Loading...
Loading...
Dünya

Severodonetskdə küçə döyüşləri, Xersonda əks-hücum

Severodonetsk meri Oleksandr Stryuk iyunun 9-da deyib ki, 10 min sakin hələ də şəhərdə ilişib qalıb. Bu, şəhərin müharibədən əvvəlki əhalisinin 10 faizidir

Ukrayna tərəfinin iyunun 9-da verdiyi məlumata görə Ukrayna qüvvələri Donbasdakı Severodonetsk şəhərinin küçələrində gedən döyüşlərdə irəliləməyə çalışır, lakin Rusiyanın güclü atəşini dəf etmək və döyüşün gedişatını dəyişmək üçün onların daha çox artilleriyaya ehtiyacı var.

Reuters agentliyi Ukrayna Müdafiə Nazirliyinə istinadən yazır ki, Ukrayna qüvvələri Xerson vilayətində əks-hücuma keçərək yeni platsdarma çıxıb.

Rusiya Ukraynaya hücumunun ilk günlərində Xerson vilayətinin böyük bir hissəsini ələ keçirib.

Eyni zamanda ölkənin şərqindəki Severodonetsk şəhəri uğrunda döyüşlər müharibənin ən qanlı səhnəsinə çevrilib.

Rusiya bütün qüvvəsini bura atıb”

Müşahidəçilər bildirirlər ki, Rusiya özünün əsas müdaxilə qüvvəsini bu istiqamətdə cəmləşdirib və hər iki tərəf ağır itkilər verir.

Severodonetsk və Severski Donets çayının qarşı sahilindəki Lisiçansk Luqansk vilayətində Rusiyanın ələ keçirmək istədiyi son ərazilərdir.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksi Danilov iyunun 9-da Reuters agentliyinə deyib ki, Rusiya qoşunları bütün hərbi qüdrətlərini bu əraziyə yönəldib:

“Onların öz adamlarına heyfi gəlmir, elə bir ucdan qırğına yeni qurbanlar göndərirlər. Onlar bizim hərbçilərimizi gecə-gündüz top atəşinə tuturlar”.

“Bizə mövqelərimizi saxlamaq əmri verilib…”

Ukraynanın Svoboda Milli Qvardiya Batalyonunun komandanı Petro Kusıkın dediyinə görə, ukraynalılar rusları küçə döyüşlərinə çəkirlər ki, Rusiyanın artilleriya üstünlüyünü heçə endirsinlər:

“Dünənki gün bizim üçün uğurlu olub. Biz əks-hücuma keçmişik və bir neçə yerdə onların qüvvələrini bir və ya iki məhəllə geri oturtmuşuq. Dünən (iyunun 8-də) işğalçılar ciddi itkilər veriblər. Əgər hər gün belə olsa, bu döyüş tezliklə başa çatacaq”.

Lakin komandan eyni zamanda vurğulayıb ki, onun qüvvələri Rusiya tərəfinin atəşlərinə cavab vermək üçün artilleriya vasitələrinin yoxluğundan “fəlakətli” zərər çəkirlər.

Onun sözlərinə görə əlavə artilleriya qüvvələri döyüş meydanındakı vəziyyəti kökündən dəyişə bilrədi:

“Lakin hətta bütün bunlar olmadan da biz yaxşı duruş gətiririk. Bizə mövqelərimizi saxlamaq əmri verilib və biz bu mövqeləri saxlayırıq. Bir bilsəydiniz bizim cərrahlarımız lazımi avadanlıq olmadan əsgərlərimizin həyatını xilas etmək üçün nələr edirlər”.

Doğma yurdu atıb getməyənlər

Severodonetsk meri Oleksandr Stryuk iyunun 9-da deyib ki, 10 min sakin hələ də şəhərdə ilişib qalıb. Bu, şəhərin müharibədən əvvəlki əhalisinin 10 faizidir.

Rusiya qüvvələri Severdonetskin qərbində şimaldan və cənubdan hücuma keçərək Ukrayna qüvvələrini mühasirəyə salmağa cəhdlər edirlər.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button