2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.  

Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib. 

İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona “müqavimətçi dəstə” yaratmasını tapşırıblar. Bu dəstə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə  hakimiyyətin ələ keçirilməsi, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması istiqamətində fəaliyyət göstərəckmiş (yenə də istintaq orqanının qənaətidir). Arif Cümşüdov bu tapşırıqlara əsasən, dini radikalizmi təbliğ edən tanışları Tərzan Qaraşovu, Sənan Məmmədovu, Xəqani Məmmədovu və İqbal Axundovu bu işə cəlb edib. Yaşadığı evdə vaxtaşırı gizli yığıncaqlar təşkil edib, Rufulla Axundzadəylə Bəxtiyar Bayramovun tapşırıqlarını onlara çatdırıb. Əsas faəliyyət dini mərasimlərə toplaşan və inanclı olan adamları cəlb etməklə çevrəni genişləndirmək olub. 

Saytların yığılması Saytlarin yigilmasi

İstintaqın qənaətinə görə, Rufulla Axundzadə Anar İsayevi də əməkdaşlığa cəlb edərək ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. O, yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edib, təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Hazırda müttəhimlər kürsüsünü bölüşən şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. 

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərdən birinin vəkilinin məhkəmədə iştirak etmədiyi məlum olub. Hakim Şəlalə Həsənova bildirib ki, bundan əvvəlki məhkəmə iclasında vəkillərin vəsatətinə əsasən təqsirləndirilən şəxslərin tibbi müayinədən keçirilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına sorğu ilə müraciət olunub: “Təcridxanadan verilən cavaba əsasən, təqsirləndirilən şəxslərin bu il yanvar ayında müayinələrdən keçirilib, onlardan qan analizi götürülüb və məhkəmə təqsirləndirilən şəxslərin vəziyyətini diqqətdə saxlayır”.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəmə prosesində iştirak etmədiyi üçün prosesin keçirilməsi mümkün deyil.
Bu səbəbdən növbəti proses martın 5-ə təyin edilib.

Bundan əvvəlki məhkəmələrdə…  

Şahid qismində Zaur Kərimov dindirilib. Bildirib ki, Tərtər rayon sakinidir, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Zaur Kazımovun sözlərinə görə, təqsirləndirilən Sənan Məmmədov onun bacanağıdır: “Digər təqsirləndirilən şəxslərdən Xəqani Məmmədov, İqbal Axundov və Anar İsayevi də Tərtər sakinləri kimi tanıyıram. Digər təqsirləndirilənləri tanımıram. Bu hadisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışam, orada məndən ifadə alıblar. Orada məndən soruşdular ki, İqbal Axundovla nə münasibətim var? Mən də ifadəmdə qeyd elədim ki, Bəxtiyar Bayramovla bağlı münasibətlərimiz yaranmışdı. Bəxtiyar sosial şəbəkədə status yazmışdı.

Mən də buna etiraz etmişdim. Buna görə mübahisələrimiz olmuşdu. Məni sosial şəbəkədə dostluqdan çıxarmışdı. Mən də bununla bağlı İqballa əlaqə saxladım, Bəxtiyarın yanlış yolda olduğunu, mübahisələrimiz yarandığını dedim. İqbal da bizi barışdırmağa çalışdı”. 

“Yazmışdı ki, Azərbaycan qan gölünə dönəcək” 

Dövlət ittihamçısının Bəxtiyar Bayramovun sosial şəbəkədə hansı mövzuda status yazması, hansı səbəbdən onların mübahisələrinin yaranması barədə verdiyi sualları belə cavablandırıb: “44 günlük Vətən müharibəsindən sonra Bəxtiyar Bayramov sosial şəbəkədə yazmışdı ki, Azərbaycana İŞİD üzvlərini gətiriblər, Ermənistanla müharibəyə başlayacaqlar, Azərbaycan qan gölünə çevriləcək, Türkiyə də yanımızda olmayacaq. Mən bu statusa bir vətəndaş kimi etiraz etdim. Bununla bağlı sosial şəbəkə üzərindən mübahisələrimiz yarandı. Mən onu kəskin tənqid etdim. Ona dəstək verənlər də oldu. Mən də İqbalı dini baxışlı bir şəxs kimi tanıyırdım. Ona zəng etdim, Bəxtiyarın hərəkətləri barədə danışdım. İqbal da bizi barışdırmaq mövqeyində oldu. Çünki mən həmin yazılan statusa etiraz edəndən sonra təhdid olundum”.

