Loading...
Loading...
Xəbərlər

Səkkiz siyasi partiya media haqqında qanun layihəsinə yenidən baxılmasına çağırıb

Bakı/23.12.21  Azərbaycanın doqquz siyasi partiyası prezident İlham Əliyevə və parlamentin spikeri Sahibə Qafarovaya müraciət edərək media haqqında yeni qanuna yenidən baxılması məqsədilə onun qəbulunun dayandırılmasına çağırıblar.

Petisiya müəllifləri qeyd edirlər ki, qanun layihəsi yayım platformalarının və operatorların fəaliyyətinin lisenziyalaşdırılması yoluyla İnternet televiziyasına nəzarətin tətbiqi da daxil olmaqla, bir sıra mürtəce müddəalara malikdir.

Sənəd media işçilərinin peşə və yaradıcılıq fəaliyyətini tənzimləyir ki, bu da onların hakimiyyətdən asılılığını gücləndirir.

Bundan əlavə, sənəd urnalistika ilə  kimlərin  məşğul ola biləcəyini müəyyənləşdirir, jurnalistlərin reyestrini yaradır, jurnalist vəsiqəsinin vahid formasını tətbiq edir.

Ümumilikdə, qanun layihəsi jurnalistikanı özünütənzimləmə mexanizmlərindən məhrum edir və bütün səlahiyyətləri icra hakimiyyətinin əlində cəmləşdirir.

Qanun layihəsində jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması ilə ifadə azadlığı, xüsusilə media azadlığı daraldılır.

Qanun layihəsinə siyasi partiyaların informasiya siyasətini, mediaya çıxışını  məhdudlaşdıran  müddəalar da daxil edilib.  Belə ki, qanunun 26.3-cü maddəsi   siyasi partiyaların  (çap mediası istisna olmaqla)  media subyektinin təsisçisi (iştirakçısı) olmasına məhdudiyyət qoyur.

“Qanun layihəsinin qəbul olunması  Azərbaycan Respublikası Konstitutsiyasının və milli qanunvericilyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin  tələblərinin pozulmasına, söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq”, – müraciət müəllifləri hesab edirlər.

Onlar dövlət başçısını və parlamentin spikerini qanun layihəsinin parlamentdə qəbulu prosesinin dayandırılması üçün lazımi addımlar atmağa, təklif və iradlar nəzərə alınmaqla, sənədin geniş ictimai müzakirəyə çıxarılmasına və təkmilləşdirilməsinə çağırırlar.

Sənədi Yüksəliş, Vətəndaş  və İnkişaf, Vahid Azərbaycan Milli Birlik , Milliyyətçi Demokrat, Azərbaycan Demokratiya və Rifah, Azərbaycan Xalq, Azad Demokratlar, Haqq və Ədalət, Demokratik Dəyişim partiyalarının rəhbərləri imzalayıblar.—06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button