Dünya

Rusiya Ukraynada niyə geri çəkilir?

Rusiya qoşunları İzyum, Kupyansk və Liman şəhərlərindən nizamsız şəkildə və kiçik qruplarla meşələrə çəkilir

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) bildirir ki, Rusiya ordusunun elit birləşmələri Ukrayna qüvvələrinin Xerson, Xarkov və Luhansk vilayətlərindəki əks-hücumunun qarşısını ala bilmir.

Rusiya qoşunları İzyum, Kupyansk və Liman şəhərlərindən nizamsız şəkildə və kiçik qruplarla meşələrə çəkilir.

ISW təhlilçiləri qeyd edirlər ki, prezident Vladimir Putin cəbhədəki uğursuzluqların təqsirini hərbi rəhbərliyin üstünə yükləməyə çalışır.

Ekspertlərin fikrincə ordu rəhbərliyində aparılan təmizləmə kampaniyası da bundan xəbər verir.

Bu yaxınlarda Rusiya Qərb hərbi dairəsinin komandanı Aleksandr Juravlyovun yerinə general-leytenant Berdnikov təyin edilib.

ISW bildirir ki, Putin qısa müddət ərzində Qərb hərbi dairəsinin komandanlığını bir neçə dəfə dəyişib.

Hərbi ekspert Roman Svitan əmindir ki, Rusiya qoşunlarını cənub və Donbas cəbhələrində bundan sonra da uğursuzluqlar gözləyir.

O CurrentTime telekanalına Rusiya silahlı qüvvələrinin səhvlərindən və Ukrayna qüvvələrinin bu səhvlərdən necə faydalanmasından danışıb.

Müharibə riyaziyyatdır

Ekspert “nə üçün hələ ötən yayda irəliləməkdə olan Rusiya silahlı qüvvələri hazırda cəbhə xəttindən qaçır” sualına belə cavab verib:

“Müharibə riyaziyyatdır. Min kilometrlik cəbhə xəttini saxlamaq üçün azı bir milyon silahlı əsgər lazımdır. Amma cəbhə xəttində bundan on dəfə az qüvvə olduğundan Ukraynanın daha üstün və daha hazırlıqlı qüvvələrinin istənilən təzyiqi cəbhənin yarılması ilə nəticələnir. Bəzən bir neçə müdafiə xətti birdən birə pozulur. Belə olduqda Ukrayna qoşunları onlarla kilometr irəliləyə bilir”.

Ekspert deyir ki, Rusiyanın sadəcə olaraq canlı qüvvəsi çatışmır və Moskva bu əməliyyata başlayarkən səhvlərə yol verib.

Svitanın fikrincə, Rusiyada bu müharibəyə başlayanda onun belə böyük miqyaslı ola biləcəyini düşünməmişdilər.

Rusiyaya indi 10 dəfə artıq qüvvə lazımdır

Bununla belə Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, qismən səfərbərlik elan edildikdən sonra Luhansk vilayətindəki cəbhə xəttinə yeni qüvvələr göndərilir. Bəs bu, vəziyyəti dəyişəcəkmi?

Ekspert düşünür ki, cəbhə xəttinə yeni, amma hazırlıqsız qüvvənin göndərilməsi heç nəyi həll etməyəcək, çünki hazırda Ukrayna qoşunları daha peşəkar və daha hazırlıqlıdır:

“Cəbhə xəttini saxlaya bilmək üçün onlara bundan 10 dəfə artıq peşəkar canlı qüvvə və texnika lazımdır. Söhbət ötən əsrin texnikasından yox, 21-ci əsrin hərbi texnikasından gedir”.

Ekpsertin fikrincə Ukraynanın geri aldığı Kupyansk, İzyum, indi isə Liman şəhərləri çox mühüm logistika mərkəzləridir.

Svitan bildirir ki, bunların arasında ən əsası Kupansk idi və Ukrayna əks-hücumunun oxu məhz bura yönəlmişdi. Kupyanskın itirilməsindən sonra Rusiya qoşunlarına silah-sursat, texnika və ərzağın gətirilməsi dayandırılıb.

Gözdən qaçırmayın:  Ukrayna döyüş zonasında daha çox irəli getdiyini deyir

Ukrayna Kupyanskla kifayətlənməyərək Oskol çayı üzərinə yeriyib. Hazırda sol sahilin təmizlənməsi əməliyyatı aparılır, Svatova üzərinə hücuma hazırlıq gedir.

24 saat” “
Rusiya Ukraynada niyə geri çəkilir?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button