2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

«Qara bazar» ləğv olunacaq, dollar qıtlığı aradan qalxacaq

Ekspertlər Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat ayırılmasını «məcburiyyətdən doğan addım» sayırlar
Hökumət pul ehtiyatlarını makroiqtisadi sabitliyə qurban verməyi qərara alıb
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri 8 mlrd. 370 mln. 589,8 min manat, xərcləri isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edilib.   Beləliklə, ARDNF-nin gələn il üzrə büdcəsi 6,1 mlrd. manatlıq kəsirlə təsdiqlənib.  Fərmanı şərh edən ekspertlər bildirirlər ki, Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir.
Natiq Cəfərli: “Hökumət dolların 2 manatı keçməsini istəmir”
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına şərhində deyib ki, bu, doğru addımdır. Onun sözlərinə görə, Mərkəzi Bank üçün vəsaitin ayrılması bir müddət maliyyə bazarında sabitliyin yaranmasına xidmət edəcək.
“Əslində, hökumət və Mərkəzi Bank tərəfindən çox məhdud sayda addımlar atıla bilərdi. Çünki əldə olan alətlərin sayı və institutları çox məhduddur. Son 9 ayda valyuta bazarında yeganə oyunçu olaraq Neft Fondu qalmışdı. Mərkəzi Bank ümumiyyətlə valyuta bazarından çəkilmişdi, ancaq texniki dəstək göstərir, əməliyyatların həyata keçirilməsində iştirak edirdi. Ən azından ikinci bir oyunçunun olmaması valyuta bazarında ajiotaja səbəb oldu. Necə ki, son iki ayda bunu daha ciddi şəkildə gördük: valyuta satışı azaldı, valyutaya çıxış imkanları məhdudlaşdı. Bu da ölkədə daha ciddi fəsadlar yaratdı. Çünki valyutaya çıxış imkanının olmaması “qara bazar”ın yaranmasına səbəb oldu. Bu da heç yaxşı hal deyil. Hər hansı ölkədə “qara bazar”ın olması o ölkədə bank-maliyyə problemlərinin olmasının göstəricilərindəndir. Bu addımın atılması ən azı onu deməyə əsas verir ki, Mərkəzi Bankı valyuta bazarında oyunçuya çevirməyi düşünürlər. Yəni iki oyunçunun olmasını istəyirlər ki, valyuta bazarında müəyyən sabitlik yaransın. Görünən odur ki, hökumət də Mərkəzi Bank da manatın sürətlə dəyərdən düşməsini istəmir. Onsuz da ağır vəziyyətdə olan bu bank-maliyyə sisteminin daha ağır zərbə ala biləcəyini, valyuta bazarında tələbin yüksək olduğunu nəzərə alaraq təklifi də artırmağı düşünürlər. Yəni dolların məzənnəsinin növbəti psixoloji hədd olan 2 manatı keçməsini istəmirlər. Ona görə də, bu, bir müddət maliyyə bazarında sabitliyin yaranmasına xidmət edəcək addımdır”.
 “Qara bazar”a ehtiyac qalmayacaq”
Natiq Cəfərlinin sözlətinə görə, baxmayaraq ki, bu, Neft Fondunun ehtiyatlarının azalmasına səbəb olacaq, sadəcə başqa yol qalmamışdı. “Çünki valyutaya çıxış imkanlarının və valyuta dövriyyəsinin məhdudlaşması daha ciddi fəsadlara, ölkəni qıtlığa aparıb çıxara bilərdi. Bu haqda dəflərlə çıxışlarımızda, müsahibələrdə demişdik. Ona görə də valyuta çəkisinin artırılması bazarda müəyyən sabitlik yaranacaq. Ən azından, yaxın aylarda manatın kəskin dəyərdən düşmə ehtimalını aradan qaldıracaq. Manat dollara qarşı indiki rəsmi məzənnə – 1.80 ətrafında sabitləşməsi ehtimalı var”.
Ekspert əlavə edir ki, əgər banklar valyuta satışlarını həyata keçirməyə başlasalar, “qara bazar” sıradan çıxacaq. “Çünki “qara bazar”ın yaranmasına səbəb bankların sollar satışından imtina etmələri idi. Əgər belə bir iri həcmdə valyuta yenidən hərraclara çıxarılaraq banklara verilsə, təbii ki, banklar da yenidən valyuta satışını həyata keçirməyə başlayacaqlar. Bu halda, “qara bazar”a ehtiyac qalmayacaq”.
Natiq Cəfəli hesab edir ki, valyuta satışında olan 4 faizlik marja da yaxın vaxtlarda aradan qaldırılacaq. “Çünki bu, banklara bazar qaydaları ilə hərəkət etməyə daha rahat imkan yaradacaq. Marja aradan qalxsa, bu gün “qara bazar”da olan məzənnə  banklarda olan alış-satış məzənnəsi ilə eyniləşəcək”.
Əkrəm Həsənov: “Manatın devalvasiyası qaçılmazdır” 
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da bildirir ki, Mərkəzi Bank üçün vəsait ayrılması milli valyutanın məzənəsinin qorunması üçün yaxşı addımdır. “Aydın məsələdir ki, Mərkəzi Bank aldığı vəsaiti milli valyitanın sabilyinin qorunmasına yönəldəcək. Bu il manatla bağlı çox ağır gözləntilər var idi, hətta milli valyitanın dollara nisbətdə 3 manat olacağı gözlənilirdi. Artıq belə ağır ssenariləri görməyəcəyik. Düzdür, manatın devalvasiyası qaçılmazdır və onsuz da addım-addım dəyərdən düşəcək. Amma elə də ciddi və kəskin devalvasiya olmayacaq”.
