2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Post-penitensiar dövr və alternativ cəzalar – Məhbusların sayı azalacaq

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı cəmiyyətdə yüksək əhval-ruhiyə ilə qarşılandı. Xüsusilə cəzaların humanistləşdirilməsi, alternativ cəza növlərinin genişləndirilməsi, penitensiar sahədə xidmətin təkmilləşdirilməsi kimi qərarlar hüquq sistemində mühüm hadisə hesab oluna bilər.

Yeni mərhələ

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bu sərəncamın hansı nəticələrə səbəb olacağını şərh edib.

Ə.Nuriyev bildirib ki, bu sərəncam hüquqi dövlət quruculuğunda növbəti mərhələ hesab oluna bilər: “Həm penitensiar sahədə xidmət təkmilləşəcək, həm cəzalar humanistləşdiriləcək, həm də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqi həyata keçiriləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Məhbuslarla bağlı fərdi proqram hazırlanacaq

Onun sözlərinə görə, sərəncama əsasən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması institusional dəyişiklikdir: “İndiyə qədər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan və xüsusi ictimai təhlükə yaratmayan cəzalarla bağlı anormallıq var idi. Bu xidmətin yaradılması ilə neqativ hallar aradan qalxacaq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan əməllər törətmiş şəxslərə münasibət dəyişəcək və post-penitensiar dövr başlanacaq. Bütün bunlarla yanaşı, məhbusların adaptasiya olunması, onlara hüquqi yardımın göstərilməsi, yeni həyata hazırlanması prosesi daha fundamental həyata keçiriləcək, hər bir məhbusa münasibətdə fərdi proqram hazırlanacaq. Fərdi proqramda islah prosesini həyata keçirilməsi, məhbusların yeni vərdişlərə yiyələnməsi öz əksini tapacaq”.

Beynəlxalq təcrübə

Ə. Nuriyev penitensiar sahədə xidmətin təkmilləşməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Beynəlxalq təcrübə öyrənilərək tətbiq olunacaq, penitensiar müəssisələrin əməkdaşlarının əməyi qiymətləndiriləcək, kadrların yerləşdirilməsi və hazırlanması kimi addımlar atılacaq. Penitensiar müəssisələrində məhbusların şəraiti yaxşılaşacaq, bu müəssisələrin təhlükəsizliyində informasiya-kommunikasiya vasitələrindən istifadə olunacaq”, – deyə o bildirib.

İqtisadi cəzalarla bağlı yeni qayda

Cəzaların humanistləşdirilməsinə gəlincə, Ə.Nuriyev bu sahədə artıq tövsiyə və tapşırıqların verildiyinə diqqət çəkib: “İlk növbədə Cinayət Məcəlləsində bəzi cinayətlərin dekriminallaşdırılması nəzərdə tutulur. Azərbaycanın Cinayət Məcəlləsinin 38 maddəsində iqtisadi fəaliyyətə görə cəzalar nəzərdə tutulur. Bir çox hallarda iqtisadi əməllərə görə azadlıqdan məhrumetmə tətbiq olunur. Bu isə iqtisadi fəaliyyətin daha sərbəst həyata keçirilməsinə maneələr yaradır. Hesab edirəm ki, bu çox vacib məsələdir”.

Alternativ cəza: məhbusların sayı azalacaq

Fond prezidenti alternativ cəzaların tətbiqi məsələsinə də toxunub.

“Sərəncama əsasən qanunvericiliyə alternativ cəzaların daxil edilməsi, alternativ cəza praktikasının genişləndirilməsi həyata keçiriləcək. Təəssüf ki, Azərbaycanda bir sıra hallarda məhkəmələr azadlıqdan məhrum etmə cəzasına üstünlük verirlər. Belə olanda cəzaçəkmə müəssisələri yüklənir, məhkumların sayı çoxalır və islah prosesinə mənfi təsir göstərir. Ona görə də dövlət başçısının sərəncamı ilə alternativ cəza praktikasının genişləndirilməsi həyata keçiriləcək. Xüsusilə ictimai təhlükə törətməyən, az ağır cinayətlərdə alternativ cəzalar tətbiq olunacaq. Sərəncamda diqqət çəkən digər məqam isə belədir ki, əgər cinayətin törədilməsi zamanı dəymiş ziyan aradan qaldırılırsa, onda məhkəmələr və istintaq orqanları cəza verərkən bunu nəzərə almalıdır. Yəni alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir”, – deyə o bildirib.

Korrupsiyaya zərbə

Ə.Nuriyev əlavə edib ki, bu sərəncamda vəzifələrin mexanizmi yüksək səviyyədə hazırlanıb: “Buna görə də sərəncamın icrası səmərəli şəkildə həyata keçiriləcək. Bu sərəncamın tətbiqi korrupsiyaya qarşı mübarizəyə də kömək edəcək. Məhkəmə və istintaq orqanlarının fəaliyyətində neqativ halların qarşısını almaq üçün əlavə imkanlar yaranacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button