2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Tərtər işi”ndə adı çəkilən yüksək ranqlı məmurlar istintaqa cəlb olunmasa, bu cinayət açılmayacaq”

* * *

Sual: Ərəstun bəy, “Tərtər işi”-nin istintaqı ilə bağlı yeni gəlişmələr var. Bəzi proseslərdə birinci qərarlar ləğv edilib. Yeni həbslər başlayıb. Bu proseslər sizdə bu işin istintaqı ilə bağlı hansı qənaəti yaradır?

Cavab: İstintaqın gedişatının görünən və görünməyən tərəfləri var ki, sizin qeyd etdikləriniz müsbət dinamika olmaqla onun görünən tərəfinə aiddir. Burada zəruri olan işlərin bir hissəsinin görüldüyünü müşahidə edirik, amma məsələ bununla bitmir, çünki istintaqın görünməyən tərəflərinin əlamətləri də var. Belə təəssürat yaranır ki, sanki cinayətin təşkilində və icrasında fəal iştirak etmiş prokurorluq, xüsusilə də hərbi prokurorluq orqanlarının və müdafiə nazirliyinin rəsmiləri məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar. Bu, isə istintaqa təsirsiz ötüşməyə bilər. Amma ümid etmək istəyirəm ki, əsas xəttdən yayınmaq mümkün olmayacaq, çünki Tərtər cinayətini törədənlərin cəzasız qalması dövlət institutlarına olan-qalan inamı da dağıdıb, ölkədə, cəmiyyətdə əlavə gərginlik yarada bilər. Bu isə  Azərbaycan reallığında heç kəsə bağışlana bilməyəcək qədər ciddi siyasi məsələdir.  

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Demək olarmı ki, bundan sonra bu proses şəffaf və obyektiv aparılacaq? 

Cavab: Xeyr, mənim bunu demək üçün heç bir əsasım yoxdur. Prosesə o zaman şəffaf demək olardı ki, ona ictimai nəzarət olsun və ya cəmiyyət onun gedişatı barədə mütəmadi olaraq məlumatlandırılsın. Hələlik bunların heç biri yoxdur. Əl altından nəsə imitasiyalar edirlər, amma bunu şəffaf adlandırmaq yanlış olardı. İstintaqın obyektivliyinə gəlincə, bunu nəinki söyləmək, heç istək olduğu halda təmin etmək də asan deyil. Bunun da əsas səbəbləri ölkədəki hüquqi şərait, ictimai-siyasi reallıq və bir sıra digər amillərdir.  Həmin amillərdən biri və bəlkə də ən başlıcası istintaqa təsir edə bilən amillərin hələ də aradan qaldırılmamasıdır. Başqa sözlərlə desək, nə qədər ki, cinayəti törədən şəxslərdən xeylisi yüksək dövlət postlarında qalmaqdadır obyektiv istintaqdan danışmağa belə dəyməz.   

Sual: Əgər proses şəffaf və obyektiv araşdırılsa, çoxmu insanın həbsi gözlənilir? Bu prosesdə adı çəkilən iri ranqlı məmurlar da istintaqa cəlb oluna bilərmi?

Cavab: İstintaq necə deyərlər, qanunun nöqtə-vergülünədək əməl olunmaqla aparılarsa, cəzalandırılmalı olanların sayı mənim hesablamalarıma görə azı 250-350 nəfərə çata bilər. Bu da hələ ən təvazökar dəyərləndirmədir. Çox təəssüf ki, Tərtər qətliamını törətmiş çətə var gücü ilə maksimum sayda insanı öz çirkin əməlinə qatmağa və cinayətinin şərikinə çevirməyə müvəffəq olub. Bunun isə səbəbi yenə də ölkədə qanunun aliliyinin olmaması və ümumiyyətlə hüquqi təfəkkürün zəifliyidir. Cinayətdə sıravi icraçı rolunu oynayanların arasında belələri də olub ki, onlar işgəncə vermək istəməyiblər, amma bunun sanki əmr olduğunu qəbul edərək həmin qəddar əməlləri törədiblər. Halbuki, Azərbaycan qanunvericiliyi deyir ki, heç kim cinayətkar əmri yerinə yetirməyə məcbur edilə bilməz. Baxmayaraq ki, motivindən və səbəbindən asılı olmayaraq işgəncənin cinayət olduğunu hamı bilir, anlayır. Prosesdə adı çəkilən yüksək ranqlı məmurların istintaqa cəlb edilməsinə gəlincə, mən düşünürəm ki, bu olmayacaqsa deməli, Tərtər cinayəti yenə də açılmamış qalacaq. Cinayətin əsas təşkilatçıları məhz elə onlardır. Odur ki, bu, mütləq olmalıdır. Nəhayət, bu, həm də ölkədə qanunun aliliyinin təmin olunması baxımından zəruridir. 