İqbal Axundov şahidin düz danışdığını deyib: “Zaur özü mənə zəng etmişdi. Mən də onları barışdırmaq istəmişəm. Zaurla Bəxtiyarın arasında nə olub, onu mən dəqiq bilməmişəm. Demişəm ki, hamımız Tərtər sakinləriyik, mehriban olaq”.

Şahid Zaur Kazımov deyib ki, Bəxtiyar Bayramovla universitetdə bir yerdə təhsil alıblar: “O vaxt bizim heç birimiz ibadətlə məşğul olmurduq. Sonradan mən də, Bəxtiyar da ibadətlə məşğul olmağa başladıq. Bəxtiyarın hazırda İranda olduğunu deyirlər. Deyilənə görə, dini təhsil alır”.

Suallara cavab verən şahid deyib ki, Sənan Məmmədovla qohum kimi münasibətləri yaxşı olub: “Amma onunla dini müstəvidə söhbətlərimiz olmayıb. Çünki o, fərqli fikirdə olub. Mən də onunla bu mövzuda danışmamışam”.

Şahid bildirib ki, təqsirləndirilən Arif Cümşüdov tərəfindən təhdid olunmasını bilməyib.

Daha sonra Zaur Kazımovun ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında ziddiyyətlər olduğu aşkarlanıb. Bu səbəbdən vəkillər onun istintaqa verdiyi ifadəsini elan edilməsini istəyiblər.

Hakim şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə açıqlayıb. Həmin ifadədən məlum olur ki, qohumu Sənan Məmmədovla münasibəti yaxşı olmayıb. Sənan Məmmədovu anti-Azərbaycan mövqeyində olduğu üçün daim tənqid edib. Həmin ifadəyə görə, Sənan Məmmədovu, İqbal Axundovu, Bəxtiyar Bayramovu İran meylli şəxslər kimi tanıyıb. Həmçinin Bəxtiyar Bayramovun statusuna etiraz edəndən sonra Arif Cümşüdov tərəfindən açıq-aşkar təhdid olunduğunu deyib.

Şahid Zaur Kazımov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, orada yazılanlar düzgündür: “Mən məscidə getmirdim. Mənə deyirdilər ki, niyə məscidə gəlmirsən? Buna görə mənimlə mübahisələr yaranırdı. Arif adlı şəxsi isə şəxsən tanımamışam. Onun ad-soyadını bilmişəm. Ona görə də Arif Cümşüdov adlı şəxs tərəfindən təhdid olduğumu demişəm. Amma onun kim olduğunu bilməmişəm”.

Şahid deyib ki, təqsirləndirilən şəxslərin İran meylli olduqlarını bildirməyib.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Tural Yusifov ifadə verib. Bildirib ki, idarədə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxslərdən Tərzan Qaraşov və Anar İsayevin tutulmaları ilə bağlı əməliyyatlarda iştirak edib.

Tural Yusifovun sözlərinə görə, Anar İsayevin tutulması üçün əməliyyat qurulub və o, Hövsan qəbristanlığının yanında saxlanılıb. Həmin vaxt Anar İsayevin üzərindən narkotik vasitə aşkar olunub. Evində aparılan axtarış zamanı isə dini təbliğatı təşkil edən kitablar aşkarlanıb və götürülüb.

Anar İsayev şahidin yalan danışdığını deyib: “Necə ola bilər ki, əlində Quran kitabını gəzdirən adamın üzərindən narkotik olsun? Ağ yalandır. Mənə sözlə təzyiq ediblər”.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button