2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şamil Ayrım: “Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq istəyən qüvvələr az deyil” – MÜSAHİBƏ

“Azərbaycanla Türkiyənin yüksək səviyyəli əlaqələri təhsil, qeydiyyat və iş icazəsində də özünü büruzə verəcək”

Saytların yığılması Saytlarin yigilmasi

“Xüsusilə Avropada Türkiyə ilə Azərbaycanın birgə fəaliyyətini daha da möhkəmləndirməliyik”

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım “Report”un Ankara bürosuna müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycana son səfəriniz zamanı bildirdiniz ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu heyətinə üzv olmaq istəyən çox sayda millət vəkili var. Yeni heyəti müəyyənləşdirmisinizmi?

– Azərbaycana səfərimiz birgünlük oldu. Doğrudur, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna daxil olmaq istəyən 400-dən çox millət vəkili var. Dostluq Qrupumuzun İdarə heyətinə hər dönəm 10 millət vəkili daxil edilir: beşi AK Partidən, ikisi CHP-dən, biri MHP-dən, biri İYİ Partidən, biri də digərlərindən. Qrupun sədri olduğum üçün hər dəfə 5 deputatı mən müəyyənləşdirirəm. Hazırda müzakirə ərəfəsindəyik. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün 2020-ci ildə həyata keçirilən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə liderləri arasında olan həmrəylik, müttəfiqlik, sarsılmaz səmimiyyət parlamentlərimizlə yanaşı, nazirliklərimizə, rəsmi münasibətlərə, iş adamları ilə əlaqələrimizə, turizmə də çox müsbət təsir göstərib.

– Şamil bəy, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Hazırda Türkiyə-Azərbaycan səmimiyyəti Avropa ölkələrində də özünü büruzə verir. Müttəfiqlik əlaqələri səfirliklərimiz arasında da var. Biz Avropa Şurası Parlament Assambleyasının iclaslarında da həmrəyliyimizi nümayiş etdiririk. Mən Avropaya getdiyim zaman Türkiyə səfirliyi ilə bərabər Azərbaycan səfirliyinə də baş çəkirəm, bərabər müzakirələr aparırıq, fəaliyyətlərimizdən bəhs edirik. Avqust ayında Berlinə səfərim olacaq, mütləq hər iki səfirliyə də gedəcəyəm. Ümummilli Liderimiz, mərhum Heydər Əliyevin bizə vəsiyyəti var: “Azərbaycanla Türkiyənin birgə heç bir fəaliyyəti olmasa belə, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirin”.

Avropadakı türk diasporu illərlə erməni lobbisinin hücumlarına məruz qalıb. İndi vəziyyət çox fərqlidir. Milli günlərdə, bayramlarda, necə deyərlər, xeyirdə-şərdə Azərbaycan və Türkiyə hər zaman bir yerdə olur. Gənclərimiz də orada həmrəylik şəraitində iş qururlar, dövlət dairələrində çalışırlar, həkim, mühəndis, elm adamlarımız, siyasi dairələrdə fəaliyyətdə olanlarımız var. Gələcəkdə bu tendensiyanın daha da artacağına əminəm. Amma, təəssüf ki, Avropada xristian təəssübkeşliyi çoxdur, türk və müsəlmanlara qarşı düşmənçilik hələ də mövcuddur. Xüsusilə, Fransa parlamenti birmənalı şəkildə bizim əleyhimizə işləyir.

Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq istəyən qüvvələr az deyil. Ona görə də biz xüsusilə Avropada Ankara və Bakının birgə fəaliyyətini daha da möhkəmləndirməliyik. Bu məsələdə diasporlarımızın da üzərinə çox böyük iş düşür. Qarabağ zəfərindən sonrakı vəziyyəti aydın şəkildə izah eləməliyik. Zülmə qarşı haqq, ədalət qalib gəlib. Bunu bütün dünyaya car çəkməliyik. Azərbaycanla Türkiyə arasında olan bu həmrəylik Avropada səfirlikləri olan digər türk dövlətlərinə də müsbət təsirini göstərməkdədir. Bu mənada, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində həmrəyliyi daha da gücləndirməliyik. Qarabağ zəfərinin müsbət tərəflərindən biri də budur ki, türk dövlətlərində ciddi bir oyanış var. Məsələn, Özbəkistanda bu istiqamətdə çox böyük irəliləyiş müşahidə edirik. Türkmənistanın da öz qapalılığından çıxacağını düşünürəm, hərəkətlənmə var.