Sual: Son günlər Nəcməddin Sadıkovun keçmişdəki səhvləri ilə bağlı mediada yazılar gedir. Ola bilərmi Nəcməddin Sadıqovun həbsinə hazırlıq gedir?

Cavab: Nəcməddin Sadıkov Tərtər qətliamının hazırlanaraq həyata keçirilməsində aparıcı rol oynamış əsas 2 fiqurdan biridir. Digəri isə hərbi prokuror Xanlar Vəliyevdir. Tərtərə ədalət yalnız o halda təmin oluna bilər ki, istər onlar, istərsə də bir sıra digər vəzifəli şəxslər layiqli cəzasını alsın. Əks halda cinayət açılmamış hesab olunacaq və onunla bağlı müzakirələr Azərbaycan gündəmini çalxalamaqda davam edəcək. Sadıkovun adının son günlər mediada intensiv hallanmasına gəlincə deməliyəm ki, bu, müsbət haldır və cəmiyyətdə daha çox insanın keçmiş Baş Qərargah rəisinin cinayətkar əməlləri haqda məlumatlı olmasının göstəricisidir. Sadıkovun həbsinə hazırlıq gedirmi ya yox, bunu deyə bilmərəm, amma bir şeyi dəqiq deyə bilərəm ki, o, mütləq həbs olunmalıdır. Özü də təkcə onun Tərtər qətliamının əsas təşkilatçılarından biri olmasına görə yox,  həm də ona görə ki, Sadıkovun çətəsi bu gün də ölkənin bel sütunu olan Müdafiə Nazirliyində sözün həqiqi mənasında at oynatmaqda davam edir. Buna isə mütləq son qoyulmalıdır, yoxsa Azərbaycan dövləti üçün təhlükə mənbəyi olan həmin çətədən hər cür sürprizlər gözləməyə məhkum olacağıq.  

Sual: Tərtər cinayətinin obyektiv, şəffaf aparılması, günahkarların kimiliyindən asılı olmayaraq hamısının cəzasını alması üçün hansı addımlar atılmalıdır?

Cavab: İlk növbədə istintaqa rəhbərlik edənlər iradə ortaya qoymalıdır. İstintaqın gedişinə tənqidi yanaşsam da, bu günədək görülmüş işlərə qətiyyən kölgə salmaq niyyətim yoxdur. Əksinə, istintaqa dəstək verməyi vətəndaş və ictimai-siyasi xadim olaraq özümə borc bilirəm. Bir şərtlə ki, o, həqiqətən obyektiv və hərtərəfli aparılsın. Bunu da təəssüflə qeyd etməliyəm ki, günahkarların kimliyindən asılı olmayaraq hamısının layiqli cəzasını alması üçün istintaq qrupunun və hətta Baş Prokurorluğun istəyi, səyləri yetərli deyil. Bunun üçün siyası qərarlar da olmalıdır, əks təqdirdə yüksək dövlət vəzifələri tutmaqda davam edən cinayət iştirakçılarını cəzalandırmaq mümkün olmaya bilər. Hüquqi dövlət olmamağın fəsadlarından biri də budur. Qanunun aliliyi təmin olunan hüquqi dövlətdə siyasi qərarlara ehtiyac olmur, hüquq-mühafizə orqanları siyasi konyunkturaya əhəmiyyət verməyərək öz vəzifə borcunu yerinə yetirir. Bizdə isə belə deyil. Fikrimcə, atılmalı olan ilk addımlardan biri də şərlənərək uzun müddətlərə məhkum olunmuş hərbçilərin təxirə salınmadan azad edilməsidir. Bunun necə, hansı mexanizmlərlə həyata keçirilməsinə hüquq-mühafizə orqanları qərar verə bilərlər, amma məntiq deyir ki, bir hadisəyə görə 4-5 ildən sonra təkrar istintaq təyin olunubsa deməli, vaxtilə onun istintaqı düzgün aparılmayıb.

24 saat” ““Tərtər işi”ndə adı çəkilən yüksək ranqlı məmurlar istintaqa cəlb olunmasa, bu cinayət açılmayacaq”” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button