Loading...
Loading...
24 saat

Qartala daş atan qarğa”

Əbil Həsənov

Qarğaların adətidir qartallara paxıllıq etmək. Əlbəttə, onlar da istəyərlər zirvələrdə olmağı, yüksəklərdə uçmağı. Amma, bütün bu istəklər, cəhdlər faydasızdır. Çünki, qarğa qarğadır, qartal isə qartal. Bir gün yenə qarğa qartalın yüksəkdən uçduğunu görüb ,ora uçmağa cəhd etdi. Çox əlləşsə də cəhdləri yenə də faydasız oldu. Əlacsız qalan qarğa qartala daş atmağa başladı, lakin atdığı daşlar qartala çatmadı, əvəzində isə öz başına düşdü. Məqsədim heç də sizi qarğanın qartalla “mübarizə”si ilə tanış etmək deyil. Məni düşündürən məsələ başqadır.

Son zamanlar mətbuatda, sosial mediada, bir sözlə az qala hər yerdə AXCP sədri Əli Kərimli haqqında gedən yazıları gördükdən sonra səssiz qala bilməyəcəyimi başa düşdüm. Təbii ki, tənqid hər zaman lazmdır və hər kəs müəyyən çərçivələrdə tənqid edilə bilər. Lakin tənqid təhqirə keçirsə işin rəngi dəyişir və burada məqsədin başqa olduğu aydın görünür. Mən Əli Kərimlini 1989-cu ildən tanıyıram. Mənim tanıdığım Əli Kərimli həmişə öz cəsarəti ilə digərlərindən seçilirdi. O, elə indi də elədir. Aradan ötən illər onun cəsarətini, dönməzliyini , mübarizə əzmini bir az da artırıb. Yəqin ki, Əli Kərimli parlamentdə təmsil olunduğu vaxtlarda iqtidarın yarıtmaz siyasətinə qarşı etdiyi sərt çıxışlar çoxlarının yadındadır. Məşhur “Lissabon” sammitindən sonra bir zamanlar müəllimi olmuş, parlamentin o zamankı sədri Murtuz Ələsgərova keçdiyi “dərs”i də kiminsə unudacağına inanmıram. Əli Kərimli üçün xalqın mənafeyi hər zaman şəxsi mövqedən üstün olub. 2003-cü ildə keçirilmiş prezident seçkilərində Milli Birlik naminə namizədliyini Etibar Məmmədovun xeyrinə geri götürməsi də bu bir daha təsdiq edir. Təsadüfi deyildir ki, son zamanlar iqtidarın apardığı yarıtmaz siyasətə qarşı da ən sərt çıxışlar, tənqidlər məhz Əli Kərimlidən və onun sədri olduğu AXCP-dən gəlir. Təbii ki, bu mövcud rejimi narahat etməyə bilməz. Elə buna görədir ki, Əli Kərimli az qala ölkədə baş verən neqativ halların günahkarı kimi təqdim edilir, mətbuatda, televiziyalarda əleyhinə yazılar gedir, təhqir olunur, evinin qarşısında etiraz aksiyaları keçirilir, bunlar azmış kimi xaricə işləməkdə, erməni dəyirmanına su tökməkdə və s. bu kimi onlarla məsələlərdə ittiham olunur. Maraqlısı burasındadır ki, onu ermənilərlə əlbir olmaqda ittiham edənlər elə erməni deputatları Bakıya dəvət edənlər, onlarla müxtəlif səviyyələrdə əməkdaşlıq edənlərdir. Maraqlısı və bir o qədər də təəccüblüsü odur ki, Əli bəyi ittiham edənlər arasında keçmiş silahdaşları, onunla eyni sırada mübarizə aparanlar da az deyil.

İqtidarın “Parçala hökm elə” prinsipi ilə müxtəlif vədlərlə, deputat mandatı ilə, sinələrinə rus medalı taxmaqla, biznesmen etməklə, bəzilərinin ağzına “Jalə” suyu tökməklə, digərlərini isə Xəlil Rza Ulutürkün təbirincə desək “boşqab dibi yalamağa” məcbur etməklə, siyasi olaraq “axtalamaq”la Əli bəyin yanından uzaqlaşdırdığı adamlar görünür keçmiş liderlərindən heç nə öyrənə bilməyiblər. Yoxsa, bu təkliflərin on, yüz qatının Əli Kərimliyə də təklif edildiyini bilərdilər.

Sözümün sonunda üzümü “qarğalar”a tutub demək istəyirəm ki, qartallara daş atmağa tələsməyin. Axı, atdığınız daşlar onsuz da sonda öz başınıza düşür. Unutmamaq lazımdır ki, qartalın yeri dağın zirvəsi, qarğanın yeri isə dərənin dibidir.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button