Hüquqşünas bildirir ki, fərmanda müəyyən məqamlar var ki, qeyri-müəyyənlik yaradır. “Fərmanda vəsait dollarla deyil, manatla göstərilib. Həmçinin vəsaitin 2017-ci il ərzində ayrılacağı nəzərdə tutulub. Əgər vəsait bu gün manatla ayrılırsa, bu, başqa məzənnədir. Amma manat devalvasiyaya uğradıqdan sonra, tutaq ki, dollar 2 manatı keçəndən sonra manatla ayrılmış həmin məbləğ dollar nisbətində az olacaq. Buna görə də bu hissədə müəyyən qeyri-müəyyənlik var. Əgər fərmanda “filan qədər dollar ekvivalentində vəsait” yazılsaydı daha aydın olardı. Amma indiki halda ola bilər ki Neft Fondu həmin vəsaiti Mərkəzi Banka ilin sonunda – manat xeyli dəyərdən sonra ayırsın. Ona görə də ayrılacaq vəsaitin dollar nisbətində hansı məbləğ olduğu tam aydın deyil. Amma vəsaitin ayrılması istənilən halda sakitləşdiricidir. Həm banklar, həm sahibkarlar, həm də əhali üçün yaxşıdır ki, çox kəskin devalvasiya olmayacaq”.
“Mərkəzi Bankın elan etdiyi məzənnə həqiqi deyil, formaldır”
Əkrəm Həsənov bildirir ki, ayrılan vəsait “qara bazar”a olan tələbatı da aradan qaldıracaq. “İstər valyuta, istərsə də digər sahənin “qara bazar”ı o halda formalaşır ki, dövlət həmin bazarın leqal fəaliyyətinə əngəl törədir. Bu əngəl yoxdursa, “qara bazar” mövcud olmur. Bizdə 15 ilə yaxın idi ki, valyutanın “qara bazar”ı yox idi. Ona görə ki, banklar Mərkəzi Bankın elan etdiyi kursla lazım olan qədər dollar alırdılar. Son bir ildə isə banklar Mərkəzi Bankdan kifayət qədər valyuta ala bilmirlər. Bu da banklar üçün siqnalıdr ki, deməli, Mərkəzi Bankın elan etdiyi məzənnə həqiqi deyil, formaldır. Formal olmasaydı, dollar satardılar. Vəsait az olduğuna görə də avtomatik “qara bazar” formalaşır. Yenidən banklar dollar satmağa başlayanda, buna ehtiyac qalmayacaq”.
“Hər dəfə belə yüksək məbləğlər Mərkəzi Banka veriləcəksə, Neft Fonduna nə ehtiyac var?”
Əkrəm Həsənov əlavə edir ki, burada başqa bir sual da çıxır. “Bilirik ki, Neft Fondu vəsaiti Azərbaycanın neftdən gələn gəlirlərinin daha çox gələcək nəsillərə saxlanması üçündür. Əgər hər dəfə belə yüksək məbləğlər Mərkəzi Banka veriləcəksə, o zaman Neft Fonduna nə ehtiyac var? Bir sıra neft ölkələri var ki, onlarda Neft Fondu kimi ayrıca fond yoxdur və ölkənin bütün valyuta ehtiyatlarını Mərkəzi Bank idarə edir. 2000-ci ilin sonunadək – Neft Fondu yarananadək bizdə də neft gəlirləri Mərkəzi Bankda saxlanılırdı və idarə edilirdi. Sonradan neft gəirləri artdığı üçün Neft Fondu yaradıldı. İndi Neft  Fondu bu pulu Mərkəzi Banka verəcəksə, bu quruma nə ehtiyac var? Ayrıca binası, işçi ştatı da artıq xərcdir. Nəzərə alsaq ki, Mərkəzi Bankın banklara nəzarət səlahiyyəti alınısa da, işçilərinin sayı elə də ciddi azalmayıb, ofisi də əvvəlki kimi qalır. Yəni Mərkəzi Bankdan daha səmərəli istifadə etmək olar və Neft Fonduna ehtiyac qalmaz. Çünki Mərkəzi Bankın da valyuta ehtiyatları var və həmin vəsaitləri idarə edir. Yəni Mərkəzi Bankın bu sahədə səriştəsi, təcrübəsi, kadrları da var. Hər dəfə Neft Fondu pul köçürəcəksə, valyuta saxlanılmasını və idarə edilməsini özü həyata keçirə bilər və bununla da dövlət xərclərini azalda bilər”.
 
Rövşən Ağayev: “Mərkəzi Bank sabitləşməni hədəfə alıb”
İqtisadçı ekspert Rövşən Ağayev də bildirir ki, qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir.
“Belə görünür ki, hökumət manatın indki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir. Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var – fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa. Şübhəsiz ki, strateji – ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan bu addımın fəsadları olacaq. Üstəlik hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və vaxt itirmədən start verəcək.
Əks halda biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illər bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır”.
Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? İqtisadçı bildirir ki, manatın bundan sonrakı ucuzlaşması istər ev təsərrüfatlarına, istərsə də biznes sektoruna təhdidlər yaradır . “Bu baxımdan Mərkəzi Bank vasitəsilə valyuta dəstək mexanizmi hazırda formalşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button