2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Professor: “Rusiya kəşfiyyatına bağlı olan adamlar var”

24saat.org 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının müəllifi, professor Hacıbaba Əzimovla müsahibəni təqdim edir.

Hacıbaba müəllim, 18 Oktyabr müstəqilliyin bərpası günü dövlət səviyyəsində qeyd edildi. Amma ölkənin birinci prezidenti Ayaz Mütəllibov və istiqlalçı deputatlar bu tədbirə dəvət edilmədi. Bu halı necə qiymətləndirirsiniz?

– Baxmayaraq ki, Ayaz Mütəllibov o zaman Moskvadan asılı adam idi, onu Kremli vəzifəyə təyin etmişdi. Bu səbəbdən də müstəqilliklə bağlı qorxaq siyasət həyata keçirirdi. Bizim müstəqilliyimizin elan edilməsi, müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin yubanmasında onun da, “əməyi” var idi. Lakin buna baxmayaraq Mütəllibov ölkənin birinci prezidenti olub, Müstəqillik Aktına imza atıb. Özü də, insan kimi pis adam deyil. Odur ki, istiqlalla bağlı çalışan bütün insanlara hər bir ölkədə böyük hörmət və sayğı var. Eləcədə həmin dövrdə prezident olan şəxslərə. Şübhəsiz ki, Mütəllibov belə tarixi günlərdə tədbirlərə dəvət olunmalı, ona söz verilməli, sayğı göstərilməlidir. Sadəcə bizdə dövlətçilik ənənəsi yoxdur, bu ənənələri gözlənilmir. Halbuki dünyada bu ənənələr mövcuddur. Kiminsə kimdənsə xoşu gəlməyə bilər. Amma dövlət adına olan məsələlərdə qayda-qanun və etika gözlənilməlidir. Xidməti olan insanları şəxsi münasibətə və siyasi mövqeyinə görə kənara qoymaq olmaz. Bu əslində zərərli tendensiyadır.
2006-cı ildə dövlət müstəqilliyi günü iş günü elan etdilər. Dövlət bayramı statusu ola-ola bu tarixi iş günü elan etdilər. Dünyada analoqu olmayan, çox eybəcər haldır. Dövlət Bayramı statusu olan gün iş günü ola bilməz. Yalnız peşə bayramları günü iş günü ola bilər. Ancaq bizdə bunu etdilər. Dünya dövlətləri, ABŞ prezidenti başda olmaqla 2006-cı ilə qədər Azərbaycan xalqını təbrik edirdi, dövlət başçısına təbrik məktubu göndərirdi. Amma müstəqillik gününü iş günü etmək, dövlət başçısının özünün bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik etməməsi və bu kimi hallar sonda ona gətirdi ki, heç kəs müstəqillik günü münasibətilə bizi təbrik etmədi. İndi bəhanə edirlər ki, 28 may tarixində təbrik edirlər. Bu savadsızlıqdır. Çünki 28 may Respublika Günüdür. Həm də 28 maya görə Azərbaycanı müstəqil respublika günü kimi tanımayıblar. Məhz 18 oktyabr 1991-ci ildə qəbul edilən Müstəqillik Haqqında Konstitusiya Aktına görə Azərbaycanı dünya müstəqil dövlət kimi tanıyıb. Əvvəllər 18 oktyabra görə ABŞ prezidenti ölkəmizi təbrik edərdi, indi ABŞ-ın ölkəmizdə ki, səfirliyi bu gün münasibətilə bəyanat verib. Bir də 3-4 dövlət bizi təbrik edib. Çünki özümüz bu tarixi günü gözdən saldıq.

Saytların yığılması Saytlarin yigilmasi

Özümüz deyəndə kimi nəzərdə tutursunuz?

– Rusiyanın beşinci kalonuna məxsus olan məmurlar və deputatlar bu vəziyyəti yaratdı. Bu xoşagəlməz vəziyyətdir. Dövlət müstəqilliyimizə həqarətdir. Bu münasibət dəyişilməlidir. O cümlədən istiqlalçı deputatlara münasibət dəyişməlidir. Nəzərə alın ki, əgər SSRİ dağılmasaydı birinci bizi güllələyəckdilər. Heç Mütəllibov da bu sənədə imza atmayacaqdı. İndi heç bizi yada salan, istiqlalçı deputatların zəhmətini qeyd edən yoxdur. Guya müstəqillik göydən düşdü və biz də onu qəbul etdik. Xoşagəlməz hallar var. Hesab edirəm ki, Azərbaycanda olan sağlam qüvvələr, o cümlədən hakimiyyətdə olan millətini sevən insanlar belə xoşagəlməz halların aradan qalxmasına çalışacaq.

Rəsul Quliyev iddia edib ki, Azərbaycan məcburiyyətdən müstəqilliyini elan etdi, Azərbaycanın bu müstəqilliyin qazanmasında Azərbaycanın rolu az olub…

– Rəsul Quliyev savadlı adamdır, siyasətdən başı çıxır. Ancaq bəzən ona yaraşmayan səhvlər edir, səhv fikirlər də deyir. Bu da, məndə təəssüf hissi yaradır. Rəsul Quliyev bilməlidir ki, Azərbaycan xalqı müstəqilliyə nail olmaq üçün fədakarlıq edib, mübarizə aparıb. Və bu yolda şəhidlər verib. Rəsul Quliyevin yadına 20 yanvar şəhidlərini yada salıram. Bunlar nə üçün şəhid oldu? İnsanlar əliyalın sovet ordusunun qabağını kəsməyə, vətəni müdafiə etməyə çalışdılar və qurban getdilər. Bunları nəzərə almaq lazımdır. 7 martda heç kim bilmirdi ki, SSRİ dağılacaq və ya əksinə güclənəcək. Ancaq buna baxmayaraq 43 deputat özündə güc taparaq SSRİ-nin saxlanılmasına qarşı çıxış etdi. Müstəqillik mexaniki yaranmayıb. Bunun üçün mübarizə paran insanlar olub. Rəsul Quliyev 7 martda SSRİ-nin saxlanılması haqda referendumda bitərəf qalmışdı. Çox yaxşı haldır ki, heç olmasa lehinə səs verməmişdi. Çünki həmin vaxt bunlar vəzifədə işləyirdi. Həmin vaxt referenduma qarşı çıxanlar əsl qəhrəmanlıq göstərdilər.

Hazırda dövlət səviyyəsində bu tədbirlərinin daha tam-təraqlı keçirilməsinə, sizin deputat təqaüdü almanıza və bu tarixlə bağlı müsbət addımların atılmasına kim mane olur?

– Açıq deyim. Azərbaycanda istər mühüm dövlət orqanlarında, istərsə də Milli Məclisdə Rusiya kəşfiyyatına bağlı olan adamlar var. Bunlar Moskvadan direktivlər alır və buna uyğun hərəkət edirlər. Rusiya prezidenti Putin də deyirdi ki, SSRİ dağılmasında iştirak edən adamlar cinayətkardır. Məhz bu mövqedən çıxış edən beşinci kalonun təmsilçiləri bizə qarşı sərt davranırlar, bizi düşmən gözündə görürlər. Amma mənim dediyim odur ki, Azərbaycanda məmurlar, deputatlar içərisində millətini sevən, müstəqil dövlətçiliyə sadiq insanlar var. Bu adamların səyi, millətin iradəsi, mütərəqqi insanların köməyi ilə bəzi işləri həll etməliyik. Yəni Müstəqillik Günü qeyri iş günü olmalı, dövlət səviyyəsində yüksək səviyyəsində qeyd edilməlidir. Bu zaman dünya da bizə daha çox hörmət edər. Yuxarı da dediyim kimi vaxtı ilə bu gündə bizim ölkəni, dövlət başçısını ABŞ prezidenti təbrik edirdi, indi səfirlik bəyanat verir.

Ancaq bu həqiqətdir ki, bizdə müstəqilliklə bağlı qərarın verilməsi digər müttəfiq respublikalarla müqayisədə gec oldu…

– Bəli. Prezidentdə müstəqillik günü ilə bağlı keçirdiyi qəbulda dedi ki, biz 13-cü ölkəyik və müstəqilliyin əldə edilməsi bir qədər yubanıb. Bəli, doğrudur yubandı. Amma bunu yubadanlar kim idi? Müstəqillik Günü ilə bağlı tədbirə dəvət edilən insanların əksəriyyəti məhz bu günün yubanmasının baiskarıdır. Onlar SSRİ-nin saxlanmasının lehinə səs veriblər, müstəqilliyin əleyhinə mübarizə aparıblar, istiqlal uğrunda mübarizə aparanlara təzyiq edənlər. İndi də bu günlə bağlı ziyafətə dəvət olunan onlardır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button