə əlaqələndirməsini də nəzərə almaq gərəkdir. Briqada generalı İrəc Məscidi – general Qasim Süleymaninin (İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar bölməsinin – “Qüds” qvardiyasının komandiri) baş məsləhətçisi İŞİD-ə qarşı mübarizəni İranın təhlükəsizliyi və geosiyasi vəziyyətinin müdafiəsi ilə eyniləşdirib.

İranın İraqdakı yeni səfiri Məscidi martın 9-da Tehranda deyib ki, İslam Respublikası İraqın ərazi bütövlüyünü mütləq şəkildə dəstəkləyəcək. O, həmçinin vurğulayıb ki, Mosulda qələbə və İŞİD-in məğlubiyyətindən sonra digər gizli terrorçu qrupların mümkün formalaşması halının qarşısını almaq üçün İranın İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı möhkəmləndirilməsi vacibdir. Yeni səfir, həmçinin davam edən hərbi əməkdaşlıqla yanaşı, İranın İraqla təhlükəsizlik sahəsində gələcək əməkdaşlığını dəstəklədiyini bildirib.

Başqa sözlə, İran rəsmiləri İranın İraqda mövcudluğunu siyasi mübarizə çərçivəsində deyil, sadəcə öz milli təhlükəsizliyinin təmin edilməsi məsələsi olaraq görürlər.

Tehran Universitetində tanınmış Yaxın Şərq mütəxəssisi Məhəmməd Sadiq Kouşki “Al-Monitor”a bildirib ki, Tehranın post-Mosul dövrü üçün heç bir “xüsusi plan”ı yoxdur. O deyib: “İraq hökuməti bunu xahiş etmədiyindən İran Mosul əməliyyatına birbaşa cəlb edilməyib. İran yalnız dolayısı ilə bu əməliyyatda “Haşdi”yə dəstək verib. Lakin İraqın sabitliyi İslam Respublikası üçün vacibdir, çünki İranın təhlükəsizliyi buna bağlıdır”.

İraqda fəal şiə milislərinin dəqiq sayı məlum deyil. Amma 100 mindən 120 minə qədərinin əksəriyyəti “Haşdi” bayrağı altında birləşib. İraq parlamenti “Haşdi”ni İraq təhlükəsizlik qüvvələrinin rəsmi qanadı etmək barədə qanun qəbul etsə də, “Haşdi”nin gələcək rolu müəmmalıdır. Onun böyük bir hissəsi birbaşa İrandan yardım aldığı üçün könüllü dəstələrin siyasi gələcəyi ABŞ-ı narahat edir.

“Haşdi” nümayəndəsi Kərim əl-Nuri bildirib ki, təşkilatın İraqın İŞİD-dən azad edilməsindəki rolunu nəzərə alaraq, uzunmüddətli siyasi məqsədlərə nail olmaq onların qanuni tələbidir.

Birləşmiş Ştatlar və İran İraq parlamentinin “Haşdi”ni qanuniləşdirməsinə müxtəlif linzalar vasitəsilə baxır. İslam Respublikası 26 noyabr 2016-cı il tarixli qərarı dəstəkləyir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, admiral Əli Şəmxani yanvarın 3-də Tehranda İraqın vitse-prezidenti Nuri əl-Maliki ilə görüşündə deyib ki, bu qanun “Haşdi”nin konstruktiv fəaliyyətinin nəticəsi idi. Şəmxani, həmçinin vurğulayıb ki, “Haşdi” İraqın gələcək təhlükəsizliyinin təmin edilməsində strateji potensiala malikdir.

Bu arada ABŞ “Haşdi-Şaabi”nin gələcəyinin təyin edilməsində, onun tərxis və ya İraq təhlükəsizlik qüvvələrinə inteqrasiyasında fəal rol oynamaq istəyir, çünki o, İraqda ABŞ maraqlarına təsir edə bilər. Könüllülərin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin mövcud təhlükəsizlik qüvvələrinə inteqrasiyası, İranın hökumətə yaxın “Bəsic” strukturu kimi, dövlət təsisatlarından kənarda güc təsisatlarının qarşısını alacaq.

Birləşmiş Ştatları könüllülərin Səudiyyə Ərəbistanı və Türkiyə kimi regional güclərə müqavimət göstərməklə, regional rəqabətdə “Hizbullah” tipli təşkilata çevrilməsi narahat edir.

Beləliklə, post-Mosul dövründə ən böyük problem hakimiyyət bölgüsü mübarizəsi ola bilər. Mümkün ssenarilərdən biri budur ki, Mosul əvvəlki statusuna qalacaq – İraq mərkəzi hökuməti Ninəva vilayətində tam səlahiyyət sahibi olacaq.

Sünni-ərəb icmaları və kürdlər əvvəlki vəziyyətə geri dönüşlə təhlükəsizlik problemlərininin həllinə inanmasa da, Bağdad və Tehran bu ssenarini dəstəkləyir.

Kouşki deyib ki, ABŞ üçün əlverişli ssenari, Kürdüstan bölgəsi kimi, Ninəva əyalətinin də sünni regionuna çevrilməsidir. Son illərdə İraqda ABŞ-ın daha ciddi mövcudluğunda Vaşinqtonun məqsədi İraq mərkəzi hökumətini zəiflətmək və Bağdadın siyasi mənzərəsinə təsir göstərməkdir.

İranın buna necə cavab verəcəyi anlaşılmaz qalır. Tehran Universitetinin professoru sözlərnə əlavə edib: “İran İraqın ərazi bütövlüyünü müdafiə etdiyindən o, iraqlıların verəcəyi qərarları dəstəkləyəcək”.

 

Tərcümə: Strateq.az

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close