Yeri gəlmişkən, bu dönəm TDT-nin parlamentlərarası dostluq qruplarının birgə qurultayını da keçirməyi nəzərdə tutmuşuq. Bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də müzakirələr aparmışıq. Sahibə xanım da dedi ki, ölkə rəhbərliyini bu barədə məlumatlandıracaq. Güman ki, ilk qurultay Azərbaycanda keçiriləcək. Şuşaya son səfərimizdə Binəli Yıldırım bir fikir bildirdi. Dedi ki, türk dövlətləri təşkilatına daxil olan dövlətlərin ümumi ticarət dövriyyəsi 850 milyard dollardır, amma biz bunun təxminən 50 milyard dollarını istifadə edirik. Halbuki, biz ümumi ticarət dövriyyəsini bütövlükdə türk dünyasında tətbiq edə bilərik. Ona görə də türk dünyasında yerli və milli ticarəti artırmalıyıq. Azərbaycan bundan sonra “İHA” (pilotsuz uçuş aparatları – PUA, red.), “SİHA” (silahlı PUA – red.) istehsal edəcək. Belə bir müqavilə imzalandı. Çünki Qarabağda qazanılan qələbədən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bildirdilər ki, Azərbaycanın zənginliyi Türkiyənin zənginliyidir və ya əksinə. Biz bu müttəfiqlik əlaqələrini bütün türk dünyasına şamil edə bilərik.

– Bütün bunlarla yanaşı, nəticədə Azərbaycanla Türkiyə iki ayrı dövlətdir. Yüksək səviyyəli əlaqələrimizin təhsil, tibb və digər sahələrdə özünü büruzə verməsi üçün hansı addımların atılması mümkündür?

– Bu mövzudan bəhs edəcəkdim. Siz məni qabaqladınız. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu olaraq biz bu dönəm Türkiyədə yaşayan azərbaycanlıların 3 istiqamətdə problemlərinin həlli ilə bağlı fəaliyyət göstərəcəyik. Söhbət 2015-ci ildən əvvəl gələn və Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlılara uzunmüddətli qeydiyyat vəsiqəsinin verilməsi, Türkiyədə təhsil alan tələbələrin vəziyyəti, Türkiyəyə iş üçün gələn azərbaycanlılara iş icazəsinin verilməsindən gedir.

1990-cı illərdən etibarən xüsusilə Naxçıvandan gələnlər var ki, onlar əsasən İstanbulda məskunlaşıblar və sənədsiz yaşadıqları üçün bir çox problemlərlə üz-üzə qalırlar. Bununla bağlı keçmiş daxili işlər naziri Süleyman Soylu ilə görüşüm də oldu. Şəxsi təşəbbüsümlə 2015-ci ilə qədər Türkiyədə yaşayan bəzi azərbaycanlılara uzunmüddətli qeydiyyat vəsiqəsi verildi. Azərbaycandan gələn tələbələrin təhsil haqlarının digər əcnəbi tələbələrlə eyni olmaması məsələsinə də toxunacağıq. Giresun Universitetində tibb təhsili alan azərbaycanlı tələbə Türkiyəyə gəlib təhsilini davam etdirə bilmirdi. Çünki quru sərhədlər açılmayıb, təyyarə bileti də çox bahadır. Tibb təhsili də əyani olmalıdır. Həmin gənc çıxılmaz durumda qalmışdı. Yaxud, diplomunun təsdiqini YÖK-ə (Ali Təhsil Şurası – red.) təqdim edən azərbaycanlılar üçün bu proses bəzən çox çəkir. Bundan başqa, Azərbaycandan gələn həkimlər, mühəndislər və iş adamları iş icazəsi ilə bağlı çətinliklər yaşayırlar. Türksoylu, bacarıqlı bir həkim burada niyə Türkiyə vətəndaşı olan həkimdən az maaş almalıdır? Belə olmaz. Yaxud səhhəti ilə bağlı gələn azərbaycanlı xəstələrin hamısı türksoylu sənədi təqdim edə bilmədikləri üçün müalicələri çox baha başa gəlir. Təbii ki, Türkiyədə yaşamaq haqqını itirən, cinayət işləyən, cəzalı olan hər kəs soyundan, milliyyətindən asılı olmayaraq deportasiya edilir. Amma yanlış olaraq deportasiya edilənlər də var. Əgər bu mövzularda sizin də rastlaşdığınız məsələlər varsa, bunlar haqqında bizə məlumat verə bilərsiniz. Ümumiyyətlə, bütün platformalarda azərbaycanlıların problemlərini səsləndirirəm. Doğrudur, millət vəkili olaraq bizim yalnız tövsiyə vermək və təklif etmək səlahiyyətimiz var. Amma oturub müzakirə edib bunların həllinə çalışacağıq. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədridir. O, mənə dedi ki, sentyabrda Azərbaycana səfər planlaşdırılıb. Səfərimiz zamanı da bu məsələlərə toxunacağıq.

– Bildiyimizə görə, parlamentdəki iş otağınızda da Azərbaycan guşəsi açmısınız…

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button