Dünya

Putinin sevimli sərkərdəsi təzyiq altındadır

Rusiya dövlət mediasının “çalağanları” Rusiya qəhrəmanı general Surovikini Xersonu tərk etmək qərarının düzgün olduğunu sübut etməyə çağırırlar

Rusiyanın aparıcı mürtəceləri Moskvanın Ukraynanın Xerson şəhərindən çıxması qərarını dəstəkləyiblər.

Reuters yazır ki, buna baxmayaraq bu qərarın arxasında duran general elə həmin mürtəcelərin təzyiqi altındadır.

Rusiya mediasının ən sərt sərkərdə kimi təqdim etdiyi “General Armageddon” ləqəbli Sergey Surovikin noyabrın 9-da bəyan etmişdi ki, Rusiya qoşunları Dnepr çayının sağ sahilini və Xerson şəhərini tərk etmək məcburiyyətindədir.

Çeçenistan və Suriya müharibələrinin veteranı, 56 yaşlı Surovikin israr edirdi ki, Xersonun təslim edilməsi Moskvaya hərbi texnikanı qoruyub saxlamaq və ABŞ-ın təxminlərinə görə sayı 30 mindən çox olan qoşunları cəbhənin başqa yerlərində qruplaşdırmaq imkanı verəcək.

O vaxtdan bəri Xersondan çıxarılan Rusiya qüvvələri şərq cəbhəsinə gətirilib. Hazırda orada çox qızğın döyüşlər gedir.

Marqarita Simonyanın duaları

Bu arada isə Rusiya dövlət mediasının “çalağanları” Rusiya qəhrəmanı general Surovikini Xersonu tərk etmək qərarının düzgün olduğunu sübut etməyə çağırırlar.

RT telekanalının baş redaktoru və müharibənin ən qızğın tərəfdarlarından biri – Marqarita Simonyan ötən proqramlarından birində Surovikinə müraciətlə deyib:

“Biz sizdən parlaq nəticələr gözləyir və sizin üçün hər gün dualar edirik”.

Reuters yazır ki, Simonyan tənqidçilərini “cəfəngiyyat” danışmaqda ittiham edən “dazbaş generalın” geri çəkilmək qərarından məyus olduğunu da gizlətmir.

Teleqram kanalında yarım milyon izləyicisi olan bloger Vladlen Tatarski isə Ukrayna prezidenti Volodomir Zelenskinin azad edilmiş Xersona səfərindən qəzəblidir. O sual edir ki, Moskva niyə Zelenskini öldürməyib:

“Biz nəyin naminə qanımızı tökürük? Necə olur ki, Zelenski arxayınca Xersona gəlir? Çox rəmzi olardı ki, Geran (İran dronlarının Rusiyada işlədilən adı-red) onun axmaq başına enəydi, amma bu baş vermədi. Niyə? Ya biz tammiqyaslı müharibə aparmalıyıq, ya da heç nəyin köməyi olmayacaq”.

Qızı ötən avqustda Moskva ətrafında avtomobil partalyışında həlak olmuş millətçi Aleksandr Dugin bu ölümü “Ukraynanın dövlət sui-qəsdi” adlandırır.

O da qəzəblidir ki, Surovikin Xersonu təslim edib.

“Yoldaş ordu generalı!”

Rusiya hökumət rəsmiləri və “müharibə çalağanları” ümid edirlər ki, Xerson geri qaytarılacaq, amma indiki vəziyyətdə bunun tezliklə baş verəcəyini düşünmək çətindir.

Buna baxmayaraq Rusiya qüvvələrinin işi şərq cəbhəsində də asan getmir.

Əksinə Kyev bəyan edir ki, daha çox əraziləri işğaldan azad etmək əzmindədir.

Bir çoxları Surovikini Ukraynanın enerji infrastrukturunun bombardmanını davam etdirməyə çağırırlar.

Kreml bildirir ki, bu, Ukraynanı danışıqlar masasına qaytarmaq məqsədi güdür.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button