2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

“Təcrübəsiz adam”ın müşavirindən “fantastik süjet” –Yeni sanksiyalar

Prezident Ruhani və digər rəsmilərin iştirakı ilə İran istehsalı olan “Saman-1” adlı orbital transfer sistemi, “Nahid” adlı rabitə peyki və “Payami Əmir Kəbir” adlı qəbuledici peykin təqdimatı nədənsə gözdən qaçdı. Amma ballistik raket sınaqları dərhal dörd gözlə göründü.

“Die Welt” qəzeti alman kəşfiyyatına istinadla İran İnqilabı Keşikçiləri Korpusunun (“Sepah-e pasdaran”) keçirdiyi sınaqda orta mənzilli (3 min km) “Sumar” ballistik raketinin nüvə başlığı daşıya biləcəyini vurğulayıb.

“Reuters”in son məlumatında görə, ABŞ Maliyyə Nazirliyi artıq İranın 13 fiziki və 12 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etmək barədə qərar qəbul edib. Tehran da əks-sanksiyalarla cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

Belə olacağı gözlənilirdi də. Vəlid Fares son “twitt”lərindən birində yazmışdı: “Flinnin ayətullahlara mesajı: “Pulsuz gediş bitdi”.

Donald Trampın Yaxın Şərq üzrə köməkçisi və yeri gəlmişkən, 1986-cı ildə nəşr olunmuş “İran İslam İnqilabı” kitabının müəllifindən – Vəlid Faresdən əvvəl Ağ Evdəki bossu “Twitter”də təhdid mesajı yazmışdı. O, İranın çökmə ərəfəsində Barak Obama rejimindən 150 milyard dollar alaraq fəlakətin astanasından dönməsinə dair barədə idi. Sonda da bu “twit”i atdı: “İran odla oynayır”.

Söz arası, “5+1” sazişinə əsasən, İrana ümumən 750 milyard dollar ödənməlidir.

“Qorxulu Tehran”da elə də ürkək durum yoxdur. Köhnə diplomat və strateq Əli Əkbər Vilayəti bu söz atəşfəşanlığında Ağ Evin sahibinə “təcrübəsiz adam” yamağı vurdu və İranın əvvəllər də bu növ siyasətçilərlə üzləşdiyini bildirdi. Müdafiə naziri Hüseyn Dehqan isə İranın öz müdafiə proqramlarının inkişaf etdirməsində kimsədən icazə almayacaqlarına dair digər rəsmilərin səsləndirdiyi bəyanatı təkrarladı. Üstəlik, “uğurla həyata keçirilmiş ballistik raket sınağının nüvə sazişi və BMT-nin qərarı 2231 nömrəli qətnaməsinə zidd deyil”, – dedi.

İran mediası Vəlid Faresin son açıqlamasına diqqət çəkdirir: “Biz yenidən İranı çəkindirmə siyasətinə qayıtmışıq”.

Ağ Ev sahibinin Yaxın Şərq siyasətini müəyyən edən şəxsdən başqa rəy gözləməyə dəyərdimi?

Donald Trampın Yaxın Şərq üzrə müşaviri hələ ötənilki seçki kampaniyası dönəmində Misirin “Youm 7” nəşrinə bildirmişdi: “Tramp İsrailin güclü müttəfiqi olacaq”.

V.Fares akademik dairələrdə geniş tanınır və “Fox News”da şərhçiliyi ilə sağ-mühafizəkar auditoriyada özünə xeyli pərəstişkar toplayıb. Ərəb-xristian mənşəli hazırkı müşaviri yeni administrasiyada “aparıcı ideoloq” adlandırırlar. Amma Livandakı vətəndaş müharibəsi zamanı maroni-xristian könüllü milis dəstəsində döyüşmüş V.Faresə “hərbi cinayətkar” deyə xitab edənlər də az deyil. “Washington Post” Trampın müşavirinin “qaranlıq keçmişi”nə 2016-cı ildə gur işıq salıb. ABŞ-dakı ərəb intellektuallardan ibarət Ərəb Amerika-İslam Əlaqələri Şurası (CAIR) onu ifrat islamofob hesab edir.

2012-ci ilin seçki kampaniyasında V.Faresin prezidentliyə namizəd Mitt Romninin xarici siyasət üzrə müşaviri olacağı xəbəri çıxmışdı. Respublikaçı namizədin bu qərarı kəskin etirazla qarşılanmışdı: “Vəlid Fares bütün həyatını radikal islamçılarla bağlı fantastik süjetlərdən xəbərdar etməyə həsr etmiş ideoloqdur”, – CAIR-in o zamankı rəyi belə olmuşdu.

Maraqlıdır ki, hələ o dönəmdə politoloq-şərhçinin fəal müdafiəçilərindən biri Trampın prezident kampaniyasının başçısı Stiv Bennonun “Breitbart News” internet resursu idi.

Hazırda mühafizəkar İran mediasında V.Faresin adına və rəylərinə tez-tez rast gəlinir. Elə ərəb KİV-ləri də D.Trampın Yaxın Şərq üzrə müşavirinə cürbəcür sifətlərlə “tumar çəkirlər”. Təkcə İslam ölkələri deyil, ABŞ-dakı müxtəlif lobbiçi şuralar və qeyri-hökumət qurumları Ağ Ev sahibinin ətrafındakı şəxslərin milli və dini mənsubiyyətinə vurğuyla onları Yaxın Şərq və ümumən İslam ölkələrinə qərəzli mövqedə ittiham edirlər. “Jerusalem Post”a istinadla Tramp administrasiyasında yer almış yəhudi bürokratların siyahısının (Cared Kuşner, Deyvid Fridman, Ceyson Qrinblatt, Stiven Mnuçin, Stiphen Miller, Qeri Kon, Boris Epştayn, Deyvid Şulkin, Rid Kordiş, Avrahm Berkovitz) dərci də buna əyani bir nümunədir.

Bir sözlə, ABŞ-ın yeni administrasiyası hələ də Şərqin sarı simi tutmaqda çətinlik çəkir. Hərçənd Rusiya addım-addım bunun öhdəsindən gəlməyə başlayır və bölgədə mövqeyini getdikcə gücləndirir. Buna əyani misallardan biri ballistik raket sınaqları işığında, İran peykləri kimi, daha bir hadisənin nəzərdən qaçmasıdır: Tehranda keçirilən “İran-Rusiya: 515 illik tarixi əlaqələr” mövzusunda konfrans…

Ruslar düz deyir: “Şərq incə məsələdir”.

 

Əziz Rzazadə

